Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-31/2025 18.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 2005-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ümumi orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şəki rayonunun Böyük Dəhnə kənində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin texniki qulluq və təmir bölüyünün 1-ci texniki qulluq və təmir taqımının avtomobil texnikasının texniki qulluq və təmir qrupunun texniki qulluq heyətinin sürücüsü-çilingər vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən (hərbi bilet SX № 0776207) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 18 mart 2025-ci il tarixli, 3-3-250/2-010602/2025 №-li məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 mart 2025-ci il tarixli, 3-3-250/3-002961/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 18 mart 2025-ci il tarixli, 3-3-250/3-002961/2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin texniki qulluq və təmir bölüyünün 1-ci texniki qulluq və təmir taqımının avtomobil texnikasının texniki qulluq və təmir qrupunun texniki qulluq heyətinin sürücüsü-çilingəri vəzifəsində xidmət edərkən 05 mart 2025-ci il tarixdə, saat 07:45 radələrində hərbi hissənin texniki qulluq və təmir bölüyünün yataqxanasının arxasında onunla tabelik münasibətlərində olmayan, həmin bölüyün təxliyyə qrupunun takelajçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə birlikdə siqaret çəkən zaman onlar bir-biriləri ilə zarafat etmiş, bu zaman Zərərçəkmiş şəxs onun çiynindən bir sillə vurmuş, buna qarşılıq olaraq o da əsgər Zərərçəkmiş şəxs ciyninə sillə zərbəsi atarkən Zərərçəkmiş şəxs arxaya getmiş və bu zaman onun əli Zərərçəkmiş şəxs üzünün sol yarısına dəymiş, həmin vaxt Zərərçəkmiş şəxs arxaya doğru yıxılmış və bu zaman onun sol dizi orada olan zibil qabının tininə dəymiş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan “qançırla müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı və sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi” xəsarətini almışdır. Faktla bağlı N №-li hərbi hissə komandanlığı tərəfindən ilkin araşdırma aparılaraq, toplanmış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Naxçıvan Hərbi Prokurorluğuna göndərilmiş, əsgər Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 18 mart 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 05 mart 2025-ci il tarixdə, saat 07:45 radələrində hərbi hissənin texniki qulluq və təmir bölüyünün yataqxanasının arxasında əsgər Zərərçəkmiş şəxsla yanaşı oturub siqaret çəkmiş, həmin vaxt onlar bir-biriləri ilə zarafat edərkən Zərərçəkmiş şəxs onun çiynindən bir sillə vurmuş, buna qarşılıq olaraq o da sillə ilə əsgər Zərərçəkmiş şəxs vurmaq istəyərkən Zərərçəkmiş şəxs arxaya getmiş və bu zaman onun əli Zərərçəkmiş şəxs üzünün sol yarısına dəymiş, həmin vaxt Zərərçəkmiş şəxs arxaya doğru yıxılmış və bu zaman onun sol dizi orada olan zibil qabının tininə dəymişdir. Həmçinin əsgər Şəxs izahatında əsgər yoldaşına qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istədiyini, onların barışdıqlarını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əsgər yoldaşına qarşı etdiyi bütün hərəkətlərini zarafatla (qeyri-ciddi) etdiyini bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 05 mart 2025-ci il tarixdə saat 07:45 radələrində hərbi hissənin texniki qulluq və təmir bölüyünün yataqxanasının arxasında əsgər Şəxsla yanaşı oturub siqaret çəkib bir-biriləri ilə zarafat edərkən o, Şəxs çiynindən bir sillə vurmuş, Şəxs ona qarşılıq verərək sağ əli ilə onu vurmaq istədikdə o, arxaya çəkilmiş, bu zaman Şəxs əli onun üzünün sol yarısına dəymiş və yıxılması nəticəsində sol diz nahiyəsi orada olan zibil qabının tininə dəymişdir. Həmin vaxt üzünün sol tərəfində yanma hiss etmiş, Şəxs ona üzünün sol tərəfindən qızarıqlıq yarandığını demiş, hərəkət etmək istədikdə sol ayağının ağrıdığını da hiss etmişdir. Sanitar qovşağa gedib qayıtdıqdan sonra gizir Şahid yanına gedib ona yalandan ayaqyolunda yıxılaraq xəsarət aldığını bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs izahatında hadisədən sonra əsgər Şəxs ondan üzr istədiyini, onların barışdıqlarını, hadisə vaxtı onların zarafat etdiklərini, özünün Şəxs bağışlamaqla, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş gizir Şahid oxşar məzmunlu izahat verərək, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, şahidin izahatını, müvafiq ekspert müayinə aktını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 344 №-li əmrindən edilmiş çıxarışlardan görünür ki, təşkilati-ştat tədbirləri ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-cimaddəsinin “b” bəndinə müvafiq olaraq əsgər Şəxs hərbi hissənin texniki qulluq və təmir bölüyünün 1-ci texniki qulluq və təmir taqımının avtomobil texnikasının texniki qulluq və təmir qrupunun texniki qulluq heyətinin sürücüsü-çilingər vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə hərbi hissənin texniki qulluq və təmir bölüyünün təxliyyə qrupunun takelajçısı vəzifəsinə təyin edilmişlər. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 112 №-li arayışdan görünür ki, əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. Naxçıvan Regional Məhkəmə Tibbi Ekspertiza bölməsinin xx.xx.2025-ci il tarixli, 110 №-li ekspert müayinə aktından belə müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət- “qançırla müşayiət olunan sol gözaltı nahiyənin sıyrığı və sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi” -bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənmələri istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmur. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs məhkəmə araşdırılmasında əsgər yoldaşı Zərərçəkmiş şəxs qarşı etdiyi bütün hərəkətlərini zarafatla (qeyri-ciddi) etməsi ilə bağlı izahatına nəzərən qeyd etməyi zəruri hesab edir ki, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs qarşı yol verdiyi hərəkətlər zarafatla (qeyri-ciddi) törədilmiş olsa belə, onun bu hərəkətləri xarakterinə və nəticələrinə əsasən onun ittiham olunduğu İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” tərkib əlaməti ilə tam əhatə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə- on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı şikayət və tələbinin olmamasını iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o, inzibati məsuliyyətdən azad edilməli və əsgər Şəxs törətdiyi əmələ görə onun intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin.
2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, barəsində başlanılmış hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına həvalə edilsin.
3. Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında iş üzrə toplanmış materiallar Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına göndərilsin.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Abil Orucəliyev