Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-51/2024 29.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1994-cu ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, Ağsu rayonunun, S.Vurğun küçəsi, ev 56-da qeydiyyatda olmaqla, Babək rayonunun Badaşqan kəndində yaşayan, N saylı hərbi hissənin 2-ci taborun, 4cü bölüyünün, 3-cü taqımının komandiri vəzifəsində xidmət edən, N saylı hərbi hissənin zabiti, leytenant Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, leytenant Şəxs 01 fevral 2024-cü il tarixdə, saat 10 radələrində əsgər yataqxanasında tabelik münasibətlərində olan, N №-li hərbi hissənin 2-ci tabor 4-cü bölük 1-ci taqım 2-ci manqasında sürücü-mexanik vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs onun komandasını yerinə yetirməməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində 2024-cü ilin fevral ayının 1-də səhər vaxtı tabor komandiri mayor Tural Qasımovun göstərişi ilə şəxsi heyəti idmana çıxartdığını, idman zamanı saat təqribən 09 radələrində şəxsi heyyətə turnikdə dartınmaları barədə göstəriş verdiyini, həmin vaxt MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs nəyə görəsə sıranın arxasına keçməsini görərək, ona yerinə keçməsini bildirdiyini, onun da ayağının ağrıdığını, turnikdə dartına bilməyəcəyini dedikdə Zərərçəkmiş şəxs “turniki ayağınla etməyəcəksən ki, keç yerinə” dediyini, onun da yerində sakit dayanaraq yerinə keçmədiyini, təkidlə ona yenə yerinə keçməsini dedikdə Zərərçəkmiş şəxs “elə yerimdəyəm” cavabı qaytardıqda onunla orada mübahisə etdiklərini, səhər idmanı bitdikdən sonra saat 10 radələrində zabit otağından çıxarkən MAHHXHQ-su əsgər Cabbarovun yataq yerlərinin yanında dayandığını görərək ona yaxınlaşıb ona məişət otağı tərəfə getmələrini deyərək həmin istiqamətdə “sən bu qədər qudurmusan ki, mənim əmrimi yerinə yetirmirsən, mənə hörmətsizlik edirsən” dediyini, onun da "cənab baş leytenant, mən sizin tabeliyinizdə deyiləm axı” bildirdiyini, Zərərçəkmiş şəxs zabit olduğundan MAHHXHQ-lar, gizirlər, əsgərlər üçün rəis hesab edildiyini bildirdikdə, Zərərçəkmiş şəxs da cavabında “məni sizə kim satdı, onun varyoxunu belə belə edim" dediyini, onun bu sözündən sonra əsəbləşib ona “cəhənnəm ol burdan tərbiyəsiz” deyib oradan dönüb gedəndə formasını düzəldə-düzəldə öz-özünə it küçüyünə bax, gəlib üzr istəməkdənsə söyüş söyür” dediyini, orada olan MAHHXHQ-su əsgər Şahid bunu eşidərək ona “cənab baş leytenant, sözünüz var üzünə deyin, niyə arxasınca danışırsınız?” bildirdiyini, əməlindən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ifadəsində 01 fevral 2024-cü il tarixdə səhər vaxtı bölüyün bütün şəxsi heyətinin idman şəhərciyində idmana çıxdıqlarını, idman zamanı şəxsi heyyətin turnik hərəkətləri etdiklərini, idman zamanı növbənin ona çatmasına az qalmış icazəli həm də yorğun olduğundan cərgənin arxasına keçdiyini, bunu görən baş leytenant Şəxs cərgənin arxasına gəlib “nə üçün cərgənin arxasına keçdin, keç cərgənin qabağına turnikə qalx” dedikdə "həbsdən” təzə çıxdığı üçün qollarının ağrıdığını, buna görə də, turnik edə bilməyəcəyini bildirdiyini, Şəxs isə təkidlə ona turnikə qalxıb çəkinməyini tələb etdikdə, Şəxs bir daha ağrıdığını, qollarının ağrımasından bölük komandirinin də xəbərinin olmasını və turnik edə bilməyəcəyini dediyini, bundan sonra orada onunla aralarında mübahisə yarandığını, sonra G. Abdullayev sağ əli ilə onun kitelinin yaxasından tutub özünə tərəf çəkib “sən kimsən mənim komandamı icra etmirsən, səni yerə yıxıb sürüyərəm” dediyini, idman bitəndən sonra şəxsi heyət yataqxanaya getdiyini, orada olarkən dərsə getməyə hazırlaşan vaxt Şəxs yataqxanaya girib onun yanına gələrək “gəl bu tərəfə, səninlə işim var” dedikdə onunla birlikdə yataqxanadakı məişət otağı tərəfə getdiklərini, orada Şəxs ona “sən kimsən mənim komandamı icra etmirsən” dedikdə onun da “sizi kimsə qızışdırır mənim üstümə gəlirsiniz, mənim heç bir günahım yoxdur, qollarım ağrıdığından turnik edə bilmirəm" deyə cavab verdiyini, həmin vaxt Şəxs çox əsəbi olduğundan MAHHXHQ-su əsgər Şəkər Məmmədli ona “çıx get, görürsən əsəbidir” dediyindən oradan çıxıb gedərkən arxadan MAHHXHQ-su əsgər Şahid baş leytenant Şəxs “niyə onun arxasınca söyüş söyürsən, üzünə de” deməsini eşitdiyini, sonradan Şəxs həmin vaxt ona it küçüyü deməsini bildiyini, onu bağışladığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid ifadəsində göstərilən xüsusatları təsdiq etdi. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdu. N №-li hərbi hissədən təqdim edilmiş arayışda Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Beləliklə leytenant Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, leytenant Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinə əsasən tabelik münasibətlərində olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma - on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən leytenant Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 611-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərararın icrası Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.
4. Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.
5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Səxavət Hüseynov