Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-48/2025 06.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: MAHHX HQ, baş çavuş Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, bina 5, ev 17-də qeydiyyatda olan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş çavuş Şəxs (FİN: xxxxxxx) N nömrəli hərbi hissənin 1-ci taborunun rabitə taqımının radio manqasının komandiri vəzifəsində xidmət edərkən 14 mart 2025-ci il tarixdə, saat 14:50 radələrində taborun əsgər yataqxanasına gələrək yeməkxanada olan tullantıları atmaqdan ötrü həmin taborun 1-ci bölüyündən bir neçə əsgər götürmək üçün bölük üzrə cavabdehə müraciət edərkən həmin bölüyün 2-ci taqımının 3-cü manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ona digər bölmələrdən də əsgər götürülməli olduğunu dedikdə Şəxs ona qarşı nalayiq ifadələr işlədərək rəis olaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Bununla da, MAHHX HQ, baş çavuş Şəxs öz tabeliyində olan hərbi qulluqçu arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, əsgər Zərərçəkmiş şəxs şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, MAHHX HQ, baş çavuş Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MAHHX HQ baş çavuş Şəxs izahatında 14 mart 2025-ci il tarixdə “Ərəfsə” taborunun yeməkxanasında yeməkxana növbətçisi təyin edildiyini, həmin gün 1-ci bölüyün şəxsi heyətlə iş üzrə müavini kapitan Əmirxan Əsgərovdan yeməkxanada olan tullantıları atmaq üçün 3-4 nəfər əsgər verilməsini xahiş etdiyini, Ə.Əsgərov ona lazım olan vaxtı gedib əsgərləri götürə biləcəyini dediyini, bundan sonra saat 14:50 radələrində yataqxanaya gedib bölük üzrə cavabdeh, çavuş Şahid1 yaxınlaşaraq ona tullantıları atmaq üçün bölükdən 6-8 əsgər verməsini, bu barədə kapitan Ə.Əsgərovdan icazə aldığını dediyini, Şahid1 heç bir problem olmadığını dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs yerindən cavab verərək bütün bölüklərdən köməklik götürlməlidir deməsi onu əsəbləşdirdiyindən əsgər Zərərçəkmiş şəxs uca səslə nalayiq ifadə işlətdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 14 mart 2025-ci il tarixdə, saat 14:50 radədələrində xidmət etdiyi “Ərəfsə” tabor mərkəzində yataqxana binasında olan silah otağından adına təhkim edilmiş silahı təmizləmək üçün təhvil aldığını, həmin gün yeməkxana növbətçisi olan baş çavuş Şəxs onların yanına gələrək cavabdeh çavuş Şahid1 yeməkxananın zibil tullantısını atmaq üçün 1-ci bölükdən 8 əsgərin lazım olduğunu və bu barədə kapitan Əmirxan Əsgərovdan icazə aldığını dediyini, həmin vaxt Şahid1 icazə alıb ona hər bölükdən “2-3 nəfər əsgər getsə yaxşı olar" dedikdə Şəxs ona qarşı nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltdığını, onunla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Şahid1 izahatında xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində yataqxanada olan zaman bölüyün şəxsi heyətinə yataqxanada olan silah otağından silahların götürülüb təmizlənməsi tapşırığını verdiyini, bu zaman yeməkxana növbətçisi baş çavuş Şəxs yataqxanaya daxil olub yeməkxananın tullantılarının atılmasına 1-ci bölükdən 5-6 əsgərin lazim olduğunu dediyini, bundan əlavə onun zarafatla 7-8 nəfər əsgərin də lazım olduğunu dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs digər bölmələrdən də əsgər götürülməlidir dedikdə Şəxs Zərərçəkmiş şəxs “əsgər sən saxla səndən soruşan yoxdur. Mən sənin manqa komandirindən soruşuram” dediyini, əsgər Zərərçəkmiş şəxs “biz nə üçün zibili atmalıyıq?” dedikdə Şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əsgər Şahid2 Şahid1 vermiş olduğu izahatla oxşar məzmunda izahat verərək Şəxs Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini göstərmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrlə Zərərçəkmiş şəxs və E.Q.Seydiov mənfi xarakterizə olunmuşdurlar. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda MAHHX HQ baş çavuş Şəxs həmin hərbi hissənin hərbi həkim komissiyasından keçirilmiş onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda həmin hərbi hissənin N -ci taborunun rabitə taqımının radio manqasının komandiri MAHHX HQ baş çavuş Şəxs əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb edilmədiyi göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N nömrəli hərbi hissənin 1-ci taborunun rabitə taqımının radio manqasının komandiri MAHHX HQ baş çavuş Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş MAHHX HQ, baş çavuş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu MAHHX HQ baş çavuş Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, MAHHX HQ, baş çavuş Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, MAHHX HQ, baş çavuş Şəxs 14 mart 2025-ci il tarixdə, saat 14:50 radələrində taborun əsgər yataqxanasında öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs ona digər bölmələrdən də əsgər götürülməli olduğunu deməsinə görə ona qarşı nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, MAHHX HQ, baş çavuş Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq MAHHX HQ, baş çavuş Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu, haliyədə (7-ci) Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, MAHHX HQ, baş çavuş Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, MAHHX HQ, baş çavuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, MAHHX HQ, baş çavuş Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandirinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. MAHHX HQ, baş çavuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. MAHHX HQ, baş çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar N №-li hərbi hissənin komandirinə göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov