Məhkəmə qərarları › İş №3-1(092)-64/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №3-1(092)-64/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-64/2024 23.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: MNF katibliyi, Prokuror: Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İsmayil oğlunun, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 23 avqust 2005-ci ildə Kəngərli rayonunun Çalxanqala kəndində doğulmuş, subay, tam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, həmin ünvanda qeydiyyatda olan, N №-li hərbi hissənin 4-cü taborunun, 12-ci bölüyünün, 3-cü taqım,1-ci manqasının əsgəri, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş işin materialını öyrənilərkən məlum olmuşdur ki, əsgər Şəxs N nömrəli hərbi hissənin 4- cü taborunun 12-cü bölüyünün 3-cü taqım 1-ci manqasında, Babək rayonunun Gərməçataq kəndi istiqamətində yerləşən şərti adı “Qaraquzey” olan mövqedə heyət nəfəri-atıcı vəzifəsində xidmət edərkən 02 may 2024-cü il tarixdə saat 21:30 radələrində onunla eyni bölükdə xidmət edən aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs siqareti yandırıb sonra alışqanı ona düzgün vermədiyinə görə aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub sonuncunun ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra onun boğazından tutub sıxmış, sonra əsgər Zərərçəkmiş şəxs səngərə dəvət edərək orada yaxasından, yapışaraq itələyib yerə yıxıb zor tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 02 may 2024-cü il tarixdə saat 21:30 radələrində siqaret çəkmək üçün yataqxananın yanına getdiyini, orada siqaret çəkən əsgər Zərərçəkmiş şəxs alışqanı istədikdə onun da alışqanı ona tulladığını, alışqanı tulladığına görə ona nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs həmin nalayiq sözü ona cavab olaraq deməsi səbəbindən aralarında mübahisə yarandığını, mübahisə zamanı əsgər Zərərçəkmiş şəxs boğazından tutub sıxdığını, Zərərçəkmiş şəxs da onun boğazından tutub sıxdıqdan sonra aralaşdıqlarını, bundan sonra Zərərçəkmiş şəxs səngərə dəvət edib orada onunla mübahisə edərək onun yaxasından yapışdığını, Zərərçəkmiş şəxs da onun yaxasından yapışdığına görə bir-birlərini itələyərək arxaya gedib hər ikisinin yerə yıxıldığını, lakin xəsarət almadıqlarını, Q.Əzizovdan üzr istədiyini, törətdiyi əməldən peşman olduğunu, Q.Əzizovun da onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş əsgər Zərərçəkmiş şəxs izahatında 02 may 2024-cü il tarixdə saat 21:30 radələrində siqaret çəkmək üçün yataqxananın yanında durarkən əsgər Şəxs də oraya gələrək siqaretini yandırmaq üçün ondan alışqanı istədikdə onun da alışqanı ona tulladığını, alışqanı tulladığına görə Şəxs ona nalayiq ifadə işlətdiyini, ona cavab olaraq həmin nalayiq sözü deməsi səbəbdən aralarında mübahisə yarandığını, bundan sonra Şəxs onun boğazından yapışıb sıxdığını, onun da qarşılıqlı Şəxs boğazından tutub sıxdıqdan sonra aralaşdıqlarını, Şəxs onu səngərə dəvət edib orada yenidən mübahisə edərək qarşılıqlı bir birlərinin yaxasından tutaraq bir- birilərini itələdiklərini və yerə yıxıldıqlarını, həmin vaxt boğazında göyərtilər yarandığını, Şəxs ondan üzür istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış MAHHXHQ-su əsgər Şahid izahatlarında göstərilən xüsusatları təsdiq etdi. N nömrəli hərbi hissədən sorğu verilərək alınmış arayışda hərbi hissənin əsgərləri Şəxs Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə əsgərlər Şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsində keçirilmiş, xx.xx.2024-cü il tarixli 303 nömrəli ekspert müayinə aktında onun bədən səthində sol gicgah və boyunun sağ yan səthində sıyrıqları xəsarətinin olduğu, bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, şəxsin tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Bu fakt, əsgər Şəxs, əsgər Zərərçəkmiş şəxs, MAHHXHQ əsgər Şahid izahatları və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər əsgər Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslin onu bağışlamasını, müsbət xarakterizə olunmasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törətdilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq əsgər Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının aşağı həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 (on iki) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərararın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.

3. Qərarın icrası Naxçıvan Qarnizonu Hərbi Polis şöbəsinə həvalə edilsin.

4. Əsgər Şəxs Naxçıvan Qarnizonu Hərbi Polisinin Hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar