Məhkəmə qərarları › İş №3(094)-63/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-63/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-63/2023 31.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Qurbanov Nurlan Hicran oğlunun iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişləri X7 və X4 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 19 sentyabr 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Şəxs MMC ünvan 1 ünvanında təsərrüfat subyekti üzrə sürətli poçt xidməti ilə lisenziya əlavəsi olmadan fəaliyyət göstərir. Fəaliyyət dönəmində 222,90 manat gəlir əldə etmişdir. Qeyd edilənlənlərlə əlaqədar olaraq Şəxs MMC-nin qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Qurbanov Nurlan Hicran oğlu məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilmədi. Məhkəməyə bildirdi ki, Şəxs MMC poçt daşımalarını həyata keçirir. Bu fəaliyyət məşğul olmaları üçün lisenziyaları var.Lakin Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində yerləşən obyekt onlara məxsus deyil, baxmayaraq ki, həmin obyektdə onların reklamı vurulub. Onlar ümumiyyətlə Pirallahı rayonunda fəaliyyət göstərmirlər. Qeyd edilən ünvanda fəaliyyət göstərən X3r, həmin şəxslə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 69 nömrəli müqaviləyə əsasən Elnur kuryerlik xidmətini həyata keçirir. O özü ilk dəfədir Pirallahı rayonuna gəlir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında 69 nömrəli müqavilənin surətindən görünür ki, icraçı olan X1 Şəxs MMC-nin müəyyən etdiyi qaydada kuryer və anbarlama xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Şəxs MMC-yə məxsus Expargo lisenziya tələb olunduğu halda belə lisenziya əlavəsi olmadan sürətli poçt xidməti fəaliyyəti ilə məşğul olduğu faktı aşkar edilmişdir. İşdə olan Şəxs MMC-nin direktoru Qurbanov Nurlan Hicran oğlu tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Şəxs MMC-yə məxsus “Expargo” reklam daşıyıcısı ilə xx.xx.2023-cü il tarixdən fəaliyyət göstərən və Şəxs MMC üçün xidməti müqavilə əsasında anbarlama və kuryer xidməti göstərən X5 istifadəsində olan obyekt üzrə lisenziya əlavəsinin alınması mümkün olmamışdır. Bu cür fəaliyyətin qanunamüvafiq olduğunu nəzərə alaraq həmin obyekt üzrə lisenziya əlavəsinin alınmasına lüzum olmadığını düşünmüşlər. ...yekun olaraq bu dövrdə həmin kuryer təhvil məntəqəsi 222,90 manat şərti gəlir əldə etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, bu göndərişin həcmi çox kiçik olduğu üçün kuryer tərəfindən hələ ki, heç bir qaimə vurulmamış və Şəxs MMC də kuryerə ödəniş etməmişdir. Bu tipli kuryer təhvil məntəqələrindən Şəxs MMC heç bir gəlir əldə etmir. Yeganə məqsədləri müştərilərinin istəkləri əsasında şəbəkələrinin genişlənməsi və daha əlçatan olmasıdır. Məntəqələr marketinq xarakterlidir. Təhvil məntəqəsindən əldə olunan gəlir VÖEN ilə xidmət göstərən kuryerin payına düşür. Lakin yuxarıda qeyd olunduğu kimi, bu göndərişin həcmi çox kiçik olduğu üçün kuryer tərəfindən hələ ki, heç bir qaimə vurulmamış və Şəxs MMC də kuryerə ödəniş etməmişdir. Qaimə vurulduqda xidmət haqqı ödənişi olacaqdır. İş materiallarına “Expargo” online sifarişlərin çatdırılma xidmətinin fəaliyyət göstərdiyi ünvanın fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən “Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Qeyd: Bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411, 411-1, 412, 413, 415 ,428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq məhkəmə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cərimənin məbləği inzibati xəta nəticəsində əldə edilmiş gəlirin, yəni 222,90 manat pulun iki misli olmaqla, 445,8 manat miqdarında müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 445,8 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar