Məhkəmə qərarları › İş №3-1(092)-119/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-119/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-119/2024 22.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxx 2004-cü ildə Lerik rayonunun Kıncıvo kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Lerik rayonunun Kıncıvo kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 1-ci mühəndis-istehkam bölüyünün, 1-ci mühəndis istehkam taqımının, 2-ci mühəndisistehkam manqasının sürücüsü vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX № 0786208) xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində N №-li hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasında olarkən televizorda izlənən kanalın N №-li hərbi hissənin 1-ci maneə ləğvetmə bölüyünün, 1-ci mina təmizləmə taqımınin, 1-ci mina təmizləmə manqasında baş istehkamçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs (hərbi bilet SX № 0772684) tərəfindən dəyişdirilməsi səbəbindən aralarında mübahisə yaramış, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs kanalı İTV kanalına dəyişməsini və pultu ona verməsini dedikdə, kanalı dəyişməmiş, pultu ona verməmişdir. Həmin vaxt əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs əlindən saldığı şampunu götürmüş, şampunu bir neçə dəfə istəməsinə baxmayaraq şampunu qaytarmamışdır. Əsgər Şəxs şampunu qaytarmaqla və ya bu barədə yuxarı rəislərə məruzə etməklə mübahisəyə son qoymaq imkanı olduğu halda bunu etməmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində təsbit olunmuş “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalıdırlar” kimi tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bununla da, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü ildə, saat təxminən 12:00 radələrində Sədərək taborunun 2-ci mərtəbəsindəki əsgər yataqxanasında olan televizorda yayımlanan İTV kanalına baxdığını, əsgər Zərərçəkmiş şəxs masanın üzərində olan pultu götürərək televizorun kanalını İTV-dən ATV-yə çevirdiyini, ona kanalı İTV-yə çevirməsini dediyini, Zərərçəkmiş şəxs ona ATV-yə baxmasını bildirdiyini, bir neçə dəqiqədən sonra əsgər Zərərçəkmiş şəxs dolabdan yuyunma ləvazimatlarını götürüb irəliləyərkən əlindən şampununu yerə saldığını, tez şampunu götürdüyünü, Zərərçəkmiş şəxs şampunu ona qaytarmasını dedikdə, şampunu qaytarmadığını, onun çıxıb getdiyini, bir neçə dəqiqədən sonra çarpayıların yanında olarkən əsgər Zərərçəkmiş şəxs onun yanına gəlib şampunu istədiyini, ona "pultu ver, mən də şampunu geri qaytarım” dediyini, bu vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, acıqlı olduğundan Zərərçəkmiş şəxs nalayiq söz dediyini, Zərərçəkmiş şəxs sağ ayağı ilə onun sağ ayağından vurub şampunu verməyəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs əlini atıb onun əlindəki şampunu almaq istədiyini, şampunu verməyib özünə tərəf çəkdiyini, həmin vaxt çarpayının üzərinə yıxıldıqlarını, əsgər Zərərçəkmiş şəxs onun üzərində olduğunu, bu zaman alnının digər çarpayının matrasına sürtündüyünü, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü ildə, saat təxminən 12:00 radələrində N №-li hərbi hissənin Sədərək taborunun 2-ci mərtəbəsində əsgər yataqxanasında olan televizorun pultunu götürüb kanalı dəyişdiyini, bu zaman televizora baxan əsgər Şəxs ona kanalı İTV-yə çevirməsini dediyini, lakin kanalı çevirmədiyini, hamama getmək üçün yuyunma ləvazimatlarını götürdükdə şampununun yerə düşdüyünü, əsgər Şəxs şampunu götürdüyünü, şampunu verməsini dedikdə, onun şampunu qaytarmadığını, bir neçə dəqiqədən sonra çarpayıların arasında olan əsgər Şəxs yanına gəldiyini, acıqlı olduğundan ona qarşı nalayiq ifadə işlədib şampunu qaytarmasını dediyini, Şəxs da ona qarşı nalayiq ifadə işlətməklə şampunu verməyəcəyini bildirdiyini, şampunu qaytarmadıqda, sağ ayağı ilə onun sağ ayağından vurduğunu, əli ilə onun əlindəki şampunu tutub dartdığını, Şəxs itələdiyindən onunla birlikdə çarpayıya yıxıldığını, bu zaman Şəxs alnının digər çarpayının döşəyinə sürtündüyünü, N №-li hərbi hissədə xidmət edən hərbi qulluqçunun müdaxiləsindən sonra əsgər Şəxs ayrıldığını, yuxarı rəislərə məruzə etməklə mübahisəyə son qoymaq imkanı olduğu halda bunu etmədiyini, barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 izahatında xx.xx.2024cü ildə, saat 12:00 radələrində Sədərək taborunun 2-ci mərtəbəsindəki əsgər yataqxanasında olarkən əsgər Zərərçəkmiş şəxsla əsgər Şəxs mübahisə etmələrini gördüyünü, əsgər Zərərçəkmiş şəxs əsgər Şəxs şampununu istədiyini, əsgər Şəxs vermirəm dediyini, Zərərçəkmiş şəxs sağ ayağı ilə əsgər Şəxs ayağından vurub ona qarşı nalayiq ifadə işlədərək şampunu verməsini dediyini, Şəxs da ona qarşı nalayiq ifadə işlədərək şampunu verməyəcəyini dediyini, orada durmayıb hamama getdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHX HQ, kiçik çavuş Şahid2 izahatında xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində Sədərək taborunun 2-ci mərtəbəsindəki əsgər yataqxanasına daxil olarkən iki əsgərin çarpayının üzərində bir-biri ilə tutaşmalarını gördüyünü, bir əsgərin altda, bir əsgərin isə onun üzərində olduğunu, onlara ayrılıb ayağa qalxmalarını dediyini, onların ayağa qalxdığını, həmin əsgərlərin N №li hərbi hissədən N №-li hərbi hissəyə ezam olunmuş əsgərlər olduğunu, onları aparıb rəislərinə təqdim etdiyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 602 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən əsgərlər Şəxs və Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişlər. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 198 №-li əmrindən çıxarışda əsgər Şəxs N №-li hərbi hissənin rabitə bölüyünün, radio taqımının, 3-cü radio manqasının radiotelefonçusu vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi qeyd olunmuşdur. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 198 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin 1-ci maneə ləğvetmə bölüyünün, 1-ci mina təmizləmə taqımının, 2-ci mina təmizləmə manqasında istehkamçı vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata daxil edilməsi göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli əmrindən çıxarışda əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissəyə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 123 №-li arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibəti olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs 10-cu Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası 10-cu Hərbi Polis bölməsinin hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs 10-cu Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar