Məhkəmə qərarları › İş №3-1(092)-1/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-1/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-1/2024 09.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxx 2005-ci ildə Tovuz rayonun Əhmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Tovuz rayonun Əhmədabad kəndində qeydiyyatda olan, hadisə vaxtı N №-li hərbi hissənin 4-cü taborun 14-cü bölüyünün 2-ci taqımında xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 14-cü bölüyünün 2-ci taqımının 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şəxs (hərbi bilet SX № 0762783) həmin taborun 12-ci bölüyünün 2-ci taqımının 1-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edərkən 15 dekabr 2023-cü il tarixdə saat 21:45 radələrində xidmət etdiyi şərti olaraq “43-cü post” adlanan mövqedə yataqxanadan bayıra çıxarkən qapının qarşısında onunla eyni manqada snayper vəzifəsində xidmət etmiş, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ilə üz-üzə gəlmiş, həmin vaxt Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib onun şərəf və ləyaqətini alçaltmış, bundan sonra aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir yumruq vurmaqla ona qarşı zor tətbiq etmişdir. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid MAHHXHQ əsgər Şahid izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 12 dekabr 2023-cü ildə tabor komandiri mayor Namiq Qədimov posta gəldiyini, şəxsi heyətlə söhbət edərkən ona “əsgər məndə hiss yaradırsan ki, özünü digər əsgərlərdən üstün tutmağa çalışırsan, elə hiss edirəm ki, sən burda dedavşina yaratmaq istəyirsən” dediyini, tabor komandirinin onun haqqında niyə elə düşündüyünü bilmədiyini, 15 dekabr 2023-cü il tarixdə saat 21:45 radələrində yataqxanadan bayıra çıxan zaman onunla eyni manqada xidmət edən əsgər Zərərçəkmiş şəxs qapının ağzında dayandığını görmüş, ona “peysər” çəkil keçim demiş, bu söz Zərərçəkmiş şəxs acığına gəldiyi üçün ona “mənə peysər deyirsən, amma o günü tabor komandiri sənin cındırını çıxarmışdı” dediyini, bu sözdən acıqlanıb Zərərçəkmiş şəxs sinəsindən bir yumruq vurduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 15 dekabr 2023-cü il tarixdə saat 21:45 radələrində patrul naryadında olarkən yataqxananın giriş qapısının ağzında durduğunu, əsgər Şəxs isə növbəyə getmək üçün yataqxandan çıxarkən ona nalayiq formada “peysər çəkil keçim” dediyini, Şəxs söyüşlə danışması acığına gəldiyindən ona “mənə peysər deyirsən sənin də o günü kombat cındırıvı çıxartdı” dediyini, bu sözdən sonra Şəxs onun sinəsindən bir yumruq vurduğunu şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasına üzürlü səbəb olmadan gəlməyən şahid MAHHX HQ əsgər Şahid istintaq orqanına vermiş olduğu izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edildi, o, izahatında 15 dekabr 2023-cü il tarixdə, saat 21:45 radələrində növbəyə gedəcək əsgər Şəxs yataqxanadan çıxdığını gördüyünü, o qapıdan çıxan kimi tappıltı səsi eşitdiyini, arxasınca gedib nə baş verdiyini soruşduqda onun qapıdan çıxandan sonra çöldə patrul naryadını aparan əsgər Zərərçəkmiş şəxs “peysər” dediyini və onun sinəsindən bir yumruq vurduğunu göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən əsgər Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Şəxs 4-cü taborun 12-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsindən 4-cü taborun 14-cü bölüyünün 2-ci taqımının 3-cü manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən təqdim olunan arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar