Məhkəmə qərarları › İş №3-1(092)-155/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-155/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-155/2025 28.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Naxçıvan Hərbi Kollecinin nümayəndəsi: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 2007-ci ildə Rusiya Federasiyası Surqut şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, əvvəllər inzibati xəta törətməmiş, Masallı rayonu Şatıroba kəndində daimi qeydiyyatda olmaqla Naxçıvan Hərbi Kollecinin kursant yataqxanasında yaşayan,xx.xx.2025-ci il tarixdən Naxçıvan Hərbi Kollecinin 2-ci kursant taborunda xidmət edən kursant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Kollecindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Kollecinin kursantı Şəxs 01 noyabr 2025-ci il tarixdə yataqxanada tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində ona qarşı nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış və ona qarşı zor tətbiq etmişdir. Faktla bağlı kursant Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün Naxçıvan Hərbi Kollecinin rəisi vəzifəsini müvəqqəti icra edən, polkovnik-leytenant Hikmət Hacıyev tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, kursant Şəxs ifadəsində, 01 noyabr 2025-ci il tarixində saat təxminən 20:00 radələrində şam yeməyindən sonra otağa getdiyini, Otaqda olarkən ağzına bəlğəm gəldiyindən pəncərədən tüpürdüyünü, tüpürcəyin gedib pəncərənin qarşısına düşdüyünü, bundan bir neçə dəqiqə sonra kursant yoldaşı Zərərçəkmiş şəxs otağa gəldiyini, pəncərənin qarşısına tüpürcək izini gördüyünü, “bunu hansı tərbiyəsiz edib?” deyə sual verdiyini, o da həmin zaman özünün etdiyini bildirdiyini, bundan sonra Zərərçəkmiş şəxs ona “evində də belə edirsən?” deyə sual verdiyini, ona yaxşı etdiyini dediyini, bundan sonra Zərərçəkmiş şəxs ona “mədəniyyəsizliyi kim edibsə onun varyoxunu” deyib nalayiq ifadə işlətdiyini, o isə qarşılığında “məni nəzərdə tutub deyənin varyoxunu” deyib nalayiq ifadə işlətdiyini, bundan sonra “hərəkətimə pis baxanın varyoxunu belə-belə edim” dediyini və gedib digər pəncərədən çölə tüpürdüyünü, buna qarşılıq olaraq Zərərçəkmiş şəxs ona “sənin sortunu belə edim” deyib, nalayiq ifadə işlətdiyini, sonra onun sol ayağından bir təpik zərbəsi vurduğunu, həmin zaman orada olan kursant yoldaşları Şahid və Cəbiyev Nihad onları ayırdığını, bundan sonra digər kursantların gəlib Zərərçəkmiş şəxsı başqa otağa apardıqlarını, otaqda qalıb əsəbindən ağladığını,digər kursant yoldaşlarının onu sakitləşdirdiyini, saat 21:00 radələrində foyedə olan düzülüşə getdiklərini, sırada olarkən əsəbi olduğu üçün otağa gəlib əl-üzünü yuduğunu, üzünü qurulayarkən Zərərçəkmiş şəxs gəldiyini, həmin zaman onun üzərinə yeridiyini və sağ əlim ilə boğaz nahiyəsindən sıxdığını, kursant yoldaşlarının gəlib onları ayırdığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 01 noyabr 2025-ci il tarixində həftənin 6-cı günü dərs olmadığından buraxılış günü olduğunu, həmin gün mən saat 11:00 radələrində buraxılışa çıxdığını, saat 17:00 radələrində burxılışdan qayıtdığını, sıra olduqdan sonra şəxsi heyəti istirahət etməsi üçün buraxdıqlarını, 2-ci taborun 31-ci otağında qaldığını, gündəlik fəaliyyətlə məşğul olduqdan sonra saat 20:00 radələrində otaqda olduğunu, otaqda olan zaman pəncərələrdən birində, yəni qapıdan içəri girdikdə sağ tərəfdə olan pəncərənin çöl tərəfində tüpürcək izi gördüyünü, “bunu hansı tərbiyəsiz edib?” deyə sual verdiyini, kursant Şəxs etdiyini etiraf etdiyini, həmin zaman ona “evinizdə də belə edirsən?” deyə sual verdiyini, Şəxs yaxşı etdiyini bildirdiyini, cavab olaraq “mədəniyyətsizlik edənin varyoxunu belə-belə edim” dediyini, Şəxs isə “mənim hərəkətimə pis baxanın varyoxunu belə-belə edim ” deyib nalayiq ifadə işlətdiyini, bundan sonra Şəxs gedib digər pəncərədən çölə tüpürdüyünü, həmin zaman, Şəxs onun pəncərədə olan mülkü paltarımın üstünə tüpürdüyünü düşündüyünü, “paltarımın üstünə tüpürənin sortunu” deyib nalayiq ifadə işlətdiyini, Şəxs onun üzərinə gəldiyini və sol ayağından bir təpik zərbəsi vurduğunu, orada, yəni otaqda olan kursantlar Şahid və Cəbiyev Nihad onları ayırdığını, sonra digər kursant yoldaşlarının onu ayırıb başqa otağa apardığını, sonra axşam yoxlanışı sırasına getdiklərini, 2-ci mərtəbənin foyesində düzüldüklərini, sonra kursant Şəxs 3-cü mərtəbəyə qalxdığını görüb onun arxası ilə getdiyini, otağa girdiyini, Şəxs üzr istəyib onu səhv başa düşdüyünü dediyini, həmin zaman onun üzərinə gəldiyini və boğazından sağ əli ilə yapışıb sıxdığını, digər kursant yoldaşlarının gəlib onalrı ayırdığını, bundan sonra mayor Tural Xəlilovun gəldiyini onlardan nəyə görə dalaşdığını soruşub, aidiyyəti üzrə məruzə etdiyini Şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş kursant Şahid ifadəsində 01 noyabr 2025-ci il tarixdə saat 20:00 radələrində 2-ci taborun yataqxanasının 3-cü mərtəbəsində olan 31-ci otağa getdiyini, Şəxs otaqda sağ pəncərənin qarşısında oturduğunu, Zərərçəkmiş şəxs gəlib və pəncərənin qarşısına keçdiyini, Zərərçəkmiş şəxs tüpürcəyi görüb “bunu hansı tərbiyəsiz edib?” deyə sual verdiyini, Şəxs isə özünün etdiyini bildirdiyini, buna qarşılıq olaraq Zərərçəkmiş şəxs “Evində də belə edirsən?” deyə sual verdiyini, Şəxs isə yaxşı etdiyini dediyini, Buna qarşılıq olaraq Zərərçəkmiş şəxs “Mədəniyyətsizliyi kim edibsə onun varyoxunu” deyib nalayiq ifadə işlətdiyini, Şəxs isə “məni nəzərdə tutub deyənin varyoxunu” deyə cavab verdiyini, bundan sonra digər pəncərənin qarşına keçib “Hərəkətimə pis baxanın varyoxunu ” dediyini və pəncərədən çölə tüpürdüyünü, buna qarşılıq olaraq Zərərçəkmiş şəxs Şəxs “ sənin sortunu” deyib nalayiq ifadə işlətdiyini, nundan sonra Şəxs onun sol ayağından bir təpik zərbəsi vurduğunu, onları ayırdıqlarını, Zərərçəkmiş şəxs başqa otağa apardıqlarını, saat təxminən 21:15 radələrində yuxarıdan səs-küy eşitdiklərini, yuxarı qalxdıqda otaqda Şəxs Zərərçəkmiş şəxs boğazından sıxdığını gördüklərini, dərhal müdaxilə edib onları ayırdıqlarını bildirdi. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş 26 noyabr 2025-ci il tarixli,159 nömrəli arayışda Naxçıvan Hərbi Kolleci Xüsusi Təyinatlı Təhsil müəssisəsi olduğundan, orada təhsil alan kursantlar, o cümlədən kursant Zərərçəkmiş şəxs və kursant Şəxs hərbi qulluqçu hesab olunduğu göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli,158 nömrəli arayışda kursant Zərərçəkmiş şəxs və kursant Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Kursant Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 657 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət –boyunun ön səthinin qançırı-bərk küt əşyanın təsirindən xarakterik olduğu,şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə törənməsinin istisna olunmadığı,sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş xidməti xasiyyətnamədə kursant Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – kursant Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kursant Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - kursant Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində ona qarşı nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmış və ona qarşı zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, kursant Şəxs inzibati xəta törədilən vaxt 18 yaşına çatmayan şəxs olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq kursant Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq kursant Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, kursant Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci kursant Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Kursant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci kursant Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar