Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-50/2024 08.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı Seyidov Vilayət MirSaleh oğlunun, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxx 2005-ci ildə Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Babək rayonunun Cəhri qəsəbəsi ünvanında qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət etmiş, haliyədə N №-li hərbi hissənin 5-ci tabor 18-ci bölük 1-ci taqım 2-ci manqasında atıcı xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs 05 mart 2024-cü ildə saat 10:30 radələrində hərbi hissənin şərti olaraq “Bulaq” adlandırılan mövqeyinin müşahidə məntəqəsinə təkər qaldırarkən onunla eyni manqada tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs onunla kobud formada zarafat etmiş, Şəxs təkəri müşahidənin yanına qoyduqdan sonra müşahidədə olan telefona zəng gəlmiş, telefona cavab vermək istəyərkən Zərərçəkmiş şəxs Şəxs çiynindən hər iki əli ilə yerə sıxdığını, bunun təsirindən çökmüş və hər iki dizinin yerə dəydiyini, Zərərçəkmiş şəxs üzərindən keçib telefona cavab verərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinə zidd olaraq, arxadan Zərərçəkmiş şəxs boyun nahiyəsindən əli ilə tutaraq yerə yıxıb qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub ona zor tətbiq etmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 05 mart 2024-cü il tarixdə saat 10:40 radələrində mövqenin müşahidə məntəqəsinə təkər qaldırdığını, həmin zaman müşahidədə olan əsgər Zərərçəkmiş şəxs aşpaz olduğu üçün ona əli xəmirli niyə kişi işinə qarışırsan deyərək zarafat etdiyini, o da cavabında Zərərçəkmiş şəxs gedib işi ilə məşğul olmasını dediyini, müşahidə məntəqəsinə təkəri qoyarkən orada olan daxili telefona zəng gəldiyini, telefonu götürüb cavab vermək istəyərkən Zərərçəkmiş şəxs hər iki əlini onun çiyninə qoyub, yerə sıxıb üzərindən tullanaraq telefona cavab verdiyini, çiynindən əli ilə sıxması nəticəsində yerə çökdüyündən hər iki dizi yerə dəydiyini, Zərərçəkmiş şəxs telofona cavab verərkən arxadan əli ilə onun boynundan tutub onu yerə yıxdığını, əsgər Şahid oraya gəlib onların yerdə olmasını görüb onları aralaşdırdığını, sonra hadisə barədə taqım komandirinə məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında 05 mart 2024-cü il tarixdə saat 10:30 radələrində mövqenin müşahidə məntəqəsində olarkən əsgər Şəxs oraya təkər qaldırdığını, o aşpaz olduğundan ona əli xəmirli niyə kişi işinə qarışırsan deyərək zarafat etdiyini, o da cavabında ona gedib işi ilə məşğul olmasını dediyini, Şəxs müşahidə məntəqəsinə təkəri qoyarkən orada olan daxili telefona zəng gəldiyini, Şəxs telefonu götürüb cavab vermək istəyərkən hər iki əlini onun çiyninə qoyub, yerə sıxıb üzərindən tullanaraq telefona cavab verdiyini, çiynindən əli ilə sıxması nəticəsində Şəxs yerə çökmüş və hər iki dizi yerə dəydiyini, telofona cavab verərkən Şəxs arxadan əli ilə boynundan tutub onu yerə yıxdığını, sonra bir-birilərindən aralaşdığını, Şəxs hadisə barədə taqım komandirinə məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid əsgər Şahid izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Onun vermiş olduğu izahatı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs və zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatları ilə eynilik təşkil edir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən S.F.Məmmədlinin bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmətibbi müayinəsindən keçirilmiş, alınan 249 nömrəli müayinə aktında Zərərçəkmiş şəxs bədən səthində xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissədən təqdim edilmiş N №-li arayışda hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs mənfi, Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: İlham İbrahimov