Məhkəmə qərarları › İş №3-1(092)-60/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-60/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-60/2025 19.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Tibb xidməti baş leytenantı Şəxs Məqamət oğlunun iştirakları ilə xx xxxx 1998-ci ildə İsmayıllı şəhərində doğulmuş, subay, orta təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, İsmayıllı şəhəri, Ç.Bağırov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan, N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edən, tibb xidməti baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Naxçıvan Hərbi Prokurorluğunun 19 iyun 2025-ci il tarixli, 3-3-250/2-023018/2025 nömrəli məktubu ilə tibb xidməti baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 iyun 2025-ci il tarixli, 49 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 19 iyun 2025-ci il tarixli, 49 №-li inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edən, tibb xidməti baş leytenantı Şəxs ( FİN xxxxxxx) N may 2025-ci il tarixdə, saat 08:00da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan 30 may 2025-ci il saat 17:30-dək xidmət yerinə gəlməmiş, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmamışdır. Faktla bağlı N nömrəli hərbi hissə tərəfindən araşdırma aparılaraq, tibb xidməti baş leytenantı Şəxs qeyd edilən əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində müvafiq qərar qəbul edilməsi üçün toplanmış material Naxçıvan Hərbi Prokurorluğuna göndərilmişdir. Tibb xidməti baş leytenantı Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 19 iyun 2025-ci il tarixdə Naxçıvan Hərbi prokuroru, ədliyyə polkovnikleytenantı Aqil Axundov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tibb xidməti baş leytenantı Şəxs izahatında N may 2025-ci ildə səhər saat 08 radələrində xidmət yerinə gəlmədiyini, həmin vaxtdan 4 gün sonra 30 may 2025-ci il tarixdə saat 17:30-da xidmət yerinə gəldiyini, mənəvi-psixoloji ruh halının aşağı düşdüyü, fiziki yorğun olması səbəbindən xidmət yerinə gəlmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor Şahid izahatında N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Şəxs əvvəlki tarixlərdə dəfələrlə xidmət yerinə vaxtında gəlmədiyini, N may 2025-ci ildə saat 08:00-da xidmət yerinə gəlməyib 30 may 2025-ci ildə saat 17:30-da gəldiyini, Şəxs ilə dəfələrə söhbət etdiyini, ona hərbi xidmətdən tərxis olunmaq üçün xidmət yerinə gəlmədiyini bildirdiyini göstərmişdir. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamədə Şəxs mənfi xarakterizə olunmuşdur. İş materialına əlavə edilmiş N nömrəli hərbi hissənin N nömrəli əmrdən çıxarışlarına əsasən tibb xidməti baş leytenantı Şəxs N may 2025-ci il saat 08:00-dan 30 may 2025-ci il saat 17:30-dək xidməti yerində olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçular üçün həftədə 41 saatdan çox olmayan xidmət vaxtı müəyyən edilmişdir. İnzibati materialdan aydın olur ki, 2025-ci ilin təqvimində may ayının 28-i “Müstəqillik günü” olmaqla qeyri-iş günü olduğundan Şəxs üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməməsi 4 (dörd) iş günü müddətində olmuşdur. İş materialına əlavə edilmiş sənədlərdən, müvafiq aktlardan görünür ki, tibb xidməti baş leytenantı Şəxs N nömrəli hərbi hissədə xidmət edərkən N may 2025-ci il tarixdə, saat 08:00-dan 30 may 2025-ci il tarixdə saat 17:30-dək xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən olunmamışdır. İş materialına əlavə edilmiş müvafiq sənədlərdən görünür ki, Şəxs N may 2025-ci il tarixdə, saat 08:00-dan 30 may 2025-ci il tarixdə saat 17:30-dək xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlmədiyindən onun barəsində xidməti araşdırma aparıldığını lakin maddi və intizam məsuliyyətinə o, cümlədən əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, tibb xidməti baş leytenantı Şəxs N nömrəli hərbi hissədə xidmət edərkən N may 2025-ci il tarixdə, saat 08:00-dan 30 may 2025-ci il tarixdə saat 17:30-dək xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında gəlməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olmadığından nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tibb xidməti baş leytenantı Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə- iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən tibb xidməti baş leytenantı Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən tibb xidməti baş leytenantı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən tibb xidməti baş leytenantı Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10, (7)-ci Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların Bakı şəhəri, Sumqayıt şəhəri və Gəncə şəhəri ərazisində yerləşən hauptvaxtların adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, tibb xidməti baş leytenantı Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Tibb xidməti baş leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın icrası tibb xidməti baş leytenantı Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtına həvalə edilsin.

4. Tibb xidməti baş leytenantı Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis Bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar