Məhkəmə qərarları › İş №3-1(092)-48/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-48/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-48/2024 08.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı SV Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 2005-ci ildə Ağsu şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Ağsu şəhəri, Babək küçəsi, dalan 2, ev 3-də qeydiyyatda olan, N №-li hərbi hissənin 5-ci taborunun 18-ci bölüyünün 1-ci taqımının 2-ci manqasında atıcı-sanitar vəzifəsində xidmət edən, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, əsgər Şəxs N yanvar 2024-cü il tarixdə, saat 19 radələrində xidmət etdiyi “Bulaq” mövqeyinin odun damında onunla eyni manqada tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 ilə yeşiyə odun yığarkən yeşiyə atdığı odun parçası ehtiyyatsızlığından Zərərçəkmiş şəxs2 sağ baldır nahiyəsinə dəymiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 əlində olan fənəri yandırdıqda Şəxs gözünə düşmüş, bu səbəbdən aralarında mübahisə yaranmış, Şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin, əsgər Şəxs yuxarıda göstərilən vəzifədə xidmət edərkən, 05 mart 2024-cü ildə saat 10:30 radələrində hərbi hissənin şərti olaraq “Bulaq” adlandırılan mövqeyinin müşahidə məntəqəsinə onunla eyni manqada atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 təkəri müşahidənin yanına qoyduqdan sonra müşahidədə olan telefona zəng gəlmiş, Zərərçəkmiş şəxs1 telefona cavab vermək istəyərkən, Şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub, Zərərçəkmiş şəxs1 çiynindən hər iki əli ilə yerə sıxıb hər iki dizinin yerə dəyməsinə səbəb olaraq sonuncuya zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 04 sentyabr 2023-cü il tarixdən N nömrəli hərbi hissənin “Bulaq” döyüş mövqeyində xidmət etdiyini, N yanvar 2024-cü il tarixdə, saat 19:00 radələrində mövqenin odun damında odun parçalarını yeşiyə yığan zaman yeşiyə atdığı odun parçalarından biri əsgər Zərərçəkmiş şəxs2 sağ ayağına dəydiyini, əsgər Zərərçəkmiş şəxs2 əlində olan fənəri yandırdığını və onun gözünə düşdüyünü, bundan sonra ona tərəf gedərək sağ çiyninə əlini qoyaraq odun parçasını nə üçün onun ayağına atdığını soruşduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs2 onun sol çiynindən əli ilə itələdiyini, onun yerə yıxıldığını, Zərərçəkmiş şəxs2 oradan çıxıb getdiyini, onun arxasınca yataqxanaya gedərək olan hadisə ilə bağlı baş leytenant V.Quliyevə məruzə etdiyini dedi. 05 mart 2024-cü il tarixdə saat 10:30 radələrində mövqenin müşahidə məntəqəsində olarkən əsgər Zərərçəkmiş şəxs1 oraya təkər qaldırdığını, o aşpaz olduğundan ona əli xəmirli niyə kişi işinə qarışırsan deyərək zarafat etmiş, o da cavabında ona gedib işi ilə məşğul olmasını demişdir. Zərərçəkmiş şəxs1 müşahidə məntəqəsinə təkəri qoyarkən orada olan daxili telefona zəng gəldiyini, Zərərçəkmiş şəxs1 telefonu götürüb cavab vermək istəyərkən hər iki əlini onun çiyninə qoyub, yerə sıxıb üzərindən tullanaraq telefona cavab verdiyini, çiynindən əli ilə sıxması nəticəsində Zərərçəkmiş şəxs1 yerə çökmüş və hər iki dizi yerə dəymişdir. Telefona cavab verərkən Zərərçəkmiş şəxs1 arxadan əli ilə boynundan tutub onu yerə yıxmışdır. Sonra birbirilərindən aralaşmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərdən üzr istədiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs2 izahatında, xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, N yanvar 2024-cü il tarixdə, saat 19:00 radələrində sobada yandırmaq üçün əsgər yoldaşı Şəxs ilə odun gətirmək üçün getdiyini, odunları aparmaq üçün gətirdikləri yeşiyə odun yığarkən Şəxs atdığı odun parçası onun sağ ayağına dəydiyini, əlində olan fənəri yandırdığını, bu zaman Şəxs ona nalayiq ifadə işlətdiyini, bu səbəbdən Şəxs sağ çiynindən sağ əli ilə itələdiyini, onun yerə yıxıldığını, sonra ordan yeşiyi götürüb yataqxanaya getdiyini, Şəxs bağışladığını. Ondan şikayəti olmadığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs1 izahatında 05 mart 2024-cü il tarixdə saat 10:40 radələrində mövqenin müşahidə məntəqəsinə təkər qaldırdığını, həmin zaman müşahidədə olan əsgər Şəxs aşpaz olduğu üçün ona əli xəmirli niyə kişi işinə qarışırsan deyərək zarafat etdiyini, onun da cavabında Şəxs gedib işi ilə məşğul olmasını dediyini, müşahidə məntəqəsinə təkəri qoyarkən orada olan daxili telefona zəng gəldiyini, telefonu götürüb cavab vermək istəyərkən Şəxs hər iki əlini onun çiyninə qoyub, yerə sıxıb üzərindən tullanaraq telefona cavab verdiyini, çiynindən əli ilə sıxması nəticəsində yerə çökmüş və hər iki dizi yerə dəydiyini, Şəxs telofona cavab verərkən arxadan əli ilə onun boynundan tutub onu yerə yıxdığını, əsgər Şahid2 oraya gəlib onların yerdə olmasını gördüyünü, həmin zaman bir-birilərindən aralaşdıqlarını, Şəxs bağışladığını, Ondan şikayəti olmadığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər əsgər Şahid1 və əsgər Şahid2 izahatlarında göstərilən xüsusatları təsdiq etmişdilər. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt əsgər Şəxs, zərərçəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs1, şahidlər əsgər Şahid1, əsgər Şahid2 izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Əsgər Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən keçirilmiş, alınan 199 nömrəli müayinə aktında Zərərçəkmiş şəxs1 bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, alınan 252 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan “sağ baldırın ön səthinin çapıq toxuması” xəsarətinin əzilmiş yaranın izi olub bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törnməsinin istisna edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda hərbi hissənin əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs2, 213 №-li arayışda isə əsgər Şəxs ilə əsgər Zərərçəkmiş şəxs1 arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgərlər Şəxs mənfi xarakterizə edilmişdir. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin onu bağışlamasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar