Məhkəmə qərarları › İş №3-1(092)-10/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-10/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-10/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı Seyidov Vilayət M.Saleh oğlunun, Vəkil: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Leytenant Şəxs iştirakları ilə xx xxxxxx 2001-ci ildə Ordubad rayonunun Bist kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Ordubad rayonunun Bist kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 2-ci tabor 4-cü bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edən, leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 24 yanvar 2025-ci il tarixli, 3-3-250/2-002647/2025 nömrəli məktubu ilə leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarından aydın olur ki, N №-li hərbi hissədə hərbi qulluqçuların hauptvaxta göndərilməsi zamanı yol verilmiş pozuntular barədə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 3- 3-250/2-035096/2024 nömrəli təqdimat xx.xx.2024-cü il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, hərbi hissə komandiri, polkovnik Şahid1 tərəfindən icrası leytenant Şəxs tapşırılmış, qanunla müəyyən edilmiş bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək təqdimata cavab verilməsi təmin olunmamış, yalnız xx.xx.2024-cü il tarixli məktubla təqdimata cavab verilmişdir. Belə ki, leytenant Şəxs (MN № 0067000) icrası hərbi hissə komandiri tərəfindən ona tapşırılmış Naxçıvan Hərbi Prokurorluğunun təqdimatına qanunla müəyyən edilmiş bir aydan gec olmayan müddətə cavab hazırlanmasını təmin etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan leytenant Şəxs izahatında qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair N №-li hərbi hissəyə Naxçıvan Hərbi Prokurorluğundan göndərilən təqdimatların müzakirəsinin keçirilməsi, bununla əlaqədar əmr lahiyələrinin hazırlanması və təqdimatlara cavabların hazırlanması, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmadığından hərbi hissə komandiri tərəfindən əksər hallarda ona tapşırıldığını, kargüzarlığın məsul icraçısı, gizir Şahid2 onun üstünə yazılmış təqdimatı hərbi hissə komandirinin dərkənarından sonra ona imza etdirməklə təqdim etdiyini, təqdimatın icrasından irəli gələn məsələləri həll edib yekunda təqdimatlara cavab məktubu hazırlayıb komandirin imzası üçün kargüzarlığa təqdim etdiyini, komandir məktubu imzaladıqdan sonra məktub kargüzarlıq vasitəsi ilə prokurorluğa göndərildiyini, Naxçıvan Hərbi Prokurorluğundan xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olduğunu, xx.xx.2024-cü il tarixli, 3-3-250/2-035096/2024 nömrəli təqdimatın icrası həmin gün hərbi hissə komandiri, polkovnik Şahid1 tərəfindən dərkənarla ona tapşırıldığını, təqdimatı həmin gün icra üçün götürdüyünü, qanunvericiliyə əsasən təqdimat hərbi hissəyə daxil olduğu gündən bir ay müddətində baxılıb prokurorluğa cavab məktubu göndərilməli olduğunu, təqdimat xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olduğunu, xx.xx.2024-cü il tarixədək təqdimata cavab verilməli olduğunu, lakin xidməti işlərinin çoxluğundan və həmin zaman əmri gəldiyi üçün xidmət yeri dəyişildiyindən təqdimata cavab verilməsini unudub təmin edə bilmədiyini, 01 noyabr 2024-cü ildə əmri verildiyini, vəzifələrini təhvil-təslim etdikdən sonra 04 noyabr 2024-cü ildə yeni xidmət yeri olan N №-li hərbi hissəyə getdiyini, təqdimata kim tərəfindən, nə zaman cavab verilməsindən məlumatı olmadığını, təqdimatların icrası ilə bağlı ona heç kəs maneçilik törətmədiyini, sadəcə unutqanlıq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid2 izahatında N №-li hərbi hissədə kargüzarlığın məsul icraçısı vəzifəsində xidmət edərkən sənədləri qəbul edib daxil olan sənədlərin qeydiyyatı kitabında qeydiyyata aldığını, hərbi hissə komandirinə təqdim etdikdən sonra hərbi hissə komandirinin dərkənarına uyğun olaraq sənədləri icraçılara təqdim etdiyini, hərbi hissəyə müxtəlif məzmunlu sənədlər, o cümlədən Naxçıvan Hərbi Prokurorluğundan göndərilmiş təqdimatlar da daxil olduğunu, həmin təqdimatları da hərbi hissə komandirinə təqdim etdiyini, onun da təqdimatların baxılmasını əsasən hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmadığından 2-ci tabor 4-cü bölüyünün şəxsi heyətlə iş üzrə müavini leytenant Şəxs tapşırdığını, Naxçıvan Hərbi prokuroru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 3-3-250/2-035096/2024 nömrəli təqdimat xx.xx.2024-cü il tarixdə N №-li hərbi hissəyə daxil olduğunu, təqdimatı daxil olan sənədlərin qeydiyyatı kitabında qeydiyyat etdikdən sonra hərbi hissə komandiri, polkovnik Şahid1 təqdim etdiyini, xx.xx.2024-cü il tarixdə Şahid1 tərəfindən təqdimata dərkənar qoyularaq icrası leytenant Şəxs tapşırıldığını, həmin gün təqdimatı icra üçün Şəxs təqdim etdiyini, onun da həm təqdimatın arxasına, həm də daxil olan sənədlərin qeydiyyatı kitabına imza etməklə təqdimatla həmin gün tanış olduğunu, icra etməsi üçün təqdimatı Şəxs verdiyini, Şəxs həmin təqdimatın icrasını təmin etmədiyini, 2024-cü ilin noyabr ayının əvvəllərində Şəxs xidmət yeri N №-li hərbi hissəyə dəyişildiyini, xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olmuş təqdimata xx.xx.2024-cü il tarixdə cavab hazırlanıb hərbi hissə komandirinə təqdim edildiyini, həmin məktubu qeydiyyata alıb prokurorluğa göndərdiyini göstərmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş polkovnik Şahid1 üzrlü səbəbdən məhkəmə iclasına gəlməyərək, telefon məlumatı ilə xidməti zərurətlə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, Naxçıvan Hərbi Prokurorluğuna vermiş olduğu izahatını təsdiq etdiyini bildirmişdir. Onun həmin izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edildi. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-cil tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Ordusunda Kargüzarlığın Aparılmasına dair” Təlimatın 4.3-cü bəndinin tələbinə əsasən xidməti sənədləri vaxtında Təlimatın tələblərinə uyğun olaraq düzgün tərtib etmək, məzmununu aydın ifadə etmək, tapşırığı vaxtında və keyfiyyətlə yerinə yetirmək, icraya qəbul edilmiş xidməti sənədlərin icrasının vəziyyəti haqqında kargüzarlığa məlumat vermək icraçının vəzifəsidir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-3-250/2-035096/2024 nömrəli təqdimatın üzərində aparılmış qeydiyyatlardan görünür ki, həmin təqdimat xx.xx.2024-cü il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, həmin tarixdə polkovnik Şahid1 tərəfindən təqdimatın üzərində dərkənar qoyularaq icrası Şəxs tapşırılmışdır. N №-li hərbi hissə komandiri polkovnik Şahid1 imzaladığı xx.xx.2024-cü il tarixli, 1466 nömrəli məktubun məzmunundan görünür ki, Naxçıvan Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-250/2-035096/2024 nömrəli təqdimatına baxılmış və xx.xx.2024-cü il tarixdə Prokurorluğa cavab verilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə leytenant Şəxs müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası İXM-in 527-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə leytenant Şəxs etdiyi əməli etiraf etməsini Azərbaycan Respublikası İXMin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, məsuliyyətini yüngülləşdirən halları və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq leytenant Şəxs Azərbaycan Respublikası İXM-in 527-ci maddəsi ilə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 527-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Leytenant Şəxs Azərbaycan Respublikası İXM-in 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası aidiyyəti Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar