Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-15/2025 03.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X1, Müdafiəçi: X2, Zərərçəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə 20 iyul 2007-ci il tarixdə Şərur rayonunun Şahbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Şərur rayonunun Şahbulaq kəndində qeydiyyatda duran, Şərur rayonunun Mahmudkənd kəndində yaşayan, N nömrəli hərbi hissənin tank əleyhinə bölüyün 2-ci tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 03 fevral 2025-ci il tarixli, 3-3-250/2-29/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 fevral 2025-ci il tarixli, 12 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan məlum olur ki, əsgər Şəxs (SX № ******* hərbi bilet) Şahbuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin tank əleyhinə bölüyün 2-ci tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri vəzifəsində, əsgər rütbəsində xidmət edərkən 10 yanvar 2025-ci ildə əsgər yoldaşı X5 aid “Samsung J2 Prime” markalı smartfon telefonu istifadə etmiş, onun mobil telefonu istifadə etməsini onunla eyni batareyada xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs görüb komandir heyətinə məlumat vermişdir. Ertəsi gün, 11 yanvar 2025-ci il tarixdə, saat 20:20 radələrində əsgər Şəxs bu səbəbdən əsgər Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birlərinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söz deyib onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında əsgər yoldaşı Asəf Seyidovun istifadə etmək üçün xidmət yerinə “Samsung J2 Prime” markalı telefon gətirdiyini, 10 yanvar 2025-ci ildə həmin telefonu Asəf Seyidovda görüb ondan alıb istifadə etdiyini, onun telefon istifadə etməsini əsgər Zərərçəkmiş şəxs gördüyünü, həmin gün komandir heyətinə məlumat verdiyini, xx.xx.2025-ci il tarixdə komandir heyəti tərəfindən şəxsi heyətə baxış keçirilib telefon aşkar edildiyini, həmin gün saat 20:20 radələrində əsgər Taleh Qurbanovla siqaret çəkərkən ondan kimin komandir heyətinə məlumat verməsini soruşduğunu, əsgər T.Qurbanov telefon istifadə etmələrini komandir heyətinə özünün dediyini bildirdiyini, buna görə əsgər T.Qurbanovla sözlü mübahisə etdiyini və onun ünvanına nalayiq sözlər dediyini, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında əsgər Şəxs 10 yanvar 2025-ci ildə smartfon telefon görüb ona qadağan olunduğunu və buna görə problem yaranacağını dediyini, lakin əsgər Şəxs ona əhəmiyyət vermədiyini, həmin gün bölük üzrə cavabdeh, MAHHXHQ əsgər X3 bu barədə məlumat verdiyini, xx.xx.2025-ci il tarixdə səhər saatlarında komandir heyəti tərəfindən şəxsi heyətə baxış keçirilib telefon aşkar edildiyini, həmin gün saat 20:20 radələrində yataqxananın arxasında siqaret çəkərkən əsgər Şəxs ondan komandir heyətinə kimin məlumat verməsini soruşduğunu, ona telefon istifadə etməsini komandir heyətinə özünün dediyini bildirdiyini, buna görə əsgər Şəxs onunla sözlü mübahisə etdiyini və onun ünvanına nalayiq sözlər dediyini, Şəxsla barışdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid izahatında əsgər Şəxs telefon istifadə etməsini əsgər Zərərçəkmiş şəxs komandir heyətinə məlumat verdiyini, buna görə Şəxs 11 yanvar 2025-ci ildə əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər dediyini, hadisə barədə onlara bölük komandiri baş leytenant X4 12 yanvar 2025-ci ildə səhər yerbəyerində məlumat verdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissənin əsgərləri Şəxs və Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli 17 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin tank əleyhinə bölüyün 1-ci tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri vəzifəsinə, əsgər Şəxs isə N nömrəli hərbi hissənin tank əleyhinə bölüyün 2-ci tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. İş materiallarından aydın olur ki, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs mənfi, Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 20:20 radələrində üzərində mobil telefon gəzdirməsini yuxarı rəis heyətinə məlumat verməsinə görə əsgər Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, onun ünvanına nalayiq söz deyib onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs əsgər Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov