Məhkəmə qərarları › İş №3-1(092)-18/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-18/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-18/2024 29.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorluğun prokuroru ədliyyə mayoru X1 Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 2002-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Neftçala rayonunun Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin 4-cü taborun N –ci bölüyün, 2-ci taqımın 2-ci manqasının komandiri MAHHXHQ-su əsgər, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində MAHHXHQ-su əsgər hərbi rütbəsində xidmət edən Şəxs 2023-cü ilin avqust-sentyabr aylarında hərbi hissənin Babək rayonun Aşağı Buzqov kəndi ərazisində yerləşən, şərti adı “Mina” olan döyüş mövqeyinin yataqxanasında komandiri olduğu manqada öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs mövqeyə gətirdiyi smatfon tipli mobil telefonunda olan çılpaq qadın şəkillərinin postda xidmət edən digər əsgərlərin yanında göstərərk “bu sənin anandı, bacındı, xalandı” deyrək rəiis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqəni alçatmışdır. Beləliklə, MAHHXHQ-su əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHXHQ-su əsgər Şəxs izahatında 2021-ci ilin avqust ayında N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində MAHHXHQ əsgər hərbi rütbəsində xidmətə başladığını, şərti adı “Mina” olan mövqedə xidmət edərkən onun tabeliyində əsgərlər Zərərçəkmiş şəxs, Şahid1, İbişov Şəmşirin, Əliyev Tunarın və digər əsgərlərin də xidmət etdiyini, həmin mövqedə xidmət edən zaman 2023-cü ilin avqust-sentryabr aylarında mövqeyə gətirdiyi smatfon tipli mobil telefonunda olan və “Tik-tok” sosial şəbəkəsində gördüyü çılpaq qadın şəkilləri əsgər Zərərçəkmiş şəxs göstərib “bu sənin anandı, xalandı” dediyini, sonradan etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini göstərdi. Hərbi Prokurorluqda ifadəsi alınmış məhkəmə istintaqı zamanı ifadəsi tətqiq edilərək elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkəmə istintaqında ifadə vermiş şahidlər Şahid1 və X3 da göstərilən xüsusatları təsdiq etdilər. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə MAHHXHQ-su əsgər Şəxs mənfi xarakterizə olunmuşdur. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 280 saylı əmrdən çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Şəxs N nömrəli hərbi hissənin 4-cü taborun 12-bölüyün, 2-ci taqımın 2-ci manqasının komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda həmin vaxt MAHHXHQ-su əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş 24. 10.2023-cü il tarixli 297 saylı əmrdən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin 3-cü taborunda atıcı radiotelefonçu vəzifəsinə təyin edildiyi və 09.01. 2024-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldığı göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHXHQ-su əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən MAHHXHQ-su əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərar dərhal icra olunsun.

3. Həbs etmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

5. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin haubtvaxtına təhvil verilməsi xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar