Məhkəmə qərarları › İş №3-1(092)-45/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-45/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-45/2025 30.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Mən, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin hakimi Hüseynov Səxavət Səməd oğlu X1 rayon Dəmirçi kənd sakini Şəxs (Fin № xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sədərək Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Sədərək Rayon Polis şöbəsi tərəfindən Sədərək rayon Dəmirçi kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2025-ci il tarixli, 3-13-43-9\1-886\2025 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardad və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarından belə müəyyən olunur ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Sədərək Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şərur rayon Su idarəsinə məxsus olan 55 kvt-lıq su nasosunun oğurlandığını bildirmişdir. Ərizə ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon Su idarəsinə məxsus olan 55 kvt-lıq su nasosunun Sədərək rayon Dəmirçi kənd sakini Şəxs tərəfindən oğurlandığı müəyyən olunmuşdur. Araşdırma zamanı Sədərək rayon Dəmirçi kəndi ərazisində Şərur rayon Su idarəsinə məxsus olan faktiki ortada olmayan markası dəqiq bilinməyən bir ədəd yararsız motordan əldə olunmuş 19 kq mis və 100 kq dəmirin metal qırıntı kimi nəzəri hesablama yolu ilə orta bazar qiymətinin müəyyən edilməsi üçün xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 07 fevral 2025-ci il tarixdə alınmış olan məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində, "Ekspertiza təyini haqqında qərarda göstərilən 19 kq mis və 100 kq dəmirin metal qırıntı kimi orta bazar qiyməti nəzəri qaydada təxminən 225 ( iki yüz iyirmi beş) manat olması müəyyən edilmişdir. Sədərək rayon Polis Şöbəsində araşdırılan material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 09 fevral 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilməsi edilmişdir. 27 fevral 2025-ci il tarixli qərardadla Şərur Rayon Su İdarəsinə məxsus 225 (iki yüz iyirmi beş) manat məbləğində 55 kv-lıq su nasosunu oğurlayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MAHHXHQ-su kimi xidmət etdiyindən inzibati xata üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş İnzibati Xəta haqqında işlərə, habelə həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələrdə baxılır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, 225( iki yüz iyirmi beş) manat zərərin ona ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əmələ görə peşiman olduğunu, gələcəkdə bu kimi halların təkrarlanmayacağını, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin onu bağışladığını bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və vurulmuş ziyanla bağlı zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından o, inzibati məsuliyyətdən azad olunmalı və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-50,53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: xx xxxxxx 2000-ci il ildə Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, (Fin № xxxxxxx), evli, orta təhsilli, MAHHXHQ-su kimi xidmət edən, Sədərək rayon Dəmirçi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar