Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-11/2024 23.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxx 2001-ci ildə Bakı şəhəri, Nizami rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, bina 6b, mənzil 23-də daimi qeydiyyatda olan, N №-li hərbi hissənin 3-cü tabor 7-ci bölük, 3-cü taqım, 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Şəxs (hərbi bilet SX Ns 0778264) 27 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən tabor mərkəzinin sıra meydanında şam yeməyinə düzülərkən sırada güldüyünə görə həmin bölüyün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ona nalayiq formada irad bildirməsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatları, məhkəmə iclasına gəlməyən şahidlər əsgər Şahid1 və əsgər Şahid2 təhqiqat orqanına vermiş və məhkəmədə elan olunaraq tədqiq olunmuş izahatları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 14 sentyabr 2023-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində tabor mərkəzində şam yeməyinə düzülüş verildiyini, sırada olarkən əsgər Şahid1 əsgər Şahid2 zarafatla “mülkiyə çıxandan sonra Sabirabadda qarpız satarsan” dediyini, onun bu zarafatına güldüyünü, həmin vaxt arxa sırada dayanmış əsgər Zərərçəkmiş şəxs ona nalayiq sözlə susmasını, onlara irad tutulacağını dediyini, onun bu ağır sözünə görə ona nalayiq ifadə işlədərək “götünə başına yaxma sıradayıq sonra danışarıq” dediyini, Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, onun bu sözü sırada, şəxsi heyətin yanında deməsi yaxşı çıxmadığından ona qarşı nalayiq ifadə işlətdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 22 sentyabr 2023-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində xidmət etdiyi “Dəmirçi” tabor mərkəzində, sıra meydanında şam yeməyinə düzülüş verildiyini, həmin vaxt sırada olan əsgərlər Şahid1la Şəxs qarşısındakı sırada dayandığını, əsgər Şahid1 əsgər Şahid2 zarafatla “mülkiyə çıxandan sonra Sabirabadda qarpız satassan” dediyini, bu sözə Şəxs güldüyünü, irad tutulacağını düşünüb Şəxs nalayiq sözlə “sənə görə bizə irad tutacaqlar” dediyini, Şəxs nalayiq ifadə ilə sonra danışmalarını bildirdiyini, ona qarşı nalayiq ifadə işlətdiyini, əsgər Şəxs də ona nalayiq ifadə ilə cavab verdiyini, Şəxs ona qarşı işlətdiyi nalayiq sözlərə görə pis olduğunu göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən şahidlər əsgər Şahid1 və əsgər Şahid2 təhqiqat orqanına vermiş olduğu izahatları inzibati xəta haqqında işə baxarkən elan olunaraq tədqiq edilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş arayışda hərbi hissənin əsgərləri Şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı bir tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: İlham İbrahimov