Məhkəmə qərarları › İş №3-1(092)-134/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-134/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-134/2024 27.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxx 1984-cü ildə Qazaxıstan Respublikasının Çimkent şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:7D1PVXF), ailəli (himayəsində 3 azyaşlı övladı olan), ali hərbi təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, 1 №-li hərbi şəhərcik, bina 37, mənzil 19-da yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin qərargah rəisi-hərbi hissə komandiri vəzifəsində, polkovnik- leytenant hərbi rütbəsində xidmət edən (hərbi bilet MN № 0051394) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 27 dekabr 2024-cü il tarixli, 3-3-250/2-047678/2024 №-li məktubu ilə polkovnik-leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 dekabr 2024-cü il tarixli, 3-3- 250/3-013523/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 25 dekabr 2024-cü il tarixli, 3-3-250/3-013523/2024 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs N nömrəli hərbi hissənin qərargah rəisi – hərbi hissə komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət edərkən N №-li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 2-ci reaktiv artilleriya batareyasının, idarəetmə taqımının, idarəetmə manqasında sürücü-elektrik vəzifəsində, öz tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs əsgər yoldaşını qorxutması səbəbindən 22 sentyabr 2024-cü il tarixdə, saat N radələrində hərbi hissənin qazanxanasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində təsbit olunmuş “komandir, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs qarşı “niyə belə şərəfsizlik etmisən” deyərək, bundan sonra, hərbi hissənin kiçik sıra meydanında şəxsi heyətin düzülüşü zamanı eyni səbəbdən əsgər Zərərçəkmiş şəxs qarşı “şərəfsiz” nalayiq ifadəsini işlətməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin əsgəri Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd etməsi ilə bağlı Naxçıvan Hərbi Prokurorluğunda istintaq olunraq xx.xx.2024-cü il tarixdə icraatına xitam verilmiş ********* №-li cinayət işindən ayrılmış materiallar əsasında polkovnik-leytenant Şəxs yuxarıda qeyd olunan əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 25 dekabr 2024-cü il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan polkovnik-leytenant Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə mayor Vüsal Dadaşov ona əsgər Zərərçəkmiş şəxs oyuncaq ilanla əsgər yoldaşı İbrahim Vəliyevi qorxutmasını və onun da qorxudan dilinin tutulması barədə məlumat vermiş, o, əsgərlərin yanına gətirilməsini tapşırmış, bir qədər sonra əsgərlər qazanxanaya gəlmiş, əsgər Zərərçəkmiş şəxs niyə belə etməsini soruşduqda o, heç nə etmədiyini demiş, təkrar əsgər İbrahim Vəliyevdən onu kimin qorxutmasını soruşduqda o, onu əsgər Zərərçəkmiş şəxs qorxutmasını demiş, buna görə əsgər Zərərçəkmiş şəxs boynundan tutub “niyə belə şərəfsizlik etmisən” deyib qazanxanaya tərəf itələmiş və onunla birlikdə qazanxanaya daxil olmuş, bir qədər sonra çölə çıxıb birlikdə kiçik sıra meydanına getmiş, kiçik sıra meydanında əsgər Zərərçəkmiş şəxs qarşı yenidən “şərəfsiz” sözünü işlətmişdir. Həmçinin polkovnik-leytenant Şəxs izahatında tabeliyində olmuş əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istədiyini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hal-hazırda Müdafiə Nazirliyinin BKH-da stasionar müalicədə olan zərərçəkmiş şəxs-əsgər Zərərçəkmiş şəxs iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etməsi və hazırkı iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etməsi ilə bağlı məhkəməyə ünvanlandığı 25 dekabr 2024-cü il tarixli ərizəsini, o cümlədən proses iştirakçılarının da bu barədə fikirlərini nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və izahatının elan edilməsini, o cümlədən qərarın əsaslandırılması zamanı onun izahatına istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4, 112.1.4 və 115-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Naxçıvan Hərbi Prokurorluğunda ********* №-li cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş əsgər Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissədə xidmət edən zaman əsgər Şahid4 hərbi şəhərcikdən plastik materiallı oyuncaq ilan tapmış, o, həmin gün axşam saatlarında oyuncaq ilanı ondan almış, yataqxanada oyuncaq ilanı əlində oynadaraq gedib çarpayıda oturarkən çarpayının baş tərəfində oturmuş əsgər İbrahim Vəliyev əlini başına tutmuş, ondan nə olmasını soruşduqda əsgər İbrahim Vəliyev əlindəki ilandan qorxmasını bildirmiş, bundan sonra əsgər İbrahim Vəliyev kəkələyərək danışmağa başlamış, onun bu vəziyyətini görüb əsgər yoldaşlarına bildirmiş, ertəsi gün mayor Vüsal Dadaşov ondan oyuncaq ilanı haraya atdığını soruşduqda ona zibilliyə atdığını bildirmiş, mayor Vüsal Dadaşov ilanı gətirməyi tapşırdığı üçün zibilliyə getmiş, həmin vaxt hərbi hissə komandiri polkovnik-leytenant Şəxs oraya gəlib “o şərəfsizi buraya çağırın” demiş, o da onu nəzərdə tutmasını bilib yanına getmiş, hamamın arxasında polkovnik-leytenant Şəxs “bu nə şərəfsizlikdir etmisən” deyib boynunun arxa tərəfindən tutub onu qazanxanaya tərəf itələmiş, birlikdə qazanxanaya daxil olduqdan sonra içəridə polkovnik-leytenant Şəxs ona nalayiq ifadə işlədərək irad bildirmiş, polkovnik-leytenant Şəxs bu hərəkətləri ona mənəvi cəhətdən pis təsir etmiş, sonra çölə çıxıb kiçik sıra meydanına getmiş, şəxsi heyət kiçik sıra meydanında düzülmüş, polkovnik-leytenant Şəxs onu, əsgərlər Şahid4 və M.Fərzəliyevi sıranın qarşısına çıxartmış, həmin vaxt polkovnik-leytenant Şəxs sağ əli ilə onun sol çiynindən tutub sıxıb silkələyərək şəxsi heyətin qarşısında ona qarşı nalayiq ifadə işlədərək irad bildirmiş, polkovnik-leytenant Şəxs birbaşa ona “şərəfsiz” sözünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi izahatında göstərmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə, saat N radələrində hərbi hissənin şəxsi heyətinə kiçik sıra meydanında “düzülüş” komandası verilmiş, düzülüş zamanı əvvəlki gün əsgər Zərərçəkmiş şəxs əsgər İbrahim Vəliyevi oyuncaq ilanla qorxutmasını, buna görə əsgər İbrahim Vəliyevin danışarkən kəkələməsini öyrənmiş, düzülüş zamanı polkovnikleytenant Şəxs əsgərlər Zərərçəkmiş şəxs, Şahid4 və M.Fərzəliyevni sıranın qarşısına çıxarmış, əlini əsgər Zərərçəkmiş şəxs çiyninə qoyub silkələyərək “belə şərəfsizlik etməyin, bir-birinizlə zarafat etməyin” demiş, sonra polkovnik-leytenant Şəxs əsgər Zərərçəkmiş şəxs kürəyindən əlinin içi ilə 2-3 dəfə toxunub sıraya durmasını demiş və şəxsi heyətin nahar yeməyinə getməsi barədə tapşırıq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 verdiyi izahatında göstərmişdir ki, 22 sentyabr 2024-cü il tarixdə, saat N radələrində hərbi hissənin şəxsi heyətinə kiçik sıra meydanında “düzülüş” komandası verilmiş, hərbi hissənin heyəti kiçik sıra meydanında düzülmüş, bu vaxt qazanxana tərəfdə dayanmış polkovnik-leytenant Şəxs mayor Vüsal Dadaşova əsgər Zərərçəkmiş şəxs çağırmasını dediyindən əsgər Zərərçəkmiş şəxs sıradan çıxıb onun yanına getmiş, polkovnik-leytenant Şəxs əsgər Zərərçəkmiş şəxs “bu nə şərəfsizlikdir etmisən” demiş, onlar qazanxanaya tərəf getmiş, qazanxana istiqaməti durduğu yerdən görünmədiyi üçün orada nə olmasını bilməmiş, saat 13:20 radələrində polkovnik-leytenant Şəxs sıranın qarşısına gəlib şəxsi heyətə “olanlardan xəbəriniz var, neçə dəfə demişəm şit zarafatlar etməyin” demiş, əsgərlər Zərərçəkmiş şəxs, Şahid4 və M.Fərzəliyevi sıranın qarşısına çıxardıb sağ əli ilə əsgər Zərərçəkmiş şəxs çiynindən tutub silkələyərək “bu tərbiyəsiz, intizamsız əsgərdir, əsgər yoldaşını qorxudub, o, kəkəliyir, bunun valideyini gələcək bura, belə intizamsız, şərəfsiz, ləyaqətsiz əsgərlər çox olacaq, bu ləyaqətsizi tanıyın, Zərərçəkmiş şəxs cəzasını alacaq” demiş, əsgər Zərərçəkmiş şəxs polkovnik- leytenant Şəxs sərt şəkilə baxmış, polkovnikleytenant Şəxs ona “buna bax gör necə tərs-tərs baxır” demiş, bundan sonra polkovnikleytenant Şəxs sıraya keçməsi üçün əsgər Zərərçəkmiş şəxs kürəyindən əlinin içi ilə toxunub sıraya durmasını demiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs gəlib sırada onun yanında dayanmış, ondan nə olmasını soruşduqda əsgər Zərərçəkmiş şəxs “komandir dedi ki, həbsə gedəssən, cəzalanassan” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid3 və əsgər Şahid4 oxşar məzmunlu izahatlar verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri izahatlarında göstərilənləri təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsini, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: X3 komandanlığının xx.xx.2024-cü il, 184 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, həmin tarixdən N №-li hərbi hissə komandirinin vəzifələrinin icrası hərbi hissənin qərargah rəisi – hərbi hissə komandirinin müavini polkovnik-leytenant Şəxs həvalə edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-ci il tarixli, 11 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 2-ci reaktiv artilleriya batareyasının, idarəetmə taqımının, idarəetmə manqasında sürücü-elektrik vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A-126 №li arayışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs və polkovnik-leytenant Şəxs arasında tabelik münasibətləri olmuşdur. X3 komandanlığı tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, polkovnik-leytenant Şəxs komandanlıq tərəfindən müsbət xarakterizə edilir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, A-160 №li arayışdan görünür ki, polkovnik-leytenant Aslanov X2 nazirinin xx.xx.2012-ci il tarixli 047t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli 015t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı, Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli 0108t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubileyi medalı, Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0120t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən və Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 070t nömrəli əmri ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubileyi medalı, Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0122t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı və Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0144t nömrəli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli medalı ilə təltif olunmuşdur Əsgər Zərərçəkmiş şəxs Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, hadisədən sonra polkovnik-leytenant Şəxs ondan və ailəsindən üzr istədiyindən, o, Şəxs bağışlamış, hal-hazırda onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 164 №-li arayışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “Politravma. Sağ qalça qanadı və oma sümüyünün, sağ aşıq baldır oynağı sümüklərinin qapalı-qəlpəli yerdəyişən sınıqları” xəsarəti ilə müşayiət olunan diaqnoz təyin edilmiş və o, xx.xx.2024cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyyə edilərək, hazırda həmin hospitalın nevroloji bölməsində stasionar müalicə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş polkovnik-leytenant Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu polkovnik-leytenant Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, polkovnik-leytenant Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində polkovnik-leytenant Şəxs tabeliyində olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmasına görə on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq polkovnik-leytenant Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yuxarı komandanlıq tərəfindən müsbət xarakterizə edilməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq polkovnik-leytenant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, polkovnik-leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, polkovnik-leytenant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar X3 komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.

2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması X3 Komandanlığına həvalə edilsin.

3. Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında iş üzrə toplanmış materiallar X3 Komandanlığına göndərilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar