Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-56/2025 04.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Polkovnik-leytenant Şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, il ərzində inzibati xəta törətməmiş, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində xidmət etmiş, hazırda N nömrəli hərbi hissədə xidmət edən polkovnik-leytenant Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs (MN № 0055074) Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 02 fevral 2025-ci il tarixdə saat 01:00 radələrində aralarında baş vermiş ailə daxili mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs saçından tutub yatağa tullamış, sonuncu ayağa qalxdıqda təkrar saçından tutub yatağa tullamaqla ona “sol bazusunda 2 ədəd və sağ bazusunda 1 ədəd qançırlar, sağ bazusunda sıyrıq, üst dodağında qançır, sağ qulaq sırğalığında sıyrıq, bel nahiyəsinin sol yarısında 2 ədəd qançır” diaqnozlu, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirib onu zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə döymüşdür. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polkovnik-leytenant Şəxs ifadəsində, 02 fevral 2025-ci il tarixdə saat 01 radələrində birgə yaşadıqları evin zalında uzandığı vaxt Zərərçəkmiş şəxs onun yanına gəlib yenə də kimləsə yazışdığını və “Whatsapp” sosial şəbəkəsində aktiv olduğu vaxtları gördüyünü dediyini, Zərərçəkmiş şəxs yanından getməsini bildirdikdə yanından getsə belə öz-özünə deyinməyə davam etdiyini, bu zaman onun əsəbiləşib yataq otağına gedib sonuncudan telefonunu ona verməsini istədiyini, lakin verməyəcəyini dedikdə, sonuncudan təkrar-təkrar telefonu istəsə də, sonuncunun verməyəcəyini bildirdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs yataq otağından qızıllarını götürdükdə ona “ailən dağılır, sən amma qızıllarını götürürsən” dediyini, bu zaman Zərərçəkmiş şəxs onun yaxasından tutub sinəsindən iki üç dəfə yavaş yumruqla vurduğunu, həmin vaxt heç bir fiziki ağrı hiss etmədiyini və heç bir xəsarət almadığını, sonuncunun bu hərəkətindən acıqlandığı üçün saçından tutub yatağa tulladığını, Zərərçəkmiş şəxs ona qarşılıq vermək istədikdə təkrar onun saçından tutub yatağa tulladığını, həmin vaxt qızı Şahid onun qabağına keçib “anama dəymə” dediyini göstərmişdir. Məhkəmə iclasına zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs gəlməmiş, teleqramla müraciət edərək Bakı şəhərində yaşadığını, istintaq orqanına vermiş olduğu izahatını təsdiq etdiyini, onun həmin ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edildi. O, izahatında 02 fevral 2025-ci il tarixdə saat 01 radələrində yaşadıqları evin yataq otağında uzandığı vaxt “Whatsapp” adlanan sosial şəbəkəsində Şəxs aktiv olduğunu gördüyünü, sonuncu zalda olduğu üçün zala keçib ona “bura evdir, mən sənə o gün dedim ki, kimləsə yazışmaq olmaz” dediyini, sonuncunun isə ona “rədd ol, otaqdan çıx” dedikdə otaqdan çıxıb yataq otağına getdiyini, otaqda uzandığı vaxt Şəxs yanına gəlib telefonunu istəyib ona “sən məni izliyirsən? telefonu mənə ver, sən bu gündən telefon işlətmiyəcəksən” dediyini, mübahisə zamanı öz otağına gedib sənədlərini və özünə aid olan qızılları götürmək istədikdə Şəxs ona yaxınlaşıb “burda sənin ailən dağılır, sən ama qızıl hayındasan” dediyini, o, isə əsəbi olduğundan sağ əli ilə Şəxs yaxasından tutub "bəsdir” deyib sinəsindən iki üç dəfə yumruqla vurduğunu, həmin vaxt Şəxs onun saçından tutub yatağa tulladığını, ayağa qalxmaq istədikdə sonuncunun yenidən onun saçından tutub yatağa tulladığını, həmin vaxt qollarının və belinin kravatın küncünə dəydiyi üçün möhkəm ağrıdığını, bu zaman qızı Şahid Şəxs qarşısına keçib “anama dəymə” dediyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən azyaşlı Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun istintaq orqanına vermiş olduğu izahatı, atası Şəxs və anası Zərərçəkmiş şəxs izahatlarına oxşar olduğundan elan olunaraq tədqiq edildi. O, izahatında 02 fevral 2025-ci il tarixdə saat 01 radələrində Naxçıvan şəhərində yerləşən yaşadıqları evdə yatmağa hazırlaşdığı vaxt atası və anasının yatdığı otaqdan səs gəldiyini, otaqdan çıxıb o biri otağa getdiyini, otaqda atası Şəxs ayaqüstə durduğunu, anası Zərərçəkmiş şəxs isə yerdə uzandığını, Şəxs Zərərçəkmiş şəxs telefonu verməsini istədiyini, sonuncu verməyəcəyini dediyini, Şəxs təkrar desə də Zərərçəkmiş şəxs telefonu vermədiyini, həmin vaxt Şəxs onu otağına apardığını, mübahisə zamanı anası Zərərçəkmiş şəxs öz otağına keçib karton sənədlər saxladıqları qabı və sonra otaqdakı şkafdan qızılları götürdüyünü, atası da “ay bədbəxt sənin burda evin dağılır, sən qızıl götürürsən” dediyini, həmin vaxt anasının bir əli ilə atasının yaxasından tutub özünə tərəf möhkəm çəkdiyini və atasının sinəsindən iki üç dəfə möhkəm yumruqla vurduğunu, daha sonra atasının anasının saçından tutub yatağa tulladığını, anasının ayağa durduğunu, lakin atasının yenədə anasının saçından tutub yatağa tulladığını, həmin vaxt atasının qabağına keçib “anama əl vurma” dediyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 06 fevral 2025-ci il tarixli 86 nömrəli rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan “sol bazusunda 2 ədəd və sağ bazusunda 1 ədəd qançırlar, sağ bazusunda sıyrıq, üst dodağında qançır, sağ qulaq sırğalığında sıyrıq, bel nahiyəsinin sol yarısında 2 ədəd qançır” xəsarətlərinin bərk küt əşyanın təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02 fevral 2025-ci il tarixdə döyülmə nəticəsində əmələ gəlmələrinin mümkün olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə polkovnik-leytenant Şəxs mənfi xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədən görünür ki, polkovnik-leytenant Şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, polkovnik-leytenant Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs polkovnik-leytenant Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq polkovnik-leytenant Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, polkovnik-leytenant Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, polkovnik-leytenant Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.8-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.8-ci maddəsinin tələbinə əsasən inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin.
3. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov