Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-42/2025 29.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Axundova Nərmin Fərəməz qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi X1, Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkili Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali hərbi təhsilli, subay, həmin ünvanda daimi qeydiyyatda olmaqla N nömrəli hərbi hissənin zabitlər evində yaşayan, şəxsi vəsiqə (MN № xxxxxxx), N №-li hərbi hissənin ideoloji iş və mənəvi psixioloji bölmə rəisinin baş köməkçisi vəzifəsində xidmət edən kapitan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, kapitan Şəxs (şəxsi vəsiqə MN № xxxxxxx) N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölmə rəisinin baş köməkçisi vəzifəsində xidmət edərkən 14 aprel 2025-ci il tarixdə saat 08:30-da hərbi hissəyə gəlməli olduğu halda üzrlü səbəblər olmadan gəlməmiş, 18 aprel 2025-ci il tarixdə saat 15:00 da hərbi hissəyə qayıtmış, üzrlü səbəblər olmadan hərbi hissəyə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Məhkəmə istintaqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kapitan Şəxs izahatında xx.xx.2025-ci il tarixdə saat 08:30-da səhər düzülüşünə gələ bilməmiş, həmin gün saat 12:20-də hərbi hissəyə gəlmiş, saat 13:30-da iş vaxtı bitdiyinə görə hərbi hissəni tərk etmişdir. Həmin gün saat 17:30 radələrində X4 Limanından təyyarə ilə Bakı şəhərinə oradanda Beyləqan rayonuna getmiş 18 aprel 2025-ci il tarixdə saat 12:00 radələrində Naxçıvan şəhərinə qayıtmış və saat 14:45 radələrində hərbi hissəyə gəlmişdir. Xidmət yerinə gəlməməsinin səbəbi ailə vəziyyəti ilə əlaqədar - anasının xəstə olmasıyla bağlı olduğunu, 44 günlük müharibədə iştirak etməsini, qazi olmasını, müharibədə iştirak etməsi ilə baölı orden və medallarının olmasının nəzərə alınmasını xahiş etdiyini göstərdi. Beləliklə kapitan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilən xüsusatlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıla kapitan Şəxs izahatı ilə yanaşı şahidlər - N nömrəli hərbi hissəd xidmət edən mayor Şahid1, MAHHXHQ-su əsgər Şahid2 izahatları və digər sənədlərlə təsdiq olunur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da göstərilən xüsusatları təsdiq etdilər. Materiala əlavə edilmiş mayor Şahid1 xx.xx.2025-ci il tarixli raportundan və eyni tarixli 111 nömrəli əmrdən çıxarışdan görünür ki, kapitan Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00da xidmət yerinə gəlmişdir. Materiala əlavə edilmiş arayış-məruzədən görünür ki, kapitan Şəxs əvvəllər xidmət yerinə vaxtında gəlməməsi, xidmət yerini öz başına tərk etməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə kapitan Şəxs mənfi xarakterizə olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N nömrəli hərbi hissənin zabiti kapitan Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində kapitan Şəxs yuxarıda göstərilən əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-cü maddəsinə əsasən əsgər kapitan Şəxs səmimi peşmançılığını və ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən kapitan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Naxçıvan Qarnizonunun rəisi genral-mayor Kənan Seyidov tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi məhkəməsinə ünvanlanmış 14 dekabr 2024-cü il tarixli 4306 saylı məktubdan görünür ki, X2 Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, Şəxs törətdiyi əməldən peşman olmasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov