Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-1/2025 07.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X1 Müdafiəçi: X2, Zərərçəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Bakı şəhəri, Nəsimi rayonu İ.Rəhimov küçəsi, 191 B, mənzil 7-də qeydiyyatda duran, N nömrəli hərbi hissənin 1-ci minaatan batareyasının 1-ci taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 07 yanvar 2025-ci il tarixli, 3-3-250/2-000354/2025 nömrəli məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 dekabr 2024-cü il tarixli, 113 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan məlum olur ki, Şəxs (SX № ******* hərbi bilet) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 1-ci minaatan batareyasının 1-ci taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsində, əsgər rütbəsində xidmət edərkən, 04 dekabr 2024-cü il tarixdə, səhər saat 06:30 radələrində yuxudan qalxıb çəkmələrini geyinən zaman onunla eyni batareyada xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ondan çəkmələrini haradan aldığını soruşmuş, Şəxs isə ona kobud cavab verib oradan uzaqlaşmasını dediyinə görə aralarında yaranmış mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs başı ilə Şəxs burun nahiyəsinə bir zərbə vurmuş, Şəxs da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söz deyib onun şərəf və ləyaqətini alçaltmaqla, sinəsindən itələyib sonra sol əli ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan “qançırla müşayiət olunan sağ gözaltı nahiyənin sıyrığı” xəsarətini yetirib zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs 4 dekabr 2024-cü il tarixdə, saat 06:30 radələrində yataqxanada çəkmələrini geyinən zaman əsgər Zərərçəkmiş şəxs onun yanına gəldiyini, ondan çəkmələrini kimdən aldığını soruşduğunu, Zərərçəkmiş şəxs cavab olaraq “sənin nəyinə lazımdır kim verib, burdan uzaqlaş” dediyini, əsgər Zərərçəkmiş şəxs isə ona “sizin son vaxtlar arxanız şişib” dediyini, Zərərçəkmiş şəxs həmin sözünə cavab olaraq onunla mübahisə etməmək üçün “tərxis olacağam, mənə problem yaratma” dediyini, mübahisə zamanı Zərərçəkmiş şəxs onun alnından itələdiyini, onun da Zərərçəkmiş şəxs sinəsindən itələdiyini, Zərərçəkmiş şəxs onu çölə dəvət etsə də, getmədiyini, sonra Zərərçəkmiş şəxs geri qayıtdıqdan sonra onun ünvanına nalayiq söz dediyini, bundan sonra aralarında mübahisə daha da qızışdığını, mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq söz dediyini, həmin sözü dediyinə görə Zərərçəkmiş şəxs başı ilə onun burun nahiyəsinə bir zərbə vurduğunu, cavab olaraq o, da yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir zərbə vurduğunu, bir-birilərini vurmasını kiminsə görmədiyini, sonra Zərərçəkmiş şəxs yumruqla vurduğuna görə onun sağ göz nahiyəsində xəsarət izi yarandığını, sonra onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 04 dekabr 2024-cü il tarixdə, saat 06:30 radələrində şəxsi gigiyena vaxtı əsgər Şəxs stulun üzərində oturub çəkmələrini geyindiyini, onun çəkmələri xoşuna gəldiyinə görə haradan aldığını soruşduğunu, əsgər Şəxs ona “sənin nəyinə lazımdır kim verib, burdan uzaqlaş” dediyini, onun kobud cavab verməsinə əsəbiləşib “sizin axır vaxtlar yaman arxanız şişib” dediyini, Şəxs da ona “buradan uzaqlaş məni zibilə salma” dediyini, həmin sözü deməsinə görə acıqlanıb Şəxs alnından geriyə doğru itələdiyini, əsgər Şəxs da ayağa qalxıb hər iki əli ilə onu sinəsindən geri itələdiyini, Şəxs çölə dəvət edib onun məsələyə aydınlıq gətirmək istədiyini, lakin Şəxs çölə çıxmadığını, geri qayıdıb yataqxanadan əlcəklərini götürüb çölə çıxanda əsgər Şəxs nalayiq söz dediyini, əsgər Şəxs da “mərdiməzarçılıq” etmə deyib ona nalayiq söz deyərək mübahisə etdiyini, həmin vaxt başı ilə Şəxs burnuna bir zərbə vurduğunu, Şəxs da yumruqla onun sağ göz nahiyəsinə bir zərbə vurduğunu, onların bir-birini vurmalarını kimsə görmədiyini, sonra Şəxs yumruqla onu vurduğuna görə onun sağ göz nahiyəsində xəsarət izi yarandığını, Şəxsla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 06 dekabr 2024cü ildə saat 5 radələrində batareya komandiri, baş leytenant Hüseyn Hüzeynzadə əsgər Zərərçəkmiş şəxs sağ göz nahiyəsində xəsarət izinin olduğunu gördüyünü, ondan həmin xəsarətin necə yaranmasını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs əvvəl gözündə olan xəsarətin çarpayıya dəyərək yarandığını desə də, sonradan əsgər Şəxs yumruqla vurub ona xəsarət yetirdiyini dediyini, Şəxs da aralarında olan mübahisə zamanı yumruqla əsgər Zərərçəkmiş şəxs vurduğunu etiraf etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs hərbi hissənin 1-ci minaatan batareyasının 1-ci minaatan taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində, əsgər Zərərçəkmiş şəxs isə 1ci minaatan batareyasının 2-ci minaatan taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edirlər. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edildiyi göstərilmişdir. Məhkəmə-tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli 650 nömrəli ekspert müayinə aktında əsgər Zərərçəkmiş şəxs bədən səthində qançırla müşayiət olunan sağ gözaltı nahiyənin sıyrığı xəsarətinin olduğu, xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Məhkəmə-tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli 651 nömrəli ekspert müayinə aktında əsgər Şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs 04 dekabr 2024-cü il tarixdə, səhər saat 06:30 radələrində yuxudan qalxıb çəkmələrini geyinən zaman tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs başı ilə Şəxs burun nahiyəsinə bir zərbə vuraraq, əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deməklə onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs əsgər Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlham İbrahimov