Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-65/2025 03.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi, ədliyyə baş leytenantı X3, Vəkil: X2, Zərər çəkmiş şəxs: Əsgər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Əsgər Şəxs iştirakları ilə xx.xx.2005-ci ildə Saatlı rayonunun Qıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, 1 il ərzində inzibati xəta törətməmiş, Saatlı rayonunun Qıraqlı kəndində qeydiyyatda olan, N №-li hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əsgər Şəxs (SX № 0828554) 01 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində yataqxanada tabelik münasibətlərində olmayan, həmin bölüyün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-istehkamçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmış, sonra saat 17:45 radələrində mübahisəni davam etdirərək zibilxananın yaxınlığında Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən yumruq zərbəsi vurmaqla ona zor tətbiq etmişdir. Bununla da, əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs izahatında, 01 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində yataqxanada istirahət vaxtı oturub əsgər Zərərçəkmiş şəxslə birgə televizora baxdığını, televizora baxdıqları zaman kanalı dəyişib başqa kanala keçirdiyini, əsgər Zərərçəkmiş şəxs kanalı dəyişməməsini bildirdiyini, bir-iki dəfə kanalı dəyişməməsini bildirsə də, buna diqqət vermədiyini, daha sonra isə həmin kanala geri qaytarmaq istəyən zaman əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlədib həmin kanala geri qayıt dediyini, cavabında nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs ayağa qalxıb onun olduğu tərəfə gələrək sol sifət nahiyəsindən şillə ilə bir zərbə vurduğunu, daha sonra Zərərçəkmiş şəxs yataqxanadan çölə çıxdığını, onun arxasınca gedərək təpədən aşağı ərazidə söhbət etmək üçün çağırdığını, ikisidə bir yerdə təpədən aşağı zibilxananın yanına getdiyini, zibilxananın yanında təxminən saat 17:45 radələrində onun nəyə görə vurmasını soruşub sağ sifət nahiyəsindən gözündən sol əli ilə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt onları görən olmadığını, 03 iyun 2025-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs sağ göz altı nahiyəsinin göyərməsi bilindiyini, tabor növbətçisi baş leytenant Şahid bunu görüb yuxarı komandanlığa məruzə etdiyini, onunla barışdığını göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs izahatında 01 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində istirahət vaxtı olduğundan yataqxanada oturub televizora baxdığını, həmin vaxtı yataqxanada əsgər Şəxs də oturub televizora baxdığını, televizora baxarkən əsgər Şəxs kanalı dəyişdiyini, Şəxs kanalı dəyişməməsini və əvvəlki kanala qaytarmasını dediyini, 2-3 dəfə desə də sonuncu eşitmədiyini, sonra Şəxs kanalı dəyiş deyərək onun ünvanına nalayiq ifadə işlətdiyini, Şəxs də qarşılığında nalayiq ifadə işlətdiyini, ayağa durub Şəxs yaxınlaşaraq onun sifətindən sağ əli ilə bir şillə zərbəsi vurduğunu, yataqxanadan çıxdıqda sonuncu arxasınca gələrək təpədən aşağıda olan zibilxanada besetkanın yanında söhbət etmək istədiyini bildirdiyini, saat 17:45 radələrində zibilxanada olarkən Şəxs vurmağına görə sonuncu sağ göz nahiyəsindən yumruq zərbəsi ilə onu vurduğunu, sonra Şəxs oranı tərk edib getdiyini, əl üzünü yuyub yuxarıya qalxdığını, həmin vaxtı gözündə heç bir xəsarət izi olmadığını, bundan sonra göz nahiyəsində xəsarət izinin bilinməməsi üçün maz vurduğunu, növbəti günlərdə sağ gözünün alt nahiyəsi göyərməyə başladığını, 03 iyul 2025-ci il tarixdə saat 19:30 radələrində yeməkxanada baş leytenant Şahid göz altı nahiyəsinin göyərdiyini görüb bu barədə yuxarı komandanlığa məruzə etdiyini, onunla barışdığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid izahatında xx.xx.2025-ci il tarixdə, saat 19:35 radələrində tabor üzrə cavabdeh olduğu zaman yeməyin keçirilməsi vaxtı stollara baxarkən əsgər Zərərçəkmiş şəxs sağ gözünün göyərdiyini gördüyünü və bu barədə yuxarı komandanlığa məruzə etdiyini göstərmişdir. İş materialına əlavə edilmiş məhkəmə-tibbi müayinəsinin 291 nömrəli müayinə aktında göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu “sağ gözətrafı nahiyənin qançırı” xəsarəti bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə-tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışda Şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. İş materialına əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamələrdə Şəxs mənfi, Zərərçəkmiş şəxs isə müsbət xarakterizə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, N №-li hərbi hissədə xidmət edən əsgər Şəxs onunla tabelik münasibətlərində olmayan N №-li hərbi hissədə xidmət edən əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əsgər Şəxs inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi üçün - on gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, zərər çəkmiş şəxslə barışmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 30.1-ci maddəsində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən əsgər Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş İnzibati Xətalar Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. X4 Məcəlləsinin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Elgün Əliyevin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610- 618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarının adlarının göstərilməsi məqsədəuyğun hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası əsgər Şəxs hauptvaxta təhvil verildiyi andan hesablansın.
3. İnzibati həbs müddəti əsgər Şəxs hərbi xidmət müddətinə daxil edilməsin.
4. Qərarın icrası Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına həvalə edilsin.
5. Əsgər Şəxs Bakı şəhəri 1-ci Hərbi Polis bölməsinin hauptvaxtına təhvil verilməsi, onun hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandirinə həvalə edilsin.
6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov