Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-38/2025 23.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X2, Müdafiəçi: X1, Zərərçəkmiş şəxs: Kursant Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Kursant Şəxs iştirakları ilə xx.xx.2006-cı ildə Şərur rayonunun, Yuxarı Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Şərur rayonu, Yuxarı Yaycı kəndində daimi qeydiyyatda olan, Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun 3-cü bölüyünün 1-ci taqımının kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 23 aprel 2025-ci il tarixli, 3-3-250/2-014745/2025 nömrəli məktubu ilə kursant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 aprel 2025-ci il tarixli, 29 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan məlum olur ki, kursant Şəxs (SX 0798774) 08 aprel 2024-cü il tarixdə, saat 20:50 radələrində çayçıda tabelik münasibətlərində olmayan onunla eyni taqımda xidmət edən kursant Zərərçəkmiş şəxs onun enerji içkisini götürməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs başının arxa nahiyəsindən 3 dəfə yumruq zərbəsi vurmaqla ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kursant Şəxs izahatında 08 aprel 2025-ci il tarixdə, saat 19:45 radələrində şam yeməyi bitdikdən sonra kursant yoldaşları ilə birgə çayçıya getdiyini, masada əyləşdikdən sonra özünə enerji içkisi “Bizon” aldığını, masaya gələn kursant Şahid1 enerji içkisini içməsi üçün təklif etdiyini, sonuncu enerji içkisini alıb içən zaman arxadan gələn səsə geriyə dönüb baxdığını, yenidən önünə tərəf döndükdə içkinin olmadığını görüb Şahid1 içkinin harada olmasını soruşduğunu, Şahid1 cavabında kursant Zərərçəkmiş şəxs götürdüyünü və gedib gətirəcəyini bildirdiyini, qayıdıb gəldikdə isə içkini Zərərçəkmiş şəxs vermədiyini bildirdiyini, ayağa qalxıb Zərərçəkmiş şəxs yanına gedib içkisini götürməyin düzgün olmadığını bildirdiyini, kursant Şahid2 gəlib onları araladığını, bundan sonra nalayiq ifadə eşitdiyini, Zərərçəkmiş şəxs masasında əyləşən kursantların güldüyünü görüb əsəbləşərək arxadan yaxınlaşıb Zərərçəkmiş şəxs başının arxa nahiyəsindən 3 dəfə yumruq zərbəsi vurduğunu, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş kursant Zərərçəkmiş şəxs izahatında 08 aprel 2025-ci il tarixdə, saat 19:45 radələrində çayçıya getdiyini, digər masada oturmuş kursant İsmayıl Şahverdiyevin yanına gedib onun əlində olan enerji içkisini alaraq yenidən öz masasına qayıtdığını, sonuncu ona yaxınlaşaraq içkinin kursant Şəxs aid olduğunu bildirdiyini, cavabında bu barədə bilmədiyini dediyini, bundan sonra Şahid1 masadan uzaqlaşdığını, həmin zaman Şəxs onun yanına gələrək onun içkisini nəyə görə içdiyini soruşduğunu, aralarında yaranmış mübahisə zamanı kursant Şahid2 gələrək onları araladığını, birdən arxadan başının arxa nahiyəsinə 3 yumruq zərbəsi dəydiyini, geriyə döndükdə zərbələri Şəxs vurduğunu gördüyünü, kursant Şəxs qarşı nalayiq ifadə işlətmədiyini, onunla barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kursant Şahid1 izahatında qeyd etmişdir ki, 08 aprel 2025-ci il tarixdə, şam yeməyindən sonra çayçıya getdiyini, kursant Şəxs içməsi üçün ona enerji içkisini təklif etdiyini, içkini alıb içən zaman kursant Zərərçəkmiş şəxs yaxınlaşaraq içkini onun əlindən alıb gedib öz yerində oturduğunu, daha sonra Zərərçəkmiş şəxs yaxınlaşaraq içkinin kursant Şəxs olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs içkinin ona aid olduğunu zənn edib götürdüyünü dediyini, bundan sonra yerinə qayıdaraq Şəxs Zərərçəkmiş şəxs içkini vermədiyini dediyini, Şəxs yerindən durub Zərərçəkmiş şəxs yanına getdikdən sonra onların aralarında dava baş verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş kursant Şahid2 izahatında 08 aprel 2025-ci il tarixdə, saat 20:45 radələrində çayçıda kursant Şahid1 Şəxs enerji içkisini içən zaman kursant Zərərçəkmiş şəxs yaxınlaşıb onun əlindən enerji içkisini alıb öz yerinə tərəf getdiyini, Şəxs Zərərçəkmiş şəxs yaxınlaşdıqdan sonra aralarında mübahisə yarandığını, Şəxs savaşmaması üçün onu kənara çəkdiyini, geri qayıdıb Zərərçəkmiş şəxs ilə söhbət edərkən Şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs başının arxa nahiyəsindən 3 yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs Şəxs ünvanına hər hansı nalayiq ifadə işlətməsini eşitmədiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə-tibbi müayinə aktının xx.xx.2025-ci il tarixli 150 nömrəli müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət “ənsə nahiyəsinin sol yarısının əzilmiş yarası” bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş arayışda Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamələrdə Şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Hərbi Kolleci tərəfindən təqdim edilmiş arayışda Şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab edildikləri göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş kursant Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu kursant Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kursant Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, kursant Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 20:50 radələrində tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs enerji içkisini götürməsi səbəbindən yumruqla başının arxa tərəfindən vuraraq ona zor tətbiq etməsi nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, kursant Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq kursant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 7-ci Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs kursant Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, kursant Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, kursant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, kursant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin rəisinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin rəisinə həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Naxçıvan Hərbi Kollecin rəisinə göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov