Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-115/2025 30.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, N nömrəli hərbi hissənin nümayəndəsi: Ədliyyə kapitanı X3, Zərərçəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, X2 iştirakları ilə xx xxxx 2006-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 2-ci taborunun minaatan batareyasının 1-ci taqımının 3-cü manqasının heyət nəfəri vəizfəsində xidmət edən, hal-hazırda əsgər yataqxanasında yaşayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs (SX №0820506) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Müdafiyə Nazirliyi N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin əsgəri Şəxs N sentyabr 2025-ci il tarixdə, saat 21:30 radələrində N nömrəli hərbi hissənin 2-ci (Batabat) tabor mərkəzinin yataqxanasında aralarında yaranmış mübahisə zəminində sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsindən bir yumruq vurarq ona “Sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sol gözün alt qapağının əzilmiş yarası” diaqnozlu sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdır” tələblərini pozaraq qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında , N sentyabr 2025-ci il tarixdə, saat 21:30-da əsgər yataqxanasında olarkən MAHHX HQ kiçik çavuş Mütəllim İbrahimlinin təmizlik işçiləri ayrımaq üçün yataqxanada batareyanın şəxsi heyətinə düzülüş verdiyini, həmin vaxt sırada olan əsgər Zərərçəkmiş şəxs nəsə dediyini, nə dediyini unutduğunu, həmin sözünün acığına gəldiyini və buna görə, ona “səninlə kimsə söyüşlə zarafat edə bilər, mənimlə yox, camaat səninlə varyox zarafatı edə bilər” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs sıradan çıxıb üzərinə gəlib boğazından yapışıb sıxdığını, bu səbəbdən əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsindən bir yumruq vuraraq ona xəsarət yetirdiyini bildirmişir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında N sentyabr 2025-ci il tarixdə, saat 21:30-da əsgər yataqxanasında olarkən MAHHXHQ kiçik çavuş Mütəllim İbrahimlinin təmizlik işçiləri ayırmaq üçün yataqxanada batareyanın şəxsi heyətinə düzülüş verdiyini, həmin vaxt “təmizlik növbətçisi kimdirsə çıxsın” dediyini onun bu sözünü sırada olan əsgər Şəxs səhv başa düşərək ona “səninlə kimsə söyüşlə zarafat edə bilər, mənimlə yox, camaat səninlə var-yox zarafatı edə bilər” dediyini, bu sözə görə sıradan çıxıb onun üzərinə gedib sol əli boğazından yapışıb sıxdığını, əsgər Şəxsdə onun sol göz nahiyəsindən bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirdiyini bildirdi. Ondan üzr istəmiş ,əsgər yoldaşı Zərərçəkmiş şəxs bağışladığını göstərdi. Materiala əlavə edilmiş arayışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətləri yoxdur. Materiala əlavə edilmiş xidməti xasiyyətnamələrdən aydın olur ki, əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşdur. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, Zərərçəkmiş şəxs izahatları, ekspert rəyi və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr 2025-ci il tarixli vərəqəsindən görünür ki, hazırkı inzibati xəta haqqında işin predmeti olan hərəkətə görə əsgər Şəxs N nömrəli hərbi hissə batareya komandiri kapitan Ramazanov Ramazan tərəfindən şiddətli töhmət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası Silahlı X1 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Azərbaycan Respublikası Silahlı X1 58-ci bəndinə əsasən Alay (briqada) komandirinin əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır. İnzibati xəta haqqında işin materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs barəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən hərbi intizamın pozulması haqqında aparılmış icraat ona şiddətli töhmətin verilməsi təyin edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də məhkəmə, hesab edir ki, əsgər Şəxs müvafiq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında şiddətli töhmət verildiyindən onun “qanun və cinayət-prosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi Azərbaycan Respublikası konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində də qeyd olunmuşdur ki, “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “X5 Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4-cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82). Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“X4rşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarının olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni fakt üzrə N nömrəli hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında şiddətli töhmət verildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən əsgər Şəxs barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 106, 109.2, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №3-1(092)-115/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-115/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver