Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-178/2025 26.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim : Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 2007-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN xxxxxxx), subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Cəlilabad şəhəri,Əlixan Rəhimov küçəsi, ev 26-da daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 10 dekabr 2025-ci il tarixdə,saat 07:30 radələrində tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmışdır. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 26 dekabr 2025-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-letyenant Tacirəddin Abdinov tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib olunmuş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 10 dekabr 2025-ci il tarixdə, saat 07:30 radələrində yeməkxanadan çıxıb avtomobil parkında yerləşən 8 nömrəli saxlancdan təhcizatlarımızı götürüb gedərkən orada əsgər yoldaşı Zərərçəkmiş şəxs ilə dəbilqə üstündə mübahisə yarandığını, mübahisə zəmnində Zərərçəkmiş şəxs onu söyərək şərəf və ləyaqətini alçaltdığını, özünün də məcbur qalıb ona qarşı nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs üzr istədiyini, əməlindən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında 10 dekabr 2025-ci il tarixdə, saat 07:30 radələrində yeməkxanadan çıxıb avtomobil parkında yerləşən 8 nömrəli saxlancdan təhcizatları götürüb gedərkən orada əsgər yoldaşı Şəxs ilə dəbilqə üstündə yaranmış mübahisə zəmnində onu söyərək şərəf və ləyaqətini alçaltdığını, Şəxsda ona qarşı nalayiq ifadə işlətdiyini, sonradan barışdıqlarını, Şəxs şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında iştirak edən Şahid də göstərilən xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs aralarında yaranmış mübahisə zəminində tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söz deyib onun şərəf və ləyaqətini alçaltmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
1. Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.
2. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov