Məhkəmə qərarları › İş №3-1(092)-33/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-33/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-33/2025 02.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi X1 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 2006-ci ildə Şərur rayonunun Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayonunun Qışlaqabbas kəndində daimi qeydiyyatda olan N saylı hərbi hissənin, 4-cü taborunun 11-ci təlim bölüyünün 2-ci taqımının 2-ci manqasının əsgəri (SX № *******) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX № 0801180) 01 fevral 2025-ci il tarixdə, saat 11:45 radələrində xidmət etdiyi 4-cü taborun əsgər yataqxanasında əlində dəmir stəkanda isti su içərkən stəkan yerə düşüb tutacağı stəkandan aralanmış, tutacağı stəkandan ayırıb əlində saxlamış, daha sonra saçının keçəl olmasına görə əsgər yoldaşlarının onunla zarafat etməsi yadına düşdüyündən əsəbiləşmiş və həmin vaxt yaxınlıqda olan, onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs1 yanına çağırıb qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, dəmir stəkanın tutacağının kəsici hissəsi ilə əsgər Zərərçəkmiş şəxs1 sağ qolunun ön səthini cızaraq ona “sağ saidin orta 1/3 –nin ön səthinin cızığı” diaqnozlu sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, bundan sonra qanunsuz hərəkətlərini davam etdirərək onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs2 yanına çağırıb onun sağ əlindən tutaraq sağa-sola çevirmiş və dəmir stəkanın tutacağının kəsici hissəsi ilə əsgər Zərərçəkmiş şəxs2 sağ əlinin üzərini cızaraq ona “sağ əlin arxa səthinin cızığı” diaqnozlu, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onlara zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan əsgər Şəxs izahatında 01 fevral 2025-ci il tarixdə, saat 11:45 radələrində əsgər yataqxanasında oturub dəmir stəkanda su içərkən su isti olduğundan dəmir stəkanın qızdığını, əlindəki stəkanın yerə düşdüyünü, stəkanı yerdən götürmək istəyərkən öz ehtiyatsızlığından sol əl baş barmağının orta nahiyəsinin cızıldığını, stəkanın qulpu stəkandan aralandığı üçün həmin qulpun dəmir parçası əlini cızdığından başqa birisinin bilmədən stəkanı götürüb xəsarət almamasına şərait yaratmamaq üçün stəkanın qulpunu tamamilə stəkandan ayırdığını, sınmış qulpu əlində saxladığını, əsgər yoldaşlarının keçəl olması ilə bağlı zarafat etməsindən əsəbləşərək həmin vaxt onunla üz-üzə dayanan və onunla zarafat edən əsgər yoldaşı Zərərçəkmiş şəxs1 zarafatını qəbul etməyərək özü də bilmədən onun sağ qolunun iç səthinə stəkanın qulpu ilə cızıq atdığını, əsgər Zərərçəkmiş şəxs1 qorxub geri çəkildiyini, daha sonra orada olan və onunla zarafat edən digər əsgər yoldaşı Zərərçəkmiş şəxs2 yanına çağıraraq onun da sağ əlinin üstünə stəkanın qulpu ilə cızıq atdıqdan sonra tutduğu əməldən peşman olaraq əsgər Zərərçəkmiş şəxs1 qolunu yumaq üçün sanitar qovşağa apardığını, həmin zaman stəkanın qulpunu da zibil qabına atdığını, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 izahatında 01 fevral 2025-ci il tarixdə 4-cü taborun əsgər yataqxanasında taburetkada oturduğunu, bu zaman əsgər yoldaşı Zərərçəkmiş şəxs1 əsgər Şəxs onu yanına çağırdığını dediyini, ilk dəfə getməsə də, daha sonra əsgər Şəxs onu təkrarən çağırdığından ona yaxınlaşdıqda əsgər Şəxs anidən onun sağ əlini tutaraq, sağa-sola çevirərək sağ əlinin üzərini əlindəki dəmir stəkanın qulpu ilə cızdığını və güldüyünü, ona “bu hərəkəti nə üçün etdin” dedikdə, əsgər Şəxs yenidən onun üzünə baxıb güldüyünü, Şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 izahatında 01 fevral 2025-ci il tarixdə, saat 11:40 radələrində əsgər yataqxanasında ayaqüstə dayanarkən əsgər Şəxs onu yanına çağıraq taburetkada oturduğu yerdən əlindəki dəmir stəkanın qulpu ilə onun sağ qoluna cızıq atdığını, əsgər Şəxs bu hərəkətindən qorxduğu üçün bu hərəkəti nə üçün etdiyini belə soruşa bilmədiyini, daha sonra “o, əsgəri görürsən, onu bura çağır, ona söz deyəcəm” dediyini, onun da əsgər Zərərçəkmiş şəxs2 əsgər Şəxs yanına çağırdığını, onun da, gəldikdən sonra özünün sanitar qovşağına getdiyini, orada qolunun qanını yumağa başladığını, biraz sonra əsgər Zərərçəkmiş şəxs2da sanitar qovşağa gəldiyini və sağ əlinin üzərindəki qanı yuduğunu gördüyünü, Əsgər Zərərçəkmiş şəxs2 nə olduğunu soruşduqda əsgər Şəxs ona xəsarət yetirdiyini dediyini, Şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında şahid qismində iştirak edən əsgər Şahid da ifadəsində göstərilən xüsusatları təsdiq etmişdi. Bununla da, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxslərə zor tətbiq etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə tam təsdiq olunur. N №-li hərbi hissədən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, N nömrəli arayışda hərbi hissənin əsgəri Şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs mənfi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə müsbət xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 04 fevral 2025-ci il tarixli, 437 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs2 aldığı sağ əlin arxa səthinin cızığı xəsarətinin tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 04 fevral 2025-ci il tarixli, 50 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs1 aldığı sağ saidin orta 1/3-nin ön səthinin cızığı xəsarətinin tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 716 nömrəli arayışda əsgər Şəxs Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirildiyi, müayinə zamanı onda İ (birinci) dərəcəli alimentar piylənmə aşkar olunduğu, “Xəstəliklər cədvəli”nin 13 e maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “komando bölmələrində hərbi xidmətə keçməyə yararlı” olduğu göstərilmişdir. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin və şahidin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyası daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədəuyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin.

3. İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.

4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.

5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar