Məhkəmə qərarları › İş №3-1(092)-162/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-162/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-162/2025 11.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: X Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 2006-cı ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx) natamam orta təhsilli, subay, Xocavənd rayonunun Günəşli kəndində daimi qeydiyyatda olmaqla,hazırda N №-li hərbi hissənin əsgər yataqxanasında yaşayan, 15 iyul 2024-cü il tarixdə SHXÇDX-in Xocavənd rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissənin artilleriya divizionunun, 3-cü batareyasının, 1-ci taqımının, 1-ci topunun sürücüsü vəzifəsində xidmət edən, əsgər(SX № xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 27 oktyabr 2025-ci il tarixdə, saat N radələrində N №-li hərbi hissənin sıra meydanında axşam yoxlanışının düzülüşü zamanı tabelik münasibətlərində olmayan, həmin hərbi hissənin 1-ci artilleriya divizionunun, 3-cü artilleriya batareyasının, atəş dəstək qrupunun radiotelefonçusu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs sırada danışmamasını demiş, Zərərçəkmiş şəxs cavabında ona “sən kimsən ki, mənə irad tutursan, sən mənə irad tuta bilməzsən” sözlərini dediyinə görə aralarında yaranmış mübahisə zəminində əsgər Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına kobud nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 11 dekabr 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru ədliyyə polkovniki Aqil Axundov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş, bununla bağlı qərar və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 27 oktyabr 2025-ci ildə, saat N radələrində axşam yoxlanışı üçün batareyanın şəxsi heyətinin sıra meydanında düzülüşdə olduğunu, özünün cərgədə sol tərəfdə arxa sırada dayandığını, ondan ön tərəfdə dayanmış əsgər Zərərçəkmiş şəxs sırada söhbət etməsinə görə sırada artıq qalmamaları üçün sırada danışmamasını, kimsə görərsə batareyaya irad bildirib əlavə sırada dayanacaqlarını dediyini, Zərərçəkmiş şəxs isə ona “sən kimsən ki, mənə irad tutursan, sən mənə irad tuta bilmərsən” sözlərini deyib etiraz etdiyini, Zərərçəkmiş şəxs irad tutmadığını, sadəcə ona görə batereyaya irad gələcəyini dedikdə, Zərərçəkmiş şəxs ona “mənə komanda verən şəxsin deyib nalayiq ifadə işlətdiyini, sənin başına oyun açaram” deyərkən ona qarşı nalayiq söz demədiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 1-ci divizionunun, 3-cü batareyasının, 1-ci taqımının, 1-ci manqasında baş tuşlayıcısı əsgər Şahid1 izahatında 27 oktyabr 2025-ci il tarixdə, saat N radələrində axşam yoxlanışı üçün sıra meydanında düzülüşdə olarkən Zərərçəkmiş şəxs sırada danışmasına görə Şəxs ona sırada danışmamasını, ona görə batareyanın şəxsi heyətinə irad tutulacağını bildirdiyini, Zərərçəkmiş şəxs ona “sən mənə irad tuta bilmərsən, sən kimsən ki,” sözlərini deyib etiraz etdiyini, Şəxs ona irad tutmamasını, sadəcə batereyaya irad gələcəyini dedikdə Zərərçəkmiş şəxs ona “mənə komanda verən şəxs mənim yeyir” deyib nalayiq ifadə işlətdiyini, Şəxs də Zərərçəkmiş şəxs “sən də mənim yeyirsən” sözlərini deyib nalayiq idafə işlətdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 1-ci divizionunun, 3-cü batareyasının, 1-ci taqımının, 2-ci manqasında heyət nəfəri-atıcısı əsgər Şahid2 izahatında 27 oktyabr 2025-ci ildə, saat N radələrində sıra meydanında olarkən Zərərçəkmiş şəxs sarada danışdığından arxa sırada olan Şəxs ona sırada danışmamasını dediyini, Zərərçəkmiş şəxs ona “sən kimsən ki, mənə irad tutursan, sən mənə irad tuta bilmərsən” sözlərini deyib etiraz etdiyini, əsgər Şəxs ona irad tutmadığını, sadəcə bir nəfərə görə batereyaya irad gələcəyini dedikdə, Zərərçəkmiş şəxs ona “mənə komanda verən şəxs mənim yeyir” deyib nalayiq ifadə işlətdiyini, bunun qarşılığında Şəxs də ona “sən də mənim yeyirsən” deyib nalayiq ifadə işlətdiyini göstərdi. Məhkəmə iclasında iştirak etməyən, ibtidai istintaqda ifadəsi tədqiq edilərək elan edilmiş zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2025-ci ildə, saat N radələrində axşam yoxlanışı üçün şəxsi heyətin sıra meydanında düzüldüyünü, yanındakı əsgərlə söhbət etdiyini, arxa sırada olan əsgər Şəxs ona sırada danışmamasını dediyini, ona “sən mənə irad tuta bilmərsən, sən kimsən ki, mənə zabit, gizirlər irad tuta bilər” sözlərini deyib etiraz etdiyini, əsgər Şəxs də ona “mən sənə irad tuta bilərəm, sırada sakit dur” dediyini, əsəbi olduğu üçün ona “mənə komanda verən şəxs mənim yeyir” dedikdə, əsgər Şəxs də ona “sən də mənim yeyirsən” deyib nalayiq ifadə işlətdiyini göstərdi. N №-li hərbi hissənin xx.xx.2025-ci il tarixli, 93/2425 №-li məktubunda əsgər Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə “funksional mədə bağırsaq pozğunluğu” diaqnozu ilə stasionar müalicəyə qəbul edildiyi, həkim psixiatrın müayinəsi zamanı xəstədə “dissosiativ reaksiya” xəstəliyi aşkar edildiyi, xx.xx.2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə onun Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına köçürüldüyü göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim olunmuş 11 dekabr 2025-ci il tarixli,A-73 nömrəli arayışda N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs 17 noyabr 2025-ci il tarixdə yüksək ixtisaslı müayinə və müalicə məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərildiyi, hazırda onun müalicəsinin bitmədiyindən hərbi hissəyə qayıtmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 272 №-li əmrindən çıxarışda əsgər Şəxs N №-li hərbi hissənin artilleriya divizionunun, 3-cü batereyasının, 1-ci taqımının, 1-ci topunun sürücüsü vəzifəsinə təyin edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 276 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin 1-ci artilleriya divizionunun, 3-cü artilleriya batareyasının, atəş dəstək qrupunun radiotelefonçusu vəzifəsinə təyin edildiyi göstərilmişdir. N №-li hərbi hissədən təqdim edilmiş arayışda əsgərlər Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgər Şəxs müsbət, əsgər Zərərçəkmiş şəxs isə mənfi xarakterizə edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs ünvanına kobud nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, xidmət müddətinin bitməsinə az qalmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını,xidmət müddətinin bitməsinə bir aydan az qalmasını,əməli zərərçəkmiş şəxsin qanunsuz hərəkətini təsiri altında törətməsini, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar