Məhkəmə qərarları › İş №3-1(092)-103/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-103/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-103/2024 14.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxx 2004-cü ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Xoca Həsən qəsəbəsi, Motodrom yolu, mənzil 1, ev 1-də qeydiyyatda olan, N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 3-cü taqımının 2-ci manqasında atıcı-operator vəzifəsində vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX № ******* hərbi bilet) N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 3-cü taqımının 2-ci manqasında atıcı-operator vəzifəsində xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs tez-tez tabor mərkəzinə getməsinə görə irad bildirməsi səbəbindən aralarında mübahisə zəminində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs boynunun ön tərəfindən tutub sıxaraq ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən “boyunun sol yan səthinin yarası” xəsarətini yetirməklə zor tətbiq etmişdir. Bununla da, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 10 avqust 2024-cü il tarixdə, saat 16 radələrində əsgər Zərərçəkmiş şəxs tabor mərkəzindən xidmət etdiyi “Qoqi Dayaq” mövqeyinə qayıtdığını, saat 16:00 radələrində yataqxanada əsgər Zərərçəkmiş şəxs üst başına gizir İlyas Əliyevin baxış keçirərkən onun cibində olan kitabçada əsgər Zərərçəkmiş şəxs valideynlərinə vida məktubu yazmasını aşkar etdiyini əsgər yoldaşlarından eşitdiyini, saat 16 radələrində yataqxananın girişində yerdə çöküb siqaret çəkərkən əsgər Zərərçəkmiş şəxs da oraya gəlib siqaret çəkdiyini, ondan nə səbəbdən kitabçasında belə sözlər yazdığını soruşaraq ona yaxşı xidmət etməyi aşağı az düşməyi dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs ona “mən kefimdən düşmürəm, hansısa var-yoxsuz mənə pis baxa bilməz” dediyini, ona söyüş söyməsinə görə irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə ona “mənə pis baxan var” dedikdə söyüşü ona aid etdiyini düşünüb ayağa qalxıb sağ əli ilə onun boğazından tutub sıxdığını, həmin vaxt yanlarında olan əsgər Şahid onları ayırdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024cü il tarixdə “Qoqi dayaq” mövqeyində olarkən saat 16:00 radələrində əsgər Şəxs ona yaxşı xidmət etməyi aşağı az düşməyi dediyinə görə ona “mən kefimdən düşmürəm, hansısa varyoxsuz mənə pis baxa bilməz” dediyini, əsgər Şəxs ona söyüş söyməməsini bildirdiyini, sonra Şəxs “mənə pis baxan var” dedikdə əsgər Şəxs ayağa qalxıb sağ əli ilə onun boğazından tutub sıxdığını, həmin vaxt yanlarında olan əsgər Şahid onları ayırdığını, aralarında olan mübahisə, dava-dalaş barədə heç kimə məruzə etmədiyini, barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında 10 avqust 2024cü il tarixdə, saat 16 radələrində tabor mərkəzindən əsgər Zərərçəkmiş şəxs xidmət yerinə qayıtdığını, həmin gün saat 16:00 radələrində əsgər Şəxs Zərərçəkmiş şəxs yaxşı xidmət etməyi aşağı az düşməyi dediyini, bu zaman Zərərçəkmiş şəxs da ona “mən kefimdən düşmürəm, hansısa var-yoxsuz mənə pis baxa bilməz” dediyini, əsgər Şəxs ona söyüş söyməməsini bildirdiyini, sonra Şəxs da “mənə pis baxan var” dedikdə əsgər Şəxs ayağa qalxıb sağ əli ilə Zərərçəkmiş şəxs boğazından tutub sıxarkən cəld onları ayırdığını göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 1638 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu boyunun sol yan səthinin yarasının bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, müddəti və şəraitin şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bildiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissənin komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrdə əsgər Zərərçəkmiş şəxs mənfi, əsgər Şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X4 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar