Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-126/2024 06.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1 oğlunun Zərərçəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs İnzibati xəta törətmiş şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.2005-ci ildə Ordubad rayonunun Əndəmic kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad rayonunun Əndəmic kəndində qeydiyyatda duran, N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 06 dekabr 2024-cü il tarixli, 3-3-250/2-044301/2024 nömrəli məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 06 dekabr 2024-cü il tarixli, 105 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 06 dekabr 2024-cü il tarixli, 105 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet SX № 0751307) N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə saat 07 radələrində xidmət etdiyi şərti olaraq “Şirvan” adlanan mövqedə tabelik münasibətlərində olmayan həmin manqada atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 13 noyabr 2024-cü il tarixdə saat 04:00-da əsgər Şahid2la növbəyə gedən zaman yeməkxanada MAHHX HQ-su əsgər Əli Məjlumovun onlara verdiyi kolbasadan hərəsi bir dilim kəsib yediyini, həmin gün saat 07 radələrində yeməkxanaya gedib kolbasadan yenə yemək istədiyini, kolbasadan qalmadığını görüb əsgər Zərərçəkmiş şəxs kolbasa payının harada olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs ona payını yediyini, qalanını isə əsgərlərlə bölüb yediklərini bildirdiyini, Zərərçəkmiş şəxs kolbasa payını yemədiyini bildirdikdə əsgər Zərərçəkmiş şəxs əsgər A.Məmmodovu çağırdığını, ondan kolbasa paylarını yeyib-yemədiklərini soruşduğunu, Şahid2 yediklərini bildirdiyini, E.Məmmədov getdikdən sonra “mənim payımı yeyənin var-yoxunu belə-belə edim” söyüş söydüyünü, bu zaman Zərərçəkmiş şəxs ona nalayiq formada “kolbasadan yana söyüş söyən belə-belədir” dediyini, onun dediyi söz acığına gəldiyi üçün Zərərçəkmiş şəxs “səndə şərəfsiz və qeyrətsizsən” dediyini, sonra onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında mövqedə gedən qazıntı işləri ilə bağlı MAHHX HQ əsgər Əli Mojlumov 12 noyabr 2024-cü il tarixdə onların mövqelərinə gələrkən özü ilə kolbasa gətirdiyini, həmin kolbasadan əsgərlərə də verdiyini, 13 noyabr 2024- cü il tarixdə saat 07 radələrində 4 nəfər əsgərlə kolbasanı yemək üçün mövqenin yeməkxanasına getdiyini, bu zaman əsgər Şahid2 ona “gecə saat 04:00-da növbəyə gedən zaman əsgər Şəxsla kolbasa paylarını yediklərini” dediyini, sonra hərə öz işinə getdiyini, onun isə yeməkxanada qaldığını, əsgər Şəxs yeməkxanaya gəlib kolbasa yemək istədiyini və kolbasa payının harada olduğunu soruşduğunu, ona “sən payını yemişdin, qalanını bölüb yemişik” dediyini, lakin Şəxs kolbasa payını yemədiyini bildirdiyini, bu zaman aydınlaşdırmaq üçün əsgər Şahid2 çağırıb ondan kolbasa paylarını yeyib-yemədiklərini soruşduğunu, Şahid2 Şəxs yalan dediyini, kolbasa paylarını yediklərini bildirdiyini, sonra əsgər Şəxs “mənim payımı yeyənin var-yoxunu belə-belə” edim deyə nalayiq ifadə işlətdiyini, onu nəzərdə tutub söydüyünə görə əsəbləşib ona nalayiq formada “kolbasadan yana söyüş söyən kişi belə-belədir” dedikdə Şəxs da ona “sən də şərəfsiz və qeyrətsizsən” dediyini, bu sözlər onun şərəf və ləyaqətinə toxunduğunu, sonra Şəxsla barışdığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahidlər əsgər Şahid1 və əsgər Şahid2 istintaq orqanına vermiş olduğu izahatları məhkəmə iclasında elan olunaraq tədqiq edildi, həmin izahatlarlada əsgər Şəxs tərəfindən əsgər Zərərçəkmiş şəxs təhqir edilməsini gördüklərini göstərmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə izahatı elan olunmuş şahidlərin istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs xx.xx.2024cü il tarixdə saat 07 radələrində xidmət etdiyi şərti olaraq “Şirvan” adlanan mövqedə tabelik münasibətlərində olmayan həmin manqada atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deməklə onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qaravul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs əsgər Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov