Məhkəmə qərarları › İş №3-1(092)-2/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-2/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-2/2024 12.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məhkəmə iclas katibnin katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, subay, ümumi orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsi, ev 1-də qeydiyyatda olan, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının xidmət apardığı Babək rayonunun Gərməçataq kəndi istiqamətində yerləşən şərti adı “Kurqan” olan mövqedə heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Şəxs (SX № 0735857) 2023-cü ilin təxminən avqust ayının sonlarında saat 09 radələrində onunla eyni mövqedə xidmət edən və tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs1 ona əsgər Şahid2 kürəyini sıxıb “quluncunu qırmasını” desə də, bu hərəkəti etmədiyinə görə aralarında yaranmış mübahisə zəminində əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutub ona zor tətbiq etməklə və onun ünvanına nalayiq sözlər deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa, 2023-cü ilin təxminən noyabr ayının əvvəllərində əsgər Şəxs həmin mövqedə atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən, onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs3 mahnı oxutmaq üçün səs gücləndiricini yararsız vəziyyətə salması səbəbindən həmin gün saat 17 radələrində yataqxanada onun ünvanına nalayiq sözlər deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bundan əlavə, 2023-cü ilin təxminən noyabr ayının əvvəllərində əsgər Şəxs saat 10 radələrində ərazini təmizləməyə görə onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, onların mübahisə etməsini taqım komandiri bilməsin deyə əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs2 səngərə dəvət edib orada ona qarşı nalayiq sözlər işlədib şərəf və ləyaqətini alçaltmış, onun bu hərəkətinə əsəbiləşən əsgər Zərərçəkmiş şəxs2 Şəxs sinəsindən itələmiş, əsgər Şəxs yerə yıxılmış, sonra ayağa qalxaraq əsgər Zərərçəkmiş şəxs2 yerə yıxaraq onun burun nahiyəsinə dizi ilə 1 zərbə, sifət nahiyəsinə yumruqla 2 zərbə vurub zor tətbiq edərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Beləliklə əsgər Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında “Kurqan” mövqeyində heyət-nəfəri atıcı vəzifəsində xidmət etdiyini qeyd edərək göstərdi ki, 2023-cü ilin avqust ayının sonlarında saat 09 radələrində əsgər Zərərçəkmiş şəxs1 ona əsgər Şahid2 quluncunu qırmasını dediyini, yorğun olduğundan ona kobud qaydada cavab qaytardığını, əsgər Zərərçəkmiş şəxs1 da ona ünvansız söyüş söyməsinə görə mübahisə etdiyini, mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutduğunu, əsgər Zərərçəkmiş şəxs1 da onun yaxasından tutub badalaq verərək onu yerə yıxdığını, əsgər Şahid2 da onları aralaşdırdığını, əsəbi olduğundan ona qarşı nalayiq sözlər deyərək yerdən daş parçası götürüb onu vurmaq istədiyini, əsgər Zərərçəkmiş şəxs1 da “etmiyənin var yoxun belə-belə edim” deyib yataqxanaya girdiyini, bundan başqa 2023-cü ilin noyabr ayının əvvəllərində kolonkanın harada olduğunu ondan soruşduğunu, kolonkanın atıldığını bildiyindən “kalonkanı hansı anasını, bacısını belə-belə elədiyim qırıbdır” dediyini, əsgər Zərərçəkmiş şəxs3 “mən qırmışam, söyüş söymə” bildirdiyini, “düz deyirəm də niyə qırmısan ki, gəl gedək səngərə” dediyini, onların səngərə getdiklərini, orada əsgər Zərərçəkmiş şəxs3 “sənə deyirəm mən qırmışam, onsuz da işləmirdi, sən yenə də söyüş söyürsən” dediyini, “yaxşı edirəm söyüş söyürəm” deyərək əsgər Zərərçəkmiş şəxs3 vurmaq üçün yerdən taxta parçasını götürdüyünü, orada olan əsgər Zərərçəkmiş şəxs1 taxta parçasını ondan alaraq onları araladığını, bundan əlavə 2023-cü ilin noyabr ayının əvvəllərində baş atıcı əsgər Şahid1 ona ərazini süpürməsi barədə, əsgər Zərərçəkmiş şəxs2 isə çirkli qabları yuması barədə tapşırıq verdiyini, əsgər Zərərçəkmiş şəxs2 “gəl qabları mən yuyum, ərazini sən süpür” dediyini, əsgər Zərərçəkmiş şəxs2 “mən qabları yumaq işinə ayrılmışam, mən süpürməyəcəm” dedikdə əsgər Zərərçəkmiş şəxs2 “taqım komandiri eşitməsin, gedək səngərə” dediyini, onların səngərə getdiklərini, orada əsgər Zərərçəkmiş şəxs2 “ağzıvı belə-belə edim” dedikdə əsgər Zərərçəkmiş şəxs2 da onu itələdiyini, ayağa qalxıb əsgər Zərərçəkmiş şəxs2 yaxasından tutaraq badalaq verib onu yerə yıxdığını, dizi ilə əsgər Zərərçəkmiş şəxs2 burnuna 1 dəfə, yumruqla sifətinə 2 dəfə vurduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 2023-cü ilin avqust ayının sonlarında saat 09 radələrində yataqxanada əsgər Şahid2 ona “çiyin nahiyələrim ağrıyır” dediyini, əsgər Şahid2 “gəl sənin çiyin nahiyələrini ovxalayım” dediyini, əsgər Şahid2 da razılaşdığını, əsgər Şahid2 çiyin nahiyələrini ovxaladıqdan sonra əsgər Şəxs “mənim varikoselim var, mənə ağırlıq qaldırmaq olmaz, gəl əsgər Şahid2 quluncunu qır” deyə bildirdiyini, əsgər Şəxs da onun dediklərini etməyib yataqxanadan çıxdığını, buna görə əsgər Şəxsla mübahisə etdiyini və onu odun damının yanına çağıraraq orada yenə əsgər Şəxs nə üçün nalayiq ifadə işlətdiyini soruşduğunu, əsgər Şəxs da başını onun başına dirəyərək “yaxşı edirəm” dediyini, onun dediyinə əhəmiyyət verməyib yataqxananın qarşısına getdiyini, orada əsgər Şəxs onun yaxasından tutduğunu, onun da qarşılıqlı əsgər Şəxs yaxasından tutub badalaq verərək yerə yıxdığını, orada olan əsgər Şahid2 onları aralaşdırdığını, əsgər Şəxs “gör sənin nəyivi belə-belə edəcəm” deyərək yerdən daş parçasını götürdüyünü, əsgər Şəxs “etmiyənin var yoxun belə-belə edim” deyərək yataqxanaya getdiyini, təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə iclasında iştirak edən digər Zərərçəkmiş şəxs2 da göstərilən xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs bağışladığını göstərdi. Məhkəmə iclasında iştirak edən şahidlər Şahid1 və Şahid2 da göstərilən xüsusatları təsdiq etdilər. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mənfi xarakterizə olunmuşdurlar. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs1, əsgər Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs3 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 436 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs1 bədən səthində 2023-cü ilin avqust ayında törənməyə uyğun gələn hər hansı bir xəsarətin və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 437 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs2 bədən səthində 2023-cü ilin noyabr ayında törənməyə uyğun gələn hər hansı bir xəsarətin və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Əsgər Şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 438 nömrəli ekspert rəyində əsgər Şəxs bədən səthində 2023-cü ilin avqust və noyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarətin və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Əsgər Şəxs Hərbi Həkim Komissiyasından keçirilmiş, 14 dekabr 2023-cü il tarixdə alınan 1305 nömrəli arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxs və şahid izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərar dərhal icra olunsun.

3. Həbs etmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın.

4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

5. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin haubtvaxtına təhvil verilməsi xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin.

6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar