Məhkəmə qərarları › İş №3-1(092)-35/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-35/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-35/2025 16.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Gəncə şəhəri, Abbas Səhhət küçəsi, 4-cü mikrorayon, bina 17, mənzil 38-də qeydiyyatda olan, N №-li hərbi hissədə radiotelefonçu vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (hərbi bilet (SX № 0856099) 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində taborun əsgər yataqxanasında onunla eyni bölükdə xidmət edən, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs sildiyi döşəmənin üzərindən keçdiyinə görə aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq, əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüş işlədib onun şərəf və ləyaqətini alçaltmaqla, daha sonra saat 16:30 radələrində əsgər yataqxanasının sanitar qovşağında mübahisəni davam etdirərək sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol qoluna yumruqla vurub zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bununla da, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində atış məşqinə getmək üçün əsgər yataqxanasından çıxanda yataqxananın ortası ilə getdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsgər yataqxanasını təmizlədiyindən ona “niyə təmizlədiyim yerlə keçirsən?” dediyini, ona “görmədim” deyə cavab verdikdə aralarında sözlü mübahisə yarandığını, mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyini, buna görə sonuncuya qarşı nalayiq ifadə işlətdikdə əsgər Mehtiyev sağ əli ilə onun sol üz nahiyəsinə bir şillə vurduğunu, yenə sözlü mübahisəyə davam etdiyini, həmin vaxt sonuncuya qarşı nalayiq ifadələr işlədərək anasına qarşı nalayiq ifadə dediyini, həmin vaxt əsgər Rəvan İbrahimov arxasınca isə bölük komandiri gəldiyindən aralandıqlarını, atış məşqi qutardıqdan sonra saat 16:30 radələrində əsgər yataqxanasına qayıtdıqda əsgər Zərərçəkmiş şəxs onu sanitar qovşağa çağırdığını, aralarında olan davanı bitirmək istədiyini dediyini, sanitar qovşağa getdikdə yenidən aralarında mübahisə başladığını, bu zaman əsgər Zərərçəkmiş şəxs sağ əli ilə onun sol gözünün altına yumruqla vurduğundan sağ yumruğu ilə sonuncunun sol qolundan vurduğunu, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs izahatında 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində yataqxananın təmizliyinə ayrıldığından yataqxananın döşəməsini silərkən sanitar qovşaqdan 4 əsgər gəldiyini, 3 əsgər kənar hissə ilə getdiyini, lakin əsgər Şəxs onun təmizlədiyi yerlə gəldiyini görüb ona “3 əsgər kənarla getdi, sən niyə orta ilə gəlirsən?” dediyini, əsgər Şəxs isə ona “sildiyini görmədim” dediyini, təkrar ona “3 əsgər qıraqla getdiyini, sən isə sildiyim yerlə gəldin” dediyini, ona yenə görmədiyini bildirdikdə yüksək səslə əsgər Şəxs “yaxşı görmədin qaç” dediyini, əsgər Şəxs ona “niyə mənlə yekə-yekə danışırsan?” dediyini, bu zaman sonuncuya nalayiq ifadə işlədərək “qaç da belə təmizləyim” dediyini, əsgər Şəxs durub üzünə baxdıqda nalayiq ifadə işlədərək ona yaxınlaşıb sağ əli ilə sol üz nahiyəsinə 1 şillə vurduğunu, aralarında sözlü mübahisə davam etdiyini, əsgər Şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini, həmin vaxt əsgər Rəvan İbrahimovun içəri stəkan götürməyə gəldiyini, arxasınca isə bölük komandirinin gəldiyini görüb mübahisəni dayandırdığını, atış məşqi qutardıqdan sonra təxminən 16:30 radələrində əsgər yataqxanasına qayıdaraq əsgər Şəxs sanitar qovşağa çağırıb söydüyü söyüşə görə aralarında olan davanı bitirmək istədiyini, sonuncu sanitar qovşağa gəldikdə ona “o nə sözdü utanmırsan işlədirsən?” dediyini, Şəxs “ağzımdan çıxdı” dedikdə sağ əli ilə onun sol gözünün altına yumruqla vurduğunu, bu zaman əsgər Şəxs da onun sol qoluna sağ yumruğu ilə vurduğunu, əsgər Şəxs onu vurması nəticəsində xəsarət almadığını, onunla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kapitan Şahid izahatında 19 fevral 2025-ci il tarixdə, saat 15:00 radələrində əsgər yataqxanasına girdiyini, bu zaman yataqxanada səs-küy eşitdiyindən əsgər yataqxanasına daxil olduqda əsgər Zərərçəkmiş şəxs ilə əsgər Şəxs bir- birləri ilə uca səslə danışdıqlarını görüb nəyə görə belə danışdıqlarını soruşduğunu, onlar təmizlik zamanı əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs sildiyi yerdən keçdiyinə görə mübahisə etdiklərini bildirdiyini, hər ikisini danlayıb sıraya göndərdiyini, idmana düzülən zaman əsgər Tahirovun sıraya gec gəldiyini görüb səbəbini soruşduqda ona “əsgər Zərərçəkmiş şəxsla mübahisə etmişik ona görə gecikmişəm” dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs da yanına çağırıb onlara baxış keçirib sorğu sual edərək sıraya göndərdiyini, 20 fevral 2025-ci il tarixdə isə əsgər Tahirovun gözünün altının qaraldığını görüb ondan nə baş verdiyini soruşduqda ona Zərərçəkmiş şəxslə mübahisə edərkən onun vurduğunu dediyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 127 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, N nömrəli arayışda hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs mənfi xarakterizə edilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş əmrdən çıxarışdan görünür ki, əsgər Şəxs xidmətini davam etdirmək üçün N №-li hərbi hissədə radiotelefonçu vəzifəsinə təyin olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan N №-li hərbi hissədə xidmət edən əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 19 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarının adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar