Məhkəmə qərarları › İş №3-1(092)-114/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-114/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-114/2024 06.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi,ədliyyə baş leytenantı X1, Müdafiəçi: X2, Zərərçəkmiş şəxslər: Əsgər Zərərçəkmiş şəxs1, Əsgər Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Baş leytenant Şəxs iştirakları ilə xx xxxxxx 1999-cu ildə Lənkəran rayonu, Veravul kəndində doğulmuş, evli, ali hərbi təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu, Veravul kəndində daimi qeydiyyatda olan, il ərzində inzibati xəta törətməmiş, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin zenit-raket artilleriya batareyasının, zenit-artilleriya taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, baş leytenant Şəxs (AA № 5104948) 2024-cü ilin iyun-iyul aylarında, müxtəlif vaxtlarda, bir neçə dəfə N №-li hərbi hissənin şərti olaraq “Soyuq-4” adlandırılan ön xətt mövqeyində tabeliyində olan, həmin taqımda xidmət edən əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çağırarkən və ya onlara xitabən müraciət edərkən onların ünvanına “peysər”, “var-yoxsuz” və digər nalayiq ifadələr işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi tabeliyində olan şəxslərin şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, baş leytenant Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan baş leytenant Şəxs, zərərçəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs1, əsgər Zərərçəkmiş şəxs2 izahatları iş üzrə şahidin elan olunaraq tədqiq edilmiş izahatı və materiala əlavə edilmiş zəruri sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan baş leytenant Şəxs izahatında xx.xx.2024-cü il tarixdə “Soyuq-4” mövqeyində X3 zabitləri tərəfindən yoxlama keçirilərkən tabeliyində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Zərərçəkmiş şəxs1, X5, X6 və Zərərçəkmiş şəxs2 ondan şikayət etdiyini, bu barədə hərbi hissədə araşdırma başlandığını, bəzi hallarda ümumi olaraq sıranın qarşısında əsəbləşib nalayiq ifadələr işlətdiyini, ancaq şəxsən hansısa əsgərin ünvanına nalayiq ifadə işlətmədiyini, hər hansı tabeliyində olan əsgərin şərəf və ləyaqətini alçaltmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 izahatında xx.xx.2024-cü ildə X4 yoxlama gələndə digər əsgərlərlə Şəxs şikayət etdiklərini, Şəxs 2024-cü ilin iyun, iyul aylarında müxtəlif vaxtlarda mövqedə müəyyən işlərin görülməsini tapşırarkən və ya digər hallarda çağırarkən müraciətdə “peysər”, “varyoxsuz” və digər nalayiq ifadələr işlədib şərəf və ləyaqətini alçaltdığını, həmin zaman mövqedə olan əsgər Zərərçəkmiş şəxs2 və digər əsgərlər də həmin söyüşləri eşitdiyini, Şəxs ona müəyyən işlərin görülməsini tapşırarkən Şəxs Zərərçəkmiş şəxs2 da ünvanına müraciətdə nalayiq ifadələr işlətdiyini, Şəxs şəxsi heyətin içərisində, sıranın qarşısında ümumi kobud, nalayiq ifadələr işlətdiyini, onun kobud ifadələr işlətməsini sabiq batareya komandiri kapitan Kənan Babayevə məruzə etdikdən sonra belə hərəkətləri dayandırdığını, baş leytenant Şəxs axşam yeməyindən sonra hər gün gecə saat 24:00dək ayaq üstə saxladıb kitab oxutdurduğunu, yatmağa qoymadığını, Şəxs ona işlətdiyi nalayiq ifadələrə görə şikayətçi olduğunu, özünün təhqir olunmuş hesab etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 izahatında 2024-cü ilin iyun, iyul aylarında Şəxs onu yanına çağırdıqda çox zaman müraciətində müxtəlif nalayiq ifadələr işlədib onu təhqir etdiyini, bu söyüşləri mövqedə olan əsgər Zərərçəkmiş şəxs1 və digərləri də eşitdiyini, 2024-cü ilin sentyabr ayının ortalarında mövqeyə yoxlama gələcəyi bildirildiyini, bu səbəbdən Şəxs tapşırığı ilə gündüzlər mövqelərdə işləyib, axşamlar döyüş hazırlığı ilə əlaqədar mövzuları öyrənərək gecə saat 23-24-də yatdıqlarını, 24 sentyabr 2024-cü il tarixdə Ordu qərargahından bir qrup zabit yoxlama üçün “Soyuq-4” mövqeyinə gəldikdə digər əsgərlərlə taqım komandiri Şəxs şəxsi heyətə vaxtında istirahət vermədiyini, nalayiq ifadələr işlətdiyini bildirib şikayət etdiklərini, xidmət müddətində Şəxs ona hər hansı formada zor tətbiq etmədiyini, hər hansı hərbi qulluqçunu döyməsini görmədiyini, baş leytenant Şəxs axşam yeməyindən sonra hər gün gecə saat 24:00-dək, təqribən 3-4 saat ayaq üstə saxladıb kitab oxutdurduğunu, yatmağa qoymadığını, 2024-cü ilin iyun, iyul aylarında müxtəlif vaxtlarda mövqedə olarkən ona müarciətdə çağırarkən və ya nəsə etməsini tapşırarkən “peysər”, “varyoxsuz” və digər nalayiq ifadələr işlədib şərəf və ləyaqətini alçaltdığını, Şəxs ona nalayiq formalarda müraciət etdikdə ona etirazını bildirsə də, yenə həmin ifadələri işlətməyə davam etdirdiyini, Şəxs onun ünvanına işlətdiyi nalayiq ifadələrə görə şikayətçi olduğunu, özünü təhqir olunmuş hesab etdiyini göstərmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən MAHHX HQ kiçik çavuş Şahid təhqiqat orqanına vermiş olduğu izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edildi. Onun elan olunmuş izahatı ilə də baş leytenant Şəxs əməli tam sübuta yetir. N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda baş leytenant Şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə baş leytenant Şəxs və əsgər Zərərçəkmiş şəxs2 müsbət, əsgər Zərərçəkmiş şəxs1 isə mənfi xarakterizə edilmişdir. Hesab edirəm ki, yuxarıda qeyd edilən hallara görə baş leytenant Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, baş leytenant Şəxs əməlində cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs baş leytenant Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə baş leytenant Şəxs inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən baş leytenant Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, baş leytenant Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Baş leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin.

2. Həbs müddətinin əvvəli qərar icraya yönəldiyi vaxtdan hesablansın.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

5. Baş leytenant Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar