Məhkəmə qərarları › İş №3-1(092)-6/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-6/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-6/2025 23.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı X2, Müdafiəçi: X1, Zərərçəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Əsgər Şəxs iştirakları ilə 26 dekabr 2004-cü il tarixdə Siyəzən rayonu, Daş Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Siyəzən rayonu, Daş Quşçu kəndində qeydiyyatda duran, N nömrəli hərbi hissənin 2-ci taborunun, 4-cü bölüyünün, 1-ci taqımının, 1-ci manqasında snayper vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 23 yanvar 2025-ci il tarixli, 3-3-250/2-002374/2025 nömrəli məktubu ilə əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 yanvar 2025-ci il tarixli, 5 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan məlum olur ki, əsgər Şəxs (hərbi bilet SX № 0773340) N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci taqımının 1-ci manqasında snayper vəzifəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində xidmət etdiyi şərti olaraq “71-ci post” adlanan mövqenin yataqxanasında aralarında tabelik münasibətləri olmayan, onunla eyni manqada pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncunun ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış və mübahisəni YSM anbarının yanında davam etdirərək Zərərçəkmiş şəxs sinəsindən itələmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında xx.xx.2024-cü ildə ikinci növbəyə təyin olunduğunu, həmin gün saat 12:10 radələrində istirahət vaxtında işləri bitirib çay içdiyini, əsgər Şahid2 “mən istirahət növbəyəm, sən mən durana kimi sənədləri yaz duranda sonra mən davam edərəm” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs kənardan müdaxilə edərək ona “sənin nə işinə qalıb, özü bilər, qanqaraçılıq yaratma” dediyini, Zərərçəkmiş şəxs bu sözlərinə qarşılıq olaraq “sən yuyulmamış çömçə kimi özünü ortaya atma” dediyini, bundan sonra Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, sonuncunun ona nalayiq ifadə işlətməsi xoşuna gəlmədiyindən özü də Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətdiyini, bundan sonra yataqxanadan çıxaraq YSM anbarının yanına gedərək mübahisələrini orada davam etdirən zaman Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini görüb onu itələdiyini və ona “mənim tərxis olunmağıma az qalıb məni zibilə salma” dediyini, Zərərçəkmiş şəxs itələyən zaman onların arxasında gələn əsgər Şahid2 və Şahid1 onları aralaşdırmaq isəyəndə Zərərçəkmiş şəxs sol əli YSM anbarının qapısına dəyib sıyrıldığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında xx.xx.2024-cü il tarixdə üçüncü növbəyə təyin olunduğunu, həmin gün saat 12:10 radələrində əsgər Şəxs istirahətə gedərkən əsgər Şahid2 “mən yatmağa gedirəm, mən duranacan sənədləri çatdır” dediyini, Şahid2 həmin vaxt ona “sən mənə göstəriş verən şəxs deyilsən” dediyini, sonra isə o da Şəxs “sən özünə problem axtarırsan” dediyini, Şəxs isə ona “sən yuyulmamış çömçə kimi özünü ortaya atma” dediyini, bundan sonra bir-birilərinə qarşılıqlı nalayiq ifadələr işlətdiklərini, onun təklifi ilə çölə çıxaraq YSM anbarının yanına gedərək orada mübahisələrini davam etdirdiklərini, Şəxs üzərinə doğru gedəndə sonuncu onu itələdiyini, onların arxasınca oraya gəlmiş əsgər Şahid2lə, Şahid1 onları ayıran zaman əli YSM anbarının qapısına dəyərək cızıldığını, Şəxslə barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş əsgər Şahid1 və əsgər Şahid2 məhkəmə iclasına gəlməmiş və onların təhqiqat orqanına vermiş olduğu izahatları məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Onların izahatı ilə də əsgər Şəxs törətmiş olduğu əməli tam sübuta yetir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və şahidlərin elan olunmuş izahatları ilə yanaşı, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından aydın olur ki, məhkəmə-tibbi ekspertin xx.xx.2025-ci il tarixli 2 nömrəli müayinə aktında Zərərçəkmiş şəxs almış olduğu sol əlin İ barmağının səthi cırılmış yaraları xəsarətinin tinli bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. İş materiallarından aydın olur ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs tabelik münasibəti yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş əsgər Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əsgər Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarının tədqiqi nəticəsində belə müəyyən olunur ki, əsgər Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində xidmət etdiyi şərti olaraq “71-ci post” adlanan mövqenin yataqxanasında aralarında tabelik münasibətləri olmayan, onunla eyni manqada pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətməklə onun şərəf və ləyaqətini alçaltmış və mübahisəni YSM anbarının yanında davam etdirərək Zərərçəkmiş şəxs sinəsindən itələməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin müddəalarına müvafiq olaraq iş materiallarından və ibtidai istintaq zamanı tərəflərin vermiş olduğu izahatlarından məlum olur ki, əsgər Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin müddəalarına uyğun olaraq əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən qeyd olunan Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Belə ki, bu səbəbdən də inzibati xəta törətmiş şəxs əsgər Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalandırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əsgər Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, əsgər Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.

2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin.

3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar