Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-130/2024 16.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Orucəliyev Abil Elmar oğlu N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğunun 16 dekabr 2024-cü il tarixli 3-3-250/2-045578/2024 nömrəli məktubu ilə N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 dekabr 2024-cü il tarixli, 3-3-250/3-012971/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 16 dekabr 2024-cü il tarixli, 3-3-250/3-012971/2024 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2005-ci ildə Ağsu rayonunun Ərəbuşağı kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 2-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər Şəxs (Hərbi bilet № SX 0807616) N №-li hərbi hissənin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün 2-ci taqımının 1ci manqasında qumbaraatan vəzifəsində xidmət edərkən, 23 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində əsgər yoldaşları ilə söhbət edən zaman əsgər Zərərçəkmiş şəxs müdaxilə etməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq, saat 17 radələrində əsgər yataqxanasında onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmışdır. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” və 16 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarların surətlərindən görünür ki, faktla bağlı Naxçıvan Hərbi Prokurorluğu tərəfindən əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməsindən ibarət əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkibi olduğundan, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün müvafiq material ayrılaraq, baxılması üçün Naxçıvan Hərbi Prokurorluğunun aidiyyəti şöbəsinə verilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, əsgər Şəxs barəsində Naxçıvan Hərbi prokuroru vəzifəsini icra edən, Naxçıvan Hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Ramil Məmmədyarov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1- ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Tərəfimdən iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106cı maddəsinin tələblərinə uyğun olaraq öyrənilərkən müəyyən olunmuşdur ki, əsgər Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən, onun barəsində başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarında olan əsgər Şəxs xidməti vərəqəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə “əsgər yoldaşına nalayiq ifadə işlətdiyinə görə” xx.xx.2024-cü il tarixdə bölük komandiri tərəfindən “töhmət” intizam cəzası ilə cəzalandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən, isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin 56-cı bəndinə əsasən bölük (4-cü dərəcəli gəmi) komandirinin tabeliyində olan əsgərlərə, matroslara və çavuşlara məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; əsgərləri, matrosları və çavuşları hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmaqdan məhrum etmək; əsgərlərə, matroslara və çavuşlara növbədənkənar 5-ə qədər xidmət naryadı vermək hüququ vardır. İnzibati xəta haqqında işin materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs barəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən hərbi intizamın pozulması haqqında aparılmış icraat ona “töhmət” intizam cəzasının təyin edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də məhkəmə, əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər yoldaşına qarşı işlətdiyi nalayiq ifadənin xarakterini və bu intizam pozuntusunun qarşılığında ona təyin olunmuş tənbehin xarakter və sərtliyini nəzərə alaraq, hesab edir ki, əsgər Şəxs müvafiq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında “töhmət” intizam cəzasının təyin edilməsini onun “qanun və cinayət-prosessual normalar əsasında” məhkum edilməsinin nəticəsi kimi qəbul etmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi Azərbaycan Respublikası konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində qeyd olunmuşdur ki, “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Hüququn hamılıqla qəbul edilmiş “non bis in idem” (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “X2 Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82). Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“X1rşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarının olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs eyni fakt üzrə bölük komandiri tərəfindən intizam qaydasında “töhmət” intizam cəzasına məhkum edildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən əsgər Şəxs barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 43, 48-51, 53.1.7, 106, 109.2, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş hal ilə bağlı xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3-1(092)-130/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-130/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver