Məhkəmə qərarları › İş №3-1(092)-127/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-127/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-127/2025 27.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Sədr: Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Vəkil iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(SX № 0836771), subay,natamam orta təhsilli, Samux rayonu Kolayır kəndində qeydiyyatda olmaqla, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, N saylı hərbi hissənin mühəndis istehkam bölüyünün, 3-cü mühəndis istehkam taqımının 3-cü mühəndis istehkam manqasının istehkamçısı vəzifəsində xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə N nömrəli hərbi hissədən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs N oktyabr 2025-ci il tarixdə saat 21:30 radələrində hərbi hissənin əsgər yataqxanasında aralarında yaranmış mübahisə zəminində onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib, onun şərəf və ləyaqətini alçaltmaqla və sinəsindən itələyib zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 27 oktyabr 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri, mayor X2 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs 05 oktyabr 2024-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, N oktyabr 2025-ci il tarixdə saat 21:30 radələrində hərbi hissənin əsgər yataqxanasında əsgər geyim formasını götürən zaman əsgər Zərərçəkmiş şəxs ondan yol verməsini istədiyini, ona yol verib tez keçməsini söylədiyini,buna baxmayaraq Zərərçəkmiş şəxs digər əsgər yoldaşı ilə söhbət etdiyinə görə onun dediyini dinləmədiyini, ondan təkrar tez keçməsini istədikdə, Zərərçəkmiş şəxs yanından keçən zaman ona “sox içinə” ifadəsini işlətdiyini, Zərərçəkmiş şəxs “Səninlə söyüşlə danışmadım, sən mənimlə niyə söyüşlə danışırsan” dediyini, Zərərçəkmiş şəxsda eyni ifadəni təkrar etdiyini, bundan qəzəblənərək ona qarşı nalayıq ifadə işlətdiyini və sinəsindən itələdiyini, Zərərçəkmiş şəxsda qolu ilə onun boğazından itələdiyini və çıxıb getdiyini, əməlindən peşman olduğunu,zərərçəkmiş şəxsdən üzr istədiyini bildirmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Elmr oğlu 05 oktyabr 2024-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, N oktyabr 2025-ci il tarixdə saat 21:30 radələrində hərbi hissənin əsgər yataqxanasında dolabından sabun götürmək istəyərkən, əsgər yoldaşı Şəxs kənara çəkilməsi üçün xəbərdarlıq etdiyini,digər əsgər yoldaşına söz verib gedərkən Şəxs səs tonunu qaldıraraq ona “yanımdan tez keç görüm” dediyini, onun da əsəbləşərək Şəxs “niyə qışqırırsan sox içinə” dediyini, onunda cavab olaraq nalayiq ifadə işlədib sinəsindən itələdiyini, Şəxs yaxınlaşaraq “niyə gic-gic söyüş söyürsən” deyərək qolu ilə boğazından itələyərək yoluna davam etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında N oktyabr 2025-ci il tarixdə saat 21:30 radələrində əsgər yoldaşları Şəxs ilə Zərərçəkmiş şəxs bir-biriləri ilə mübahisə etdiklərini,bir-birilərinə qarşı nalayıq ifadə işlətdiklərini, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs sinəsindən itələməsini,sonra əsgər Zərərçəkmiş şəxs qolu ilə Şəxs boğazından itələməsinin şahidi olduğunu bildirdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. Əsgər Zərərçəkmiş şəxs oğlunun barəsində olan xx.xx.2025-ci il tarixli, 606 №li müayinə aktından əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edilmişdir. Məmmədov X1 Muxtar Respublikası Hərbi Məhkəməsinin 21 iyul 2025-ci il tarixli,3- 1(092)-71/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs aralarında yaranmış mübahisə zəminində onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib, onun şərəf və ləyaqətini alçaltmaqla və sinəsindən itələyib zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabdin qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə həvalə edilsin.

5. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar