Məhkəmə qərarları › İş №3-1(092)-22/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-22/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-22/2025 20.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə baş-leytenantı X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 2004-cü ildə Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Sədərək rayonunun Dəmirçi kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin tank əleyhinə bölüyünün 1-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasının operatoru vəzifəsində xidmət edən, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0798422) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 20 fevral 2025-ci il tarixli, 3-3-250/2-006556/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 fevral 2025-ci il tarixli, 3-3-250/3-002011/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 20 fevral 2025-ci il tarixli, 3-3-250/3-002011/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N №-li hərbi hissənin tank əleyhinə bölüyünün, 1-ci tank əleyhinə taqımının, tank əleyhinə idarə olunan raketlər manqasının operatoru vəzifəsində xidmət edərkən 01 fevral 2025-ci il tarixdə, saat N radələrində N №-li hərbi hissənin daimi dislokasiya mərkəzində əsgər yataqxanasının yanında siqaret çəkilməsi üçün nəzərdə tutulmuş yerdə onunla tabelik münasibətlərində olmayan həmin hərbi hissənin 4-cü taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs siqaret istəmiş, Zərərçəkmiş şəxs siqaret paketini əlində əzərək ona siqareti olmadığını bildirmiş, bu səbəbdən aralarında yaranmış mübahisə zəminində Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq sonuncunun ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış və sinəsindən və sifət nahiyəsindən əli ilə itələyərək dırnağının Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsini cızması nəticəsində ona “sol gözaltı nahiyənin sıyrığı” diaqnozlu, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Faktla bağlı N №-li hərbi hissə komandanlığı tərəfindən ilkin araşdırma aparılaraq, toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 20 fevral 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 01 fevral 2025-ci il tarixdə saat 17:50 radələrində siqaret çəkmək üçün yataqxanadan çıxıb sol tərəfə getmiş, bardürün üzərində oturaraq gələnlərdən kimdənsə siqaret almaq üçün gözləmiş, birazdan saat N radələrində əsgər Zərərçəkmiş şəxs əsgər Həsən Əliyevlə birlikdə oraya siqaret çəkməyə gəlmişlər. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə etdiyini soruşduqda kefi olmadığı üçün ona getməsini bildirmiş, Zərərçəkmiş şəxs ona “mənimlə niyə borzu-borzu danışırsan” demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs siqaret istəmiş, lakin Zərərçəkmiş şəxs ona siqaret verməmiş, bu səbəbdən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək sinəsindən və sifət nahiyəsindən əli ilə möhkəm arxaya doğru itələmişdir. Həmin zaman orada olan əsgər Şahid onların arasına girmiş, Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə itələyən zaman dırnağı onun sol gözünün alt hissəsini cızmışdır. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istədiyini, onların barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, 01 fevral 2025-ci il tarixdə saat N radələrində əsgər Həsən Əliyevlə siqaret çəkmək üçün yataqxanadan çıxıb sol tərəfə siqaret çəkmək üçün nəzərdə tutulmuş yerə getmiş, siqaret çəkməyə başladıqda bardürün üzərində Şəxs oturmasını görmüşdür. Şəxs yaxınlaşaraq nə etdiyini soruşduqda Şəxs əsəbi tərzdə ona getməsini bildirmiş, cavabında o, Şəxs “mənimlə niyə borzu-borzu danışırsan” demiş, bundan sonra Şəxs ondan siqaret istədikdə olmadığını bildirmiş, bu səbəbdən Şəxs onun ünvanına nalayiq ifadə işlədərək sinəsindən və sifət nahiyəsindən əli ilə möhkəm arxaya doğru itələmişdir. Həmin zaman orada olan əsgər Şahid onların arasına girmiş, Şəxs onun sifət nahiyəsindən əli ilə itələyən zaman onun dırnağı sol gözünün alt hissəsini cızmışdır. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında hadisədən sonra əsgər Şəxs ondan üzr istədiyini, onların barışdıqlarını, özünün Şəxs bağışlamaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid oxşar məzmunlu izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri izahatlarında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, şahidin izahatını, müvafiq ekspert müayinə aktını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 294 №-li əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Şəxs həmin tarixdən hərbi hissənin tank əleyhinə bölüyünün, 1-ci tank əleyhinə taqımının, tank əleyhinə idarə olunan raketlər manqasının operatoru vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə hərbi hissənin 4-cü taborunun (BMP-2) minaatan batareyasının 2-ci minaatan taqımının 1-ci minaatan manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 253214/2-159-2025 №-li arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın xx.xx.2025-ci il tarixli, 46 №-li ekspert müayinə aktından belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət- sol gözaltı nahiyənin sıyrığı” –tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi və nalayiq ifadə işlətməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.

3. İnzibati həbsin əvvəli əsgər Şəxs 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Əsgər Şəxs 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar