Məhkəmə qərarları › İş №3-1(092)-142/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərardad — İş №3-1(092)-142/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3-1(092)-142/2025 17.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Naxçıvan Hərbi Prokurorluğu tərəfindən N №-li hərbi hissənin əsgəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 13 noyabr 2025-ci il tarixli, 67 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər 17 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Material öyrənilərkən müəyyən edilmişdir ki, 10 aprel 2004-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, həmin ünvanda daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 2024-cü ilin iyul çağırışında SHXÇDX-in Şərur rayon şöbəsindən hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun, 2-ci artilleriya batareyasının, 1-ci taqımının, 2-ci döyüş maşınının heyət nəfəri vəzifəsində xidmət edən əsgər Şəxs (hərbi bilet SX № xxxxxxx) parkın gün növbətçisi olub xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində həmin hərbi hissənin avtomobil parkında ayaqyolunu və işıqlarını təhvil alarkən parkın ərazisindəki 5 №-li xidmət məntəqəsinin 2-ci mərtəbəsində yerləşən qapısı bağlı saxlanc otağının qapısına süngü bıçaqla müdaxilə edib açmaqla X1 Sanayi və Ticaret Anonim Şirkəti tərəfindən geri göndərilməmək şərti ilə təlimlə bağlı N №-li hərbi hissəyə verilmiş N ədədinin qiyməti 17 manat olan 4 ədəd “Roketsan” markalı telefon enerji doldurucusunu və qiyməti 5 manat olan 1 ədəd açar qolunu götürməklə, ümumilikdə özgəsinə məxsus dəyəri 73 manat olan əmlakları talamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq hesab edir ki, daxil olmuş material natamam olduğuna görə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində olan inzibati xətalar haqqında işlərə baxılarkən malik olduğu hüquq və vəzifələr dəqiq və aydın şəkildə göstərilməsinə, o cümlədən hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirləndirildiyi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmasına və bu səbəbdən də onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraatda iştirakının qanunvericiliyin tələblərinə əsasən məcburi olmasına baxmayaraq, Naxçıvan Hərbi Prokurorluğu tərəfindən 13 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərkən və iş materialları baxılması üçün məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Beləliklə də, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər yuxarıda qeyd olunmuş çatışmamazlıqların aradan qaldırılması üçün həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin inzibati xətalar haqqında işin baxılmağa hazırlanması mərhələsində qəbul edilmiş hazırki qərardadı məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Bu səbəbdən də, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsi mümkündür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: N nömrəli hərbi hissədə xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş 13 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana-Naxçıvan Hərbi Prokurorluğuna geri qaytarılsın. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar