Məhkəmə qərarları › İş №3(094)-74/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-74/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-74/2025 12.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv olunması və barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar verilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, o, X4, xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsindən rəsmi qaydada azad olunmuşdur. Bu tarixdən etibarən "xxxx" MMC ilə hər hansı əmək münasibəti və rəhbərlik səlahiyyəti olmamışdır. Lakin, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru kimi inzibati məsuliyyət müəyyən edilərək xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla inzibati tənbeh tətbiq olunmuşdur. Həmin qərarın surəti ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd etdiyi kimi, həmin tarixdə (xx.xx.2025) o, artıq "xxxx" MMC-də heç bir vəzifə daşımamışdır və hüquqi baxımdan bu cəmiyyətin vəzifəli şəxsi statusuna malik olmamışdır. Bu səbəbdən də barəsində qəbul olunmuş inzibati qərar əsassız və hüquqa ziddir. Məsul şəxsin müəyyən olunmasında hüquqi status və faktiki vəzifə səlahiyyətləri əsas götürülməlidir. O isə xx.xx.2024 tarixindən etibarən bu səlahiyyətlərdən tamamilə kənar olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayəti müdafiə edərək göstərdi ki, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru kimi inzibati məsuliyyət müəyyən edilərək xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla inzibati tənbeh tətbiq olunmuşdur. Həmin qərarın surəti ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə o, artıq "xxxx" MMC-də heç bir vəzifə daşımamışdır. Belə ki, xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsindən rəsmi qaydada azad olunmuşdur. Bu tarixdən etibarən "xxxx" MMC ilə hər hansı əmək münasibəti və rəhbərlik səlahiyyəti olmamışdır. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 3-17-5/2-46758/2025 saylı məlumatdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən “SPARK" MMC-nin direktoru Vidadi Vəliyevə “icrası məcburi göstəriş” göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” 289/24 nömrəli ƏMR-dən və Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mək müqaviləsi bildirişindən görünür ki:

1. "xxxx" MMC-də Direktor vəzifəsində çalışan X3 01 Noyabr 2024-cü il tarixdən AR Əmək Məcəllisinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir.

2. İşçiyə “44.74” təqvim günü müddətinə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru kimi inzibati məsuliyyət müəyyən edilərək xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. X2, xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsindən rəsmi qaydada azad olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” 289/24 nömrəli ƏMRlə onun 01 Noyabr 2024-cü il tarixdən AR Əmək Məcəllisinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin xahişi ilə) onun əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixinə T.Məmmədli artıq "xxxx" MMC-də heç bir vəzifə daşımamış və hüquqi baxımdan bu cəmiyyətin vəzifəli şəxsi statusuna malik olmamışdır. Bundan başqa, işçi T.Abdullayevin xx.xx.2025-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparılması və bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə İXM-nin 539.1-1-ci maddəsi ilə müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanacağı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən “SPARK" MMC-nin direktoru Vidadi Vəliyevə “icrası məcburi göstəriş” göndərilsə də xx.xx.2025-ci il tarixdə T.Məmmədli barəsində əsassız olaraq inzibati tənbeh haqqında qərar tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 99, 134, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ

Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar