Məhkəmə qərarları › İş №3-1(092)-124/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-124/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-124/2025 17.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Sədr: Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Təhqiqatçı: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Şahbuz rayonunun Mərəlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkumluğu olmayan, Şahbuz rayonunda daimi qeydiyyatda olmaqla yaşayan, hazırda N nömrəli hərbi hissənin haubitsalı artilleriya batareyasının 2-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun 1-ci haubitsalı artilleriya batareyasının 2-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlu 18 sentyabr 2025-ci il tarixdə, saat 08:00-da üzrlü səbəb olmadan xidməti yerinə getməmiş, 22 sentyabr 2025-ci il tarixdə, saat 08:30 radələrində xidməti yerinə qayıtmışdır. Faktla bağlı MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün 17 oktyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 10-cu Təhqiqat Bölməsinin təhqiqatçısı ədliyyə leytenantı X3 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlu izahatında, 02 aprel 2014-cü il tarixdən Azərbaycan Ordusunda N nömrəli hərbi hissədə, N noyabr 2024-cü il tarixdən hərbi hissənin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət etdiyini, 2025-ci ilin avqust ayından etibarən ailəsindən ayrıldığını, 18 sentyabr 2025-ci il tarixdə, saat 08:00-da xidməti yerinə getmədiyini, həmin gün axşam batareya komandiri kapitan Röyal Rəcəbova mobil telefon vasitəsilə atasının xəstə olduğu və ağrılarının artığı üçün xidməti yerinə gələ bilməyəcəyini demək üçün zəng edərkən R.Rəcəbovun ona işinin olduğunu, sonra zəng etməsini dediyini, 22 sentyabr 2025-ci il tarixdə, saat 08:30 radələrində xidməti yerinə qayıtdığını,törətdiyi əməldən peşman olduğunu, 06 oktyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin şərəf məhkəməsinə çıxarılaraq ordu sıralarından tərxis olunması barədə qərar çıxarıldığını,lakin bu barədə müvafiq əmrin verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid izahatında N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizonun 1-ci batareyasının 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində xidmət etdiyini, MAHHXHQ kiçik çavuş Şəxs xidməti müddətində tanıdığını, onunla heç bir qohumluq, düşmənlk və ya ədavətinin olmadığını, birgə xidməti müddətində Şəxs nizam-intizamlı olduğunu, Şəxs 2025-ci ilin sentyabr ayından etibarən mütəmadi olaraq bir neçə dəfə xidməti yerinə üzrlü səbəb olmadan gəlməməyə başladığını, xidməti yerinə gəlməməsinin səbəbini isə özünün dediyinə görə borclarının olması, atasının xəstə olması və ailəsindən ayrılması ilə əlaqələndirdiyini, həmçinin 26 sentyabr 2025-ci il tarixdə, saat 08:00-da Şəxs onunla birgə hərbi hissəyə gələrək sıraya durduğunu, 06 oktyabr 2025-ci il tarixdə şərəf məhkəməsinə çıxarıldığını, tərxis olunması barədə qərar verildiyini bildirmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə MAHHXHQ-su kiçik çavuş Şəxs Elsəvər oğlu mənfi xarakterizə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – MAHHXHQ-su kiçik çavuş Şəxs Elsəvər oğluna istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - MAHHXHQ-su kiçik çavuş Şəxs Elsəvər oğluna istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - MAHHXHQ-su kiçik çavuş Şəxs Elsəvər oğlunun təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHXHQ-su kiçik çavuş Şəxs 18 sentyabr 2025-ci il tarixdən üzrlü səbəb olmadan xidməti yerinə qayıtmalı olduğu halda 22 sentyabr 2025-ci il tarixdə qayıtması əməlində Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə - iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlu barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla MAHHXHQ kiçik çavuş Şəxs Elsəvər oğlunun barəsində təyin ediləcək inzibati həbsin əvvəli Şəxs Elsəvər oğlunun Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci Şəxs Elsəvər oğlunun hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Elsəvər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli Şəxs Elsəvər oğlunun Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Şəxs Elsəvər oğlunun Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. İş üzrə məhkəmə xərci Şəxs Elsəvər oğlunun hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar