Məhkəmə qərarları › İş №3-1(092)-13/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-13/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-13/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxx 2006-cı ildə Kəngərli rayonunun Xok kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Kəngərli rayonunun Xok kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 5-ci bölüyünün 1-ci taqımında kəşfiyyatçı-radiotelefonçu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0751755) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 28 yanvar 2025-ci il tarixli, 3-3-250/2-002989/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 yanvar 2025-ci il tarixli, 3-3-250/3-001041/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 28 yanvar 2025-ci il tarixli, 3-3-250/3-001041/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin 3-cü taborunun 5-ci bölüyünün 1-ci taqımında kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edərkən xx.xx.2025-ci il tarixdə, saat 06:45 radələrində ayaqyolunda aralarında tabelik münasibətləri olmayan, onunla eyni taqımın 1-ci qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə onun şərəf və ləyaqətini alçaltmış və sifətinə bir yumruq vuraraq ona sağlamlığa zərər vurmayan “sol gözaltı nahiyənin qançırı” xəsarətini yetirmişdir. Faktla bağlı N №-li hərbi hissə komandanlığı tərəfindən ilkin araşdırma aparılaraq, toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 28 yanvar 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə səhər saat 06:45 radələrində əsgər yataqxanasının sanitar qovşağını təmizləyərkən orada əsgər Eltac Alməmmədlinin təbii ehtiyacını ödədiyini görmüş, oranı tez təmizləyib yerbəyerə çatması üçün ondan sanitar qovşağı bir az tez tərk etməsini xahiş etmişdir. Eltac Alməmmədli ona ayaqyolunun çirkləndiyi halda özünün təmizləyəcəyini bildirdikdə Eltac Alməmmədliyə tez çıxmasını təkrar etmiş, Eltac Alməmmədli isə ona nalayiq ifadə işlətmişdir. Bundan sonra o, Eltac Alməmmədliyə “sənə söyüş söymədim, niyə mənimlə söyüşlə danışırsan” demiş, Eltac Alməmmədli “yaxşı edirəm” deyə cavab verdikdə o, Eltac Alməmmədlinin ünvanına nalayiq ifadə işlətmiş, bu zaman Eltac Alməmmədli də onun ünvanına nalayiq ifadə işlətdikdə o, Eltac Alməmmədlinin sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər X4 verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 06:45 radələrində ayaqyolunda təbii ehtiyacını ödəyən zaman həmin vaxt ayaqyolunu təmizləyən əsgər Şəxs onun ayaqyolundan çıxmasını tələb edərək oranı təmizləyəcəyini bildirmiş, ona gözləməsini, çıxacağını desə də, Şəxs səbirsizlik edib ondan bir neçə dəfə təkrar olaraq çıxmasını tələb etmişdir. Ona cavab olaraq nalayiq ifadə işlətmiş, daha sonra təbii ehtiyacını ödədiyi yerdən çıxıb Şəxs tərəf getmiş, Şəxs ona etirazını bildirərək nə üçün onunla söyüşlə danışmasını soruşduqda ona “yaxşı edib söyürəm” demişdir. Bu zaman Şəxs də ona nalayiq ifadə işlətdiyindən ona nalayiq ifadə ilə qarşılıq vermiş və bundan sonra Şəxs sağ əli ilə onun sol göz nahiyəsinə bir yumruq vurmuşdur. Yaxalaşmaq istəyən zaman ayaqyolunda olan əsgər Şahid2 gəlib onları aralamışdır. Həmçinin əsgər X4 izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra onların bir-birindən qarşılıqlı şəkildə üzr istəyərək barışdıqlarını, özünün Şəxs bağışlamaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2005-ci il tarixdə səhər saat 06:45 radələrində ayaqyolunda yuyunarkən ayaqyolunun digər tərəfində əsgər Şəxs ayaqyolunu təmizlədiyini, əsgər Eltac Alməmmədlinin isə ayaqyolunda təbii ehtiyacını ödədiyini görmüş, onların içəridə səsləri gəlsə də su kranlarında axan suyun səsindən onların danışıqlarını başa düşməmişdir. Ayaqyolundan çıxıb getmək istəyən zaman Şəxs Eltac Alməmmədlinin üz nahiyəsinə bir yumruq vurduğunu görüb dərhal onların yanına gedib onların yaxalaşmasına imkan verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid1 verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü ildə park təsərrüfat günü olduğu üçün bir sıra işlərin görülməsindən yana hərbi hissəyə tez gəlmiş, saat 06:50 radələrində əsgər Şəxs və Eltaç Alməmmədov onun xidməti otağına gəlmişdilər. Zərərçəkmiş şəxs sol göz altı nahiyəsi qızarmışdır. Zərərçəkmiş şəxs birinci ayaqyolunu təmizləyərkən Şəxs dirsəyinin onun sol gözünə dəyib xəsarət aldığını bildirmiş, lakin onların hər biri ilə təklikdə söhbət etdikdə məlum olmuşdur ki, onlar ayaqyolunda mübahisə etmiş, bir-birlərinə qarşılıqlı nalayiq ifadələr işlətmişlər. Daha sonra Şəxs Zərərçəkmiş şəxs sol göz altı nahiyəsinə yumruqla vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, şahidlərin izahatlarını, müvafiq ekspert müayinə aktını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 295 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs həmin tarixdən hərbi hissənin 3-cü taborunun 5-ci bölüyünün 1-ci taqımında kəşfiyyatçı-radiotelefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 296 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X4 həmin tarixdən hərbi hissənin 3-cü taborunun 5-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunda kəşfiyyatçı-istehkamçı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər X4 arasında tabelik münasibətləri olmamışdır. X6 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 17 №-li ekspert müayinə aktından belə müəyyən olunur ki, əsgər X1 almış olduğu-sol gözaltı nahiyənin qançırıxəsarəti bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan 10 yanvar 2025-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər X2 qarşı zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 (on iki) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.

3. İnzibati həbsin əvvəli əsgər Şəxs 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Əsgər Şəxs 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar