Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-125/2024 06.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 2006-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, ümumi orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şəmkir rayonunun Dəllər Cəyir kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 2ci taqımının 2-ci manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0795808) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 06 dekabr 2024-cü il tarixli, 3-3-250/2-044290/2024 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 dekabr 2024-cü il tarixli, 3-3-250/3-012508/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 06 dekabr 2024-cü il tarixli, 3-3-250/3-012508/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2ci taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə saat 07 radələrində xidmət etdiyi şərti olaraq “Şirvan” adlanan mövqedə onunla tabelik münasibətlərində olmayan həmin manqada heyət nəfəri atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs onun kolbasa payını yeyənin ünvanına nalayiq ifadə işlətdiyinə görə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış, daha sonra mübahisəni davam etdirərək onu yataqxananın arxasına dəvət edib, orada əsgər Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla vuraraq ona sağlamlığa zərər vurmayan “qançırla müşayiət olunan sol gözaltı nahiyyənin yumşaq toxumalarının əziyi” xəsarətini yetirmişdir. Faktla bağlı N №-li hərbi hissə tərəfindən araşdırma aparılaraq, əsgər Şəxs qeyd edilən əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində müvafiq qərar qəbul edilməsi üçün toplanmış material Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. Əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 06 dekabr 2024-cü il tarixdə Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnikleytenantı Ramil Məmmədyarov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, mövqedə gedən qazıntı işləri ilə bağlı MAHHXHQ-su əsgər Əli Məjlumov 12 noyabr 2024-cü il tarixdə onların mövqelərinə gələrkən özü ilə kolbasa gətirmiş, həmin kolbasadan əsgərlərə vermiş, 13 noyabr 2024-cü il tarixdə saat 07 radələrində 4 nəfər əsgərlə kolbasanı yemək üçün mövqenin yeməkxanasına getmiş, bu zaman əsgər Şahid2 ona demişdir ki, gecə saat 04:00-da növbəyə gedən zaman əsgər Zərərçəkmiş şəxsla kolbasa paylarını yemişlər. Bundan sonra onlar kolbasanın qalan hissəsini yemişlər. Sonra hərə öz işinə getmiş, o isə yeməkxanada qalmışdır. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs yeməkxanaya gəlib kolbasa yemək istəmiş və kolbasa payının harada olduğunu soruşmuş, ona “sən payını yemişdin, qalanını bölüb yemişik” demişdir. Lakin Zərərçəkmiş şəxs kolbasa payını yemədiyini bildirmiş, bu zaman aydınlaşdırmaq üçün əsgər Şahid2 çağırıb ondan kolbasa paylarını yeyib-yemədiklərini soruşmuş, Şahid2 Zərərçəkmiş şəxs yalan dediyini, kolbasa paylarını yediklərini bildirmişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs “mənim payımı yeyənin var-yoxunu belə-belə” edim deyə nalayiq ifadə işlətmiş, onu nəzərdə tutub söydüyünə görə əsəbləşib ona nalayiq formada “kolbasadan yana söyüş söyən kişi belə-belədir” dedikdə də Zərərçəkmiş şəxs da ona “səndə şərəfsiz və qeyrətsizsən demişdir. Bu sözlər şərəf və ləyaqətinə toxunduğu üçün Zərərçəkmiş şəxs yataqxananın arxasına çağırmış və orada onun sağ gözünün altından bir yumruq zərbəsi vurmuş, oraya gələn əsgər Şahid1 onları ayırmışdır. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 13 noyabr 2024-cü il tarixdə saat 04:00-da əsgər Şahid2la növbəyə gedən zaman yeməkxanada MAHHXHQ-su əsgər Əli Məjlumovun onlara verdiyi kolbasadan hərəsi bir dilim kəsib yemiş, həmin gün saat 07 radələrində yeməkxanaya gedib kolbasadan yenə yemək istəmiş, kolbasadan qalmadığını görüb əsgər Şəxs kolbasa payının harada olduğunu soruşmuş, Şəxs ona payını yediyini, qalanını isə əsgərlərlə bölüb yediklərini bildirmiş, Şəxs kolbasa payını yemədiyini bildirdikdə əsgər Şəxs əsgər Şahid2 çağırmış, ondan kolbasa paylarını yeyib-yemədiklərini soruşmuş, Şahid2 yediklərini bildirmişdir. Şahid2 getdikdən sonra o, “mənim payımı yeyənin var-yoxunu belə-belə edim” söyüşü söymüş, bu zaman Şəxs ona nalayiq formada “kolbasadan yana söyüş söyən belə-belədir” demiş, onun dediyi söz acığına gəldiyi üçün Şəxs “səndə şərəfsiz və qeyrətsizsən” demişdir. Bundan sonra Şəxs onu yataqxananın arxasına çağırıb orada anidən sağ gözünün altından bir yumruq zərbəsi vurmuşdur. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, özünün Şəxs bağışlamaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət edən şahidlər-əsgər Şahid1 və əsgər Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq hərbi hissə komandiri vasitəsilə məlumat verilməsinə baxmayaraq, onların məhkəmə iclasında iştirakları N №-li hərbi hissə komandanlığı tərəfindən təmin edilməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, şahidlər-əsgər Şahid1 və əsgər Şahid2 izahatlarının ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai araşdırma zamanı verdikləri izahatlarına əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və onların izahatlarının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onların izahatlarına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.3, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş şahid əsgər Şahid1 ibtidai araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, 13 noyabr 2024-cü il tarixdə saat 07 radələrində əsgər Şəxs öz aralarında kolbasanı bölüb yemək istəyərkən orada olan əsgər Şahid2 axşam növbəyə gedərkən Zərərçəkmiş şəxsla kolbasa paylarını yediklərini bildirmiş, buna görə kolbasanın qalan hissəsini Şəxsla bölüb yemişlər. Bundan sonra əsgər Zərərçəkmiş şəxs gəlib kolbasa payını istədikdə Şəxs ona kolbasa payını yediyini bildirmiş, Zərərçəkmiş şəxs bunu inkar etdikdə Şəxs Şahid2 çağırmış və o, Zərərçəkmiş şəxs yalan dediyini, kolbasa paylarını yediklərini bildirmişdir. Bundan sonra o, Şahid2la yataqxanaya getmiş, Şəxsla Zərərçəkmiş şəxs isə yeməkxanada qalmışlar. Zərərçəkmiş şəxs onun payını yeyəni söymüş, Şəxs da ona qarşılığında nəsə demişdir. Sonra pəncərədən baxdıqda Şəxs öndə, Zərərçəkmiş şəxs isə onun arxasında yataqxananın arxasına keçdiklərini görüb onların dalaşacaqlarını düşünüb onların arxasınca getmiş, onların yanına çatanda Şəxs Zərərçəkmiş şəxs sağ gözündən bir yumruq vurmuş, dalaşmalarının böyüməməsi üçün onların arasına girmiş, bu zaman Zərərçəkmiş şəxs gözünün altı qızarmışdır. Məhkəmə icasında izahatı elan olunaraq tədqiq olunmuş şahid əsgər Şahid2 ibtidai araşdırma zamanı verdiyi izahatından görünür ki, o, ibtidai araşdırma zamanı oxşar məzmunlu izahat verərək, şahid qismində dindirilmiş əsgər Şahid1 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidlərin izahatlarını, müvafiq ekspert müayinə aktını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli, 295 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Şəxs hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının (Şirvan postu) atıcısı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının (Şirvan postu) heyət nəfəri-atıcısı vəzifəsinə təyin edilmişlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.2024-cü il tarixli, 623 №-li ekspert müayinə aktından belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, ekspert müayinə aktında onun almış olduğu -qançırla müşayiət olunan sol gözaltı nahiyənin yumşaq toxumalarının əziyi- xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. N №li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamələrdən görünür ki, əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət etdikləri hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.
2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev