Məhkəmə qərarları › İş №3-1(092)-102/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-102/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-102/2025 03.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 1994-cü il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, Zaqatala rayonunda qeydiyyatda olmaqla yaşayan, (MN №0053206), N №li hərbi hissədə xidmət edən Baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Müdafiə Nazirliyi N №li hərbi hissədən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N №li hərbi hissənin baş leytenantı Şəxs N №li hərbi hissədə xidmət edərkən N avqust 2025-ci il tarixdə xidməti yerinə qayıtmalı olduğu halda Bakıdan Naxçıvana qayıdış aviabileti tapa bilmədiyi üçün xidməti yerinə 13 avqust 2025-ci il tarixdə xidməti yerinə qayıtmışdır. Məhkəmə istintaqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, həqiqətən N avqust 2025-ci il tarixdə xidməti yerinə qayıtmalı olduğu halda 08 avqust 2025-ci il tarixdə Bakı Hava limanına gedərək bilet axtarmış, bir neçə dəfə hərbi hissə ilə əlaqə yaradaraq aviabilet tapa bilmədiyini bildirmiş, Naxçıvanda gələcəyi N №li hərbi hissədə heç kəsi tanımadığı üçün əlaqə saxlaya bilmədiyini, lakin N №li hərbi hissə ilə əlaqə saxlamış,mövcud vəziyyəti onlara izah etdiyini, bu səbəbdən də özünü az günahkar bildiyini, ailəsinə də bilet tapa bilmədiyindən onları geri aytardığını, Naxçıvana gətirə bilmədiyini, ən tez zamana aviabilet axtarsa da, Bakıdan Naxçıvana qayıdış aviabileti tapa bilmədiyi üçün 13 avqust 2025-ci il tarixdə xidməti yerinə qayıtdığını, əməlini qəsdən etmədiyini, 3(üç) azyayaşlı uşağının olduğunu nəzərə alınmasını bildirərək törətdiyi əməlindən peşman olduğunu göstərdi. Məhkəmə iclasında iştirak edən Şahid da izahatında göstərilən xüsusatları təsdiq etmişdir. Beləliklə, Şəxs 3 gündən artıq 10 gündən çox olmayaraq xidməti yerinə gəlməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şahid izahatları və materiala əlavə edilmiş digər sənədlərlə təsdiq olunur İş materiallarının tədqiqi nəticəsində Şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 3 (üç) gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 (iyirmi) günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 3 (üç) gündən artıq, lakin 10 (on) gündən çox olmayan müddətə xidmət yerinə gəlməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №li hərbi hissənin baş leytenantı Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlini səmimi özündən asılı olmayan səbəblərdən baş verməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, baş leytenant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə rəhbərliyinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə rəhbərliyinə göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Səxavət Hüseynov:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar