Məhkəmə qərarları › İş №3-1(092)-180/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-180/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-180/2025 26.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Sədr: Həsənov Polad Vəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi : Əhmədova Nərgiz Bağır qızının katibliyi, Zərərçəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Vəkil iştirakları ilə xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati xəta törətməmiş, Azərbaycan Respublikası vətəndaşı, Goranboy rayonu Balakürd kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə SHXÇDX-nin Goranboy rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının baş atıcısı vəzifəsində xidmət edən əsgər (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsgər Şəxs 24 noyabr 2025-ci il tarixdə saat 17:30 radələrində “Şirvan” mövqeyində onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs yaxasından tutub itələməklə ona zor tətbiq etmişdir. Faktla bağlı əsgər Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olubolmamasının müəyyən edilməsi üçün 26 dekabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant X1 tərəfindən onun barəsində inzibati xəta haqqında iş üzrə ******* nömrəli protokol tərtib edilmiş, bununla bağlı protokol və müvafiq material baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 24 noyabr 2025-ci il tarixdə saat 17:30 radələrində tabor mərkəzindən xidmət etdiyi şərti olaraq “Şirvan” adlanan mövqeyə qayıdan zaman gördüm ki, mövqedə dəmlənmiş çay yoxdur, buna görə ayıq növbə olan əsgər yoldaşı Zərərçəkmiş şəxs niyə çayı dəmləmədiyini soruşduğunu, bu vaxt əsgər yoldaşı Zərərçəkmiş şəxsin normal danış sən mənimlə elə danışa bilmərsən dediyini, buna görə aralarında mübahisə yarandığını və onlar yataqxananın yanına gedərək orada mübahisəni davam etdirdiklərini, yataqxananın yanında bir-birinin yaxasından tutaraq itələməyə başladıqlarını, bu zaman səslərini eşidən manqa komandiri gəlib onları ayırdığını, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında 24 noyabr 2025-ci il tarixdə saat 17:30 radələrində xidmət yeri olan olan şərti olaraq “Şirvan” mövqeyində ayıq növbə olduğunu, bu zaman tabor mərkəzindən qayıdan əsgər Şəxs dəmlənmiş çay olmadığını gördüyünü, acıqlı və əsəbi şəkildə ondan “çay dəmləməli idin, çay niyə yoxdur, niyə çay dəmləməmisən” soruşduğunu, ona normal danış, sən mənimlə elə danışa bilmərsən dediyini, buna görə aramızda mübahisə yarandı və biz yataqxananın yanına gedərək orada mübahisəni davam etdirdik. Yataqxananın yanında bir-birimizin yaxasından tutaraq itələməyə başladıq. Bir-birimizi itələyən zaman səsimizi eşidən manqa komandiri MAHHX HQ çavuş Əsədli Nəcəfin gəlib onları ayırdığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərilən xususatları təsdiq etdi. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunurlar və onlar arasında tabelik münasibətləri yoxdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş üzrə dindirilmiş şahidin izahatlarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – əsgər Şəxs istinad edilən inzibati xətanın qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs istinad edilən inzibati xətanın baş verməsi faktı və halları, onun həmin hadisə ilə əlaqəsi, törədilmiş xətanın əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - əsgər Şəxs təqsirliliyi təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onun şərəf və ləyaqətini alçaltmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini, müsbət xarakterizə olunmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün materiallar xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məhkəmə xərci əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 30.2, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

1. Əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məhkəmədə baxılmasına xitam verilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilsin.

2. İş üzrə məhkəmə xərci olan əsgər Şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin.

3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar