Məhkəmə qərarları › İş №3-1(092)-52/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-52/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-52/2025 21.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx xxxxxx 2005-ci il tarixdə Biləsuvar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Biləsuvar şəhəri, Səməd Vurğun küçəsi, dalan 3 ev 8-də qeydiyyatda olan, N nömrəli hərbi hissənin reaktiv artilleriya batareyasının 2-ci artilleriya taqımının 2-ci manqasının baş tuşlayıcısı vəzifəsində xidmət edən əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (FİN xxxxxxx) Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin reaktiv artilleriya batareyasının 2-ci artilleriya taqımının 2-ci manqasının baş tuşlayıcı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən, 24 aprel 2025-ci il tarixdə, səhər saat 08:20 radələrində qarovul evinin ümumi otağında yemək yeməsinə görə onunla eyni batareyada xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ona irad tutmuş, buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs qarovul evinin sanitar qovşağında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulmuş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə və bədəninə yumruq zərbələri vurub ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan “burun belinin sıyrığı, sağ çənəaltı nahiyənin yumşaq toxumlarının əziyi, sol çiyin nahiyəsinin ön səthinin qançırı” xəsarətini yetirib zor tətbiq etməklə və onun ünvanına nalayiq söz deyib şərəf və ləyaqətini alçaltmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Bununla da, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, əsgər Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında 24 aprel 2025-ci il tarixdə saat 08 radələrində qarovul xidmətini digər əsgərə təhvil verib qarovul evinə gəldiyini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş çavuş Şahid1 icazəsi ilə qarovul evinin ümumi otağında oturub yemək yediyini, otaqda başqa heç kim olmadığını, bir az sonra içəri əsgər Zərərçəkmiş şəxs gəlib çay süzərkən ona “sənə kim icazə verib burda yemək yeyirsən” dediyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs ona “deyim, get, hansı evdə yeməyini ye” dediyini, onun sözünə qarşılıq olaraq “gedib kimin evində yeyəcəyimi sənə deyəcəyəm” dediyini, bundan sonra stəkanı götürüb sanitar qovşaq otağına getdiyini, orada su çənindən əyilib su götürən vaxt əsgər Zərərçəkmiş şəxs yumruqla onun çənə nahiyəsindən bir dəfə vurduğunu, buna görə ayağa qalxıb onun sinəsindən arxaya doğru itələdiyini, əsgər Zərərçəkmiş şəxs yenidən onun sifət nahiyəsindən 3-4 yumruq zərbəsi vurub ona “indi gördün adamın anasını necə belə-belə edirlər?!” dediyini, onun həmin sözünə əsəbiləşib Zərərçəkmiş şəxs yaxasından tutub sıxaraq dartdığını, əsgər Zərərçəkmiş şəxs isə yumruqla onun sağ göz nahiyəsindən bir zərbə vurduğunu, zərbənin təsirindən onun sağ qaşüstü nahiyəsi qanadığını, qaşüstü nahiyəsinin qanadığını görüb əsgər Zərərçəkmiş şəxs boğazını sağ qolunun arasına salıb sıxdığını, sanitar qovşaqda olan səs-küyə MAHHXHQ baş çavuş Şahid1 gəldiyini, onları aralayıb baş vermiş hadisə ilə bağlı qarovul rəisi, baş leytenant Şahid2 məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs izahatında 23 aprel 2025-ci il tarixdə reaktiv artilleriya batareyasının şəxsi heyəti hərbi hissədə sutkalıq qarovul xidmətinə təyin olunduğunu, özü və əsgər Şəxs da həmin heyətdə olduğunu, 24 aprel 2025-ci il tarixdə saat 08 radələrində əsgər Şəxs növbəni təhvil verib qarovul evinə gəldiyini, qarovul evinin ümumi otağında stulda oturub yemək yediyini, Şəxs otaqda yemək yeməsi üçün kimdən icazə aldığını soruşduğunu, buna görə aralarında mübahisə yarandığını, mübahisə zamanı əsgər Şəxs onun kitelinin yaxasından tutub “mən bilirəm kimin evində yemək yeyəcəyəm” dediyini, əsgər Şəxs əlini çəkməsini desə də, o, ayağa qalxıb yenidən onun yaxasından tutub “mən adamın anasını belə-belə edərəm” dediyini, mübahisə etmələrini kimsə eşitməsin deyə əvvəlcə sanitar qovşağa getdiklərini, orada əsgər Şəxs onun yumruqla burnundan və çənəsindən vurduğunu, sonra da ona “gördün da adamın anasını belə-belə edirlər” dediyini, bundan sonra Şəxs çənə nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, əsgər Şəxs kiminsə gəldiyini və ona çölə çıxmağını dediyini, sonra əsgər Şəxs onun qolundan tutub “gəl istirahət otağına” dediyini, istirahət otağına getdikdən sonra Şəxs yumruqla onun sağ böyür nahiyəsindən bir zərbə vurduğunu, zərbənin təsirindən arxaya doğru gedib çarpayıya dəydiyini, sonra sağ qolunu onun boğazına salıb tutub sıxdığını, Şəxs bu hərəkətlərinə əsəbiləşib sağ əli ilə onun sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Şəxs qaşüstü nahiyəsi xəsarət alaraq qanadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş MAHHXHQ baş çavuş Şahid1 izahatında 24 aprel 2025-ci ildə qarovul xidmətinə, qarovul rəisinin köməkçisi naryadına təyin edildiyini, həmin gün saat 08:20 radələrində səs-küy eşidib qarovul evinə girdiyini, içəri girən zaman əsgərlər Zərərçəkmiş şəxs ilə Şəxs üz-üzə durub mübahisə etdiyini, Şəxs sağ qaşüstü nahiyəsinin qanadığını gördüyünü, bu barədə qarovul rəisi, baş leytenant Şahid2 oğluna məruzə etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid2 oğlu izahatında 24 aprel 2025-ci ildə saat 08:20 radələrində MAHHXHQ baş çavuş Şahid1 əsgərlər Zərərçəkmiş şəxs ilə Şəxs ona təqdim edib onların dalaşdıqlarını, Zərərçəkmiş şəxs yumruqla Şəxs sağ qaşüstü nahiyəsindən vurub xəsarət yetirdiyini dediyini, bundan sonra onlardan hadisəni soruşub bu barədə dərhal yuxarı komandirlərə məruzə etdiyini göstərmişdir. İş materialına əlavə edilmiş arayışda N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə əsgər Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs reaktiv artilleriya batareyasının 2-ci reaktiv artilleriya taqımının 2-ci manqasının baş tuşlayıcı vəzifəsində, əsgər Zərərçəkmiş şəxs həmin batareyanın 1-ci taqımının 2-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edirlər. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Zərərçəkmiş şəxs və Şəxs mənfi xarakterizə edildiyi göstərilmişdir. İş materialına əlavə edilmiş əsgər Şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 196 nömrəli ekspert müayinə aktında onun bədən səthində gözətarfı nahiyənin qançırla müşayiət olunan sağ qaş nahiyəsinin əzilmiş yarası, çənəaltı nahiyənin yumşaq toxumalarının əziyi, sol çiyin nahiyəsinin ön səthinin sıyrığı xəsarətinin olduğu, xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, xx.xx.2025-ci il tarixli 197 nömrəli ekspert müayinə aktında onun bədənində burun belinin sıyrığı, sağ çənəaltı nahiyənin yumşaq toxumlarının əziyi, sol çiyin nahiyəsinin ön səthinin qançırı xəsarətinin olduğu, xəsarətin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X3 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10, (7)-ci Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarının adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.

4. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına həvalə edilsin.

5. Əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar