Məhkəmə qərarları › İş №3-1(092)-122/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-122/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-122/2025 09.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Kursant Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Kursant Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil Ziyadxan oğlunun iştirakları ilə xx xxxxx 2006-cı il tarixdə Ağcabədi rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla, Naxçıvan Hərbi Kollecinin kursant yataqxanasında yaşayan, Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun 2-ci bölüyünün 3cü taqımının kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 29 sentyabr 2025-ci il tarixdə saat 13:30 radələrində fiziki hazırlıq dərsi bitdikdən sonra kursant Şəxs və kursant Zərərçəkmiş şəxs Naxçıvan Hərbi Kollecinin yataqxanasının A blokunda olan 37-ci otağına getmiş, orada olarkən Zərərçəkmiş şəxs kursant yoldaşlarından yuyunmaq üçün şampun istəmiş, heç kəs vermədikdə otaqda nalayiq ifadələr işlətmiş, həmin zaman orada olan Şəxs Zərərçəkmiş şəxs söyüş söyməyə davam edəcəyi təqdirdə söyüş söyənin ünvanına nalayiq ifadələr bildirəcəyini demiş, buna qarşılıq olaraq F.Məmməzadə nalayiq ifadə qarşılıq vermiş, Zərərçəkmiş şəxs və Şəxs aralarında yaranmış mübahisə zəmnində bir-birlərinin üzərinə yeriyərək bir-birlərinə qarşı nalayiq ifadələr işlətmiş, otaqda olan kursantlar Şahid və İbrahimli Nurlan onları ayırmış və onlar yeməyə getmək məqsədi ilə sıraya getmiş, Zərərçəkmiş şəxs sıraya gedərkən özözünə danışdığından, kollecin yeməkxanasının 1-ci mərtəbsində olan “Oba” əsgər çayxanasının qarşısında Şəxs onu kənara çəkərək sıraya gələrkən kimə söydüyünü soruşmuş, Zərərçəkmiş şəxs onunla olmadığını bildirmiş, sonra yeməkxananın 2-ci mərtəbəsində yemək sırasında olarkən Zərərçəkmiş şəxs Şəxs yaxınlaşaraq onu bir daha danışdıranın ünvanına nalayiq ifadələr işlətmiş, eyni şəkildə Şəxs da onu danışdıranın ünvanına nalayiq ifadələr işlətmiş, yemək bitdikdən sonra Şəxs digər kursant yoldaşları ilə söhbət zamanı yenidən Zərərçəkmiş şəxs əsəbləşərək sıraya getmiş və orada olan Zərərçəkmiş şəxs sol üz nahiyəsindən bir yumruq zərbəsi vurub xəsarət yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular birbirinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub F.M.Məmmmədzadəyə bir yumruq zərbəsi vurub xəsarət yetirərək F.M.Məmmmədzadənin şərəf və ləyaqətini alçaltmış və ona zor tətbiq etmişdir Faktla bağlı kursant Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 09 oktyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant X2 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kursant Şəxs izahatında, 29 sentyabr 2025-ci il tarixdən saat 13:30 radələrində fiziki hazırlıq dərsindən təxminən 15 dəqiqə tez buraxılaraq yataqxananın A blokunun 37-ci otağına yuyunmaq məqsədi ilə getdiyini, orada olan kursant Zərərçəkmiş şəxs otaq yoldaşlarından şampun istədiyini, heç kəsin şampun vermədiyini, həmin zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyini, buna qarşılıq olaraq Zərərçəkmiş şəxs söyüş söyməyə davam edəcəyi təqdirdə ona qarşı nalayiq ifadə işlədəcəyini, həmin zaman Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyini və aralarından yaranmış mübahisə zəmnində bir-birlərinə qarşı nalayiq ifadə işlədərək birbirlərinin üzərinə yeridiklərini, otaqda olan kursant yoldaşları Şahidin və N.İbrahimlinin onları ayırdıqlarını, daha sonra yemək sırasına getdiyini, Zərərçəkmiş şəxs sıraya danışaraq gələn zaman ona qarşı nalayiq ifadə işlətdiyini düşünərək yeməkxananın 1-ci mərtəbəsində “Oba” əsgər çayçısının qarşısında Zərərçəkmiş şəxs kənara çəkərək söyüş söyüb-söymədiyini soruşduğunu, Zərərçəkmiş şəxs onu söymədiyini bildirdiyini, bundan sonra yeməkxananın 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs yaxınlaşaraq ona nalayiq ifadə işlətdiyini və eyni qaydada özünün Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyini, yeməkdən sonra saat 15:00 radələrində digər kursant yoldaşları ilə söhbət zamanı Zərərçəkmiş şəxs əsəbləşdiyini, sıraya gedərək ona sol üz nahiyəsindən bir yumruq zərbəsi vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş kursant Zərərçəkmiş şəxs izahatında 29 sentyabr 2025-ci il tarixdə saat 13:30 radələrində yuyunmaq və paltarlarını dəyişmək məqsədi ilə fiziki hazırılıq dərsindən tez buraxıldıqlarını, yataqxanaya yaşadığı otağa getdiyini, həmin zaman şampun lazım olduğundan kursant yoldaşlarından şampun istədiyini, lakin heç kəs vermədiyindən özünə qarşı nalayiq ifadə işlətdiyini, həmin zaman Şəxs ona nalayiq ifadə işlətməyə davam edəcəyi təqdirdə ona qarşı nalayiq ifadə işlədəcəyini, buna qarşılıq olaraq nalayiq ifadə ilə cavab verdiyini, aralarında yaranmış mübahisə zamanı bir-birlərinə qarşı nalayiq ifadə işlədərək bir-birlərinin üzərinə yeridiklərini, otaqda olan digər kursant yoldaşları Şahidin və N.İbrahimlinin onları ayırdıqlarını, sonra otaqdan çıxaraq yemək sırasına getdiyini, sıraya gedən zaman özözünə danışdığını, daha sonra yeməkxananın birinci mərtəbəsindən olan “Oba” əsgər çayçısının qarşısında Şəxs onu kənara çəkərək kimə söyüş söydüyünü soruşduğunu, həmin zaman Şəxs ona qarşı söyüş söymədiyini dediyini, yeməkxananın 2-ci mərtəbəsində Şəxs yaxınlaşaraq ona nalayiq ifadə işlətdiyini, eyni qaydada Şəxs nalayiq ifadə işlətdiyini, daha sonra saat 15:00 radələrində sırada olan zaman Şəxs ona yaxınlaşaraq sol üz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kursant Şahid izahatında 29 sentyabr 2025-ci il tarixində kursantlar Zərərçəkmiş şəxs və Şəxs mübahisəsi və davasını görərək onları ayırdıqlarını bildirdi. Naxçıvan Hərbi Kollecinin komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, kursant Zərərçəkmiş şəxs ilə kursant Şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Kursant Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, 570 №li müayinə aktından görünür ki, kursant Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə əmələ gəlməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Naxçıvan Hərbi Kollecinin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə kursant Şəxs mənfi xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – kursant Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - və kursant Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - kursant Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub F.M.Məmmmədzadəyə bir yumruq zərbəsi vurub xəsarət yetirərək F.M.Məmmmədzadənin şərəf və ləyaqətini alçalmaqla və ona zor tətbiq etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, kursant Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci kursant Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.

3. İnzibati həbsin əvvəli Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecininin komandirinə həvalə edilsin.

5. İş üzrə məhkəmə xərci kursant Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar