Məhkəmə qərarları › İş №3(094)-53/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-53/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-53/2023 18.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Tərtər rayonu Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Pirallahı rayon İcra şöbəsindən daxil olmuş materiala baxaraq m ü ə y y ə n e t d i: Pirallahı rayon İcra şöbəsinin Böyük icra məmuru Oqtay İsayev tərəfindən tərtib edilmiş 18 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 156/2022 saylı, 09 avqust 2022-ci il tarixli icra sənədində nəzərdə tutulan aliment tələbini icra etməmişdir. Məhkəmə iclasında Pirallahı rayon İcra Şöbəsinin böyük icra məmuru Oqtay İsayev göstərdi ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-156/2022 saylı, 09 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən 29 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 mart 2022-ci il tarixdən başlayaraq Şəxs hər ay 200 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs bu günə 2970 manat ödənilməmiş aliment borcu var. Müəyyən olunmuşdur ki, Şəxs mülkiyyətində Tərtər rayonunda yerləşən torpaq sahəsi var. İcra sənədi İcra Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Lakin borclu bu günə kimi tələbkara olan borcunu tam ödəməmişdir. Həmin hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin icrasından heç bir üzrlü səbəb olmadan qəsdən boyun qaçırmışdır. Qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu günə kimi bir dəfə cəmi 230 manat məbəlğində aliment ödəyib, hazırda onun bu günə 2970 manat ödənilməmiş aliment borcu var. Ona görə də borclu tərəfindən borcun tam ödənilməsinin təmin edilməsinə köməklik göstərilməsini, əks təqdirdə, borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, işəmədiyi üçün aliment borcunu ödəyə bilməmiş, hazırda yeni işə düzəlib və alimentin aylıq maaşından çıxılmasına etiraz etmir, həmçinin onun mülkiyyətində torpaq sahəsi olmasından xəbəri olmayıb. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-156/2022 saylı, 09 avqust 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 29 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 mart 2022-ci il tarixdən başlayaraq Şəxs hər ay 200 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində tələbkara olan borcunu tam ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən və İXM-in 30, 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 18 iyul 2023-cü il tarixdə saat 17:05-dən hesablansın. Qərarın icrası Pirallahı rayon Polis şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Pirallahı Payon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar