Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-46/2025 02.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri X1, Vəkil: X2, Zərər çəkmiş şəxs: Kursant Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Kursant Şəxs iştirakları ilə xx xxxx 2007-ci il tarixdə Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində qeydiyyatda olan, Naxçıvan Hərbi Kollecinin kursantı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, kursant Şəxs (AA 5781449) Müdafiə Nazirliyinin Naxçıvan Hərbi Kollecinin 1 - ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunda xidmət edərkən 21 fevral 2025-ci il tarixdə saat 18:50-də Naxçıvan Hərbi Kollecinin yataqxana binasının “A” blokunun 4-cü mərtəbəsində şam yeməyi düzülüşü keçirilən zaman tabelik münasibətlərində olmayan, onunla eyni qrupda kursant vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs verdiyi bilək gücləndirici idman alətini qaytarmaması səbəbindən sonuncuya qarşı nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bununla da, kursant Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Naxçıvan Hərbi Kollecinin kursantı Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, kursant Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, kursant Şəxs ifadəsində 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində Hərbi Kollecin yataqxanasının “A” blokunun 4-cü mərtəbəsində 2-ci bölüyün şəxsi heyəti şam yeməyinə düzüldüklərini, sıranın qarşısında kursantlar çavuş Hüseyn Ağalarov və çavuş Eyvaz Şahbazov, arxa sırada isə özü Zərərçəkmiş şəxsla birlikdə dayandığını, yanlarında kursantlar Şahid2 və Şahid1 olduğunu, həmin vaxt əlində olan bilək gücləndirici idman alətini arxada dayananlara göstərib kimin sıxa biləcəyini soruşduğunu, Zərərçəkmiş şəxs sıxa biləcəyini deyib əlində olan bilək gücləndirici aləti alaraq nə qədər etsə də sıxa bilməmdiyini, onun sıxa bilmədiyini görüb aləti verməsini istədiyini, lakin Zərərçəkmiş şəxs kobud şəkildə “vermirəm” dediyini, aləti vermədiyi üçün Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyini, sırada danışdıqları üçün çavuş H.Ağalarov onlara sıranın qarşısında irad bildirdiyini, irad bildirilməsinə görə mübahisəyə son qoyub şəxsi heyətlə birlikdə şam yeməyinə getdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, kursant Zərərçəkmiş şəxs ifadəsində 21 fevral 2025-ci il tarixdə saat 18:50 radələrində yataqxana binasının “A” blokunun 4-cü mərtəbəsində keçirilən şam yeməyi düzülüşü zamanı arxa sırada dayandığını, qarşısındakı sırada dayanmış kursant Şəxs əlində bilək məşq aləti oynatdığını, yanlarında kursantlar Şahid2 və Şahid1 dayandıqlarını, Şəxs idman alətini göstərib kimin sıxa biləcəyini soruşduqda sıxa biləcəyini deyib aləti ondan aldığını, lakin nə qədər etsə də sıxa bilmədiyini, Şəxs idman alətini bərkitməsini düşünüb aləti açıb boşaltmaq istədiyini, Şəxs aləti geri istədikdə boşaldıb verəcəyini deyib qaytarmadığını, idman alətini qaytarmadığı üçün Şəxsla aralarında mübahisə yarandığını, Şəxs ona qarşı nalayiq ifadələr işlətməklə sözlü mübahisələri olduğunu, həmin vaxt sıranın qarşısında kursantlar çavuş Hüseyn Ağalarov və çavuş Eyvaz Şahbazovun dayandığını, H.Ağalarov və E.Şahbazov Şəxsla birlikdə onu sıranın qarşısına çıxarıb mübahisə etdiklərinə və Şəxs ona nalayiq ifadələr işlətməsinə görə irad bildirdiyini, bundan sonra mübahisəyə son qoyduqlarını, onunla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində yataqxana binasının “A” blokunun 4-cü mərtəbəsində şəxsi heyət yeməyə düzüldüyünü, Şahid2, Zərərçəkmiş şəxs və Şəxsla birlikdə sıranın arxasında dayandığını, həmin vaxt Şəxs əlindəki bilək məşq alətini göstərib “bu aləti kim sıxa bilər?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs sıxa biləcəyini deyib aləti ondan aldığını, lakin nə qədər etsə də sıxa bilmədiyini, Şəxs aləti geri istədikdə Zərərçəkmiş şəxs qaytarmadığını, buna görə Şəxsla Zərərçəkmiş şəxs aralarında mübahisə yarandığını, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini, həmin vaxt sıranın qarşısında olan çavuş Hüseyn Ağalarov sırada danışdıqları üçün onları sıranın qarşısına çıxarıb iradını bildirdiyini, bunda sonra onlar mübahisəyə son qoyaraq şam yeməyinə getdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində yataqxana binasının “A” bloku 4-cü mərtəbəsində şəxsi heyət yeməyə düzüldüklərini, kursantlar F.Abdulayev, Zərərçəkmiş şəxs və Şəxsla birlikdə sıranın arxasında dayandığını, sırada Şəxs əlində bilək məşq aləti ilə oynadığını, Zərərçəkmiş şəxs bilək məşq alətini Şəxs alıb sıxmaq istəsə də bacarmadığını, Şəxs aləti ondan istədikdə Zərərçəkmiş şəxs qaytarmadığını, Şəxs geri verməsini dedikdə qaytarmayacağını bildirdiyini, buna görə Şəxsla Zərərçəkmiş şəxs aralarında mübahisə yarandığını, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini, onların sözlü mübahisəsini görən, sıranın qarşısında olan kursant çavuşlar Hüseyn Ağalarov və Eyvaz Şahbazov hər ikisini sıranın qarşısına çıxarıb onlara iradını bildirdiyini, sonra onlar mübahisəyə son qoyaraq şəxsi heyətlə birlikdə şam yeməyinə getdiklərini göstərmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kollecinin rəisinin 26 oktyabr 2024-cü il tarixli, 79 nömrəli əmrindən çıxarışda 1-ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunun kursantı Şəxs və 1-ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunun kursantı Zərərçəkmiş şəxs vəzifələrinin icrasına başladığı, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kompüter və şəbəkə avadanlıqları ixtisası üzrə” təhsil aldıqları göstərilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kollecinin rəisinin 22 fevral 2025-ci il tarixli, 22 nömrəli arayışında Naxçıvan Hərbi Kolleci Xüsusi Təyinatlı Təhsil müəssisəsi olduğundan kollecdə təhsil alan kursantlar, o cümlədən Şəxs ilə Zərərçəkmiş şəxs hərbi qulluqçu hesab olunduqları göstərilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kollecinin rəisinin 28 fevral 2025-ci il tarixli, 23 nömrəli arayışında kursantla- Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlər olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş xidməti xasiyyətnamədə kursant X3 müsbət, kursant Zərərçəkmiş şəxs isə mənfi xarakterizə olunmuşlar. İş materialına əlavə edilmiş kursant Şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 06 mart 2025-ci il tarixli 729 nömrəli arayışda onun sağlam və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Naxçıvan Hərbi Kollecində təhsil alan kursant Şəxs onunla tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş kursant Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu kursant Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, kursant Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, kursant Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 20:50 radələrində tabelik münasibətlərində olmayan kursant Zərərçəkmiş şəxs bilək gücləndirici idman alətini qaytarmaması səbəbindən sonuncuya qarşı nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, kursant Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq kursant Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu haliyədə (7-ci) Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. İnzibati xəta törətmiş şəxs kursant Şəxs 21 fevral 2025-ci il tarixdə hadisəni törədən müddət 18 yaşı tamam olmamışdır. Bu səbəbdən də inzibati xəta törətmiş şəxs kursant Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, kursant Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, kursant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, kursant Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin rəisinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Naxçıvan Hərbi Kollecinin rəisinə həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Naxçıvan Hərbi Kollecin rəisinə göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov