Məhkəmə qərarları › İş №3(094)-8/2024

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №3(094)-8/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(094)-8/2024 04.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində texniki xidmət üzrə iş icraçısı işləyən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 2 ev 5 mənzil 33 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 198.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Pirallahı rayon prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «BP Eksploreyşn (Kaspian Sİ) Limited» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin texniki xidmət üzrə texniki (iş icraçısı) Şəxs tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi inzibati xətasının törədilməsinə görə İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə inzibati xəta haqqında icraatın başlanması haqqında qərar toplanmış materiallarla birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Pirallahı rayon prokurorluğunun nümayəndəsi X2 bildirdi ki, fiziki şəxs Rəsulov X1 Zahid Nurəddin oğluna düzgün nəzarəti həyata keçirmədiyindən ehtiyatısızlıqdan sonuncunun xx.xx.2023-cü il tarixdə işdə olan zaman sağ əlinin ikinci barmağının işlədiyi “Qərbi Azəri” platformasının qazma sahəsində yerləşən havalandırma sisteminin kəməri ilə şkifi arasında qalaraq sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almasına səbəb olmuş, bununla da İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Odur ki, inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil etiraz edərək bildirdi ki, iş materiallarından təhqiqat aktına əlavə xüsusi rəy mövcuddur. Həmin xüsusi rəydən də görünür ki, Şəxs baş vermiş bədbəxt hadisə ilə bağlı hər hansı bir məsuliyyəti müəyyən edilməmişdir. Məhkəmədən ekspertizası keçirilmiş və müəyyən edilmişdir ki, qayda pozuntusu zərərçəkmiş şəxsin özü tərəfindən edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3056 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.5.24 bəndinin tələbləri pozulmuşdur. Söndürülmüş (elektrik şəbəkəsindən ayrılmış) havalandırma sistemindən təmir-sazlama işi aparılarkən kənar amilin təsirinin aradan qaldırılmaması və kəmərin tam dayandırılmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Əməyin mühafizəsi və təhlikəsizlik texnikası təlimatlandırılmış Zərərçəkmiş şəxs havalandırma sistemində təmir-sazlama işi aparılan zaman, avadanlığın söndürülmüş (elektrik şəbəkəsindən ayrılmış) vəziyyətdə olmasına baxmayaraq, hər hansı kənar amilin təsirindən fırlanan kəmərin hərəkətini tam dayandırmadan işə başladığına və fərdi təhlükəsizliyini qorumadığına görə Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.5.24 bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydalar pozulsun və bu, ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına səbəb olsun. Məhkəmə iclasında işin araşdırılmış hallarından, eləcə də ekspertizanın rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əməyin mühafizəsi və təhlikəsizlik texnikası təlimatlandırılmışdır və o, havalandırma sistemində təmir-sazlama işi aparılan zaman, avadanlığın söndürülmüş (elektrik şəbəkəsindən ayrılmış) vəziyyətdə olmasına baxmayaraq, hər hansı kənar amilin təsirindən fırlanan kəmərin hərəkətini tam dayandırmadan işə başladığına və fərdi təhlükəsizliyini qorumadığına görə Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.5.24 bəndinin tələblərini özü pozmuşdur. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Belə ki, Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi halı mövcud deyildir. Bu inzibati işin məhkəmə iclasında araşdırılmış hallarından da müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar