Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-66/2025 03.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun köməkçisi X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxx 2006-cı ildə Bərdə rayonunun Ərəblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (SX № *******) subay, tam orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, N nömrəli hərbi hissədə xidmət edən, N nömrəli hərbi hissənin əsgər yataqxanasında yaşayan əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında Qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, edən əsgər Şəxs (SX № *******) 01 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində yataqxanada tabelik münasibətlərində olmayan, həmin bölüyün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs televizor kanalını dəyişməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək onun şərəf və ləyaqətini alçaltmış, həmçinin onun sol sifət nahiyəsindən şillə zərbəsi vurmaqla ona zor tətbiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında 01 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində istirahət vaxtı olduğundan yataqxanada oturub televizora baxdığını, həmin vaxtı yataqxanada olan əsgər Zərərçəkmiş şəxs də orada oturub televizora baxdığını, televizora baxarkən əsgər Zərərçəkmiş şəxs kanalı dəyişdiyini, Zərərçəkmiş şəxs kanalı dəyişməməsini və əvvəlki kanala qaytarmasını xahiş etdiyini, 2-3 dəfə desə də eşitmədiyini, daha sonra acıqla ona kanalı hara istəyirsən dəyiş deyib ona qarşı nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs də ona qarşı nalayiq ifadə işlətdiyini, əsəbi halda ayağa durub Zərərçəkmiş şəxs yaxınlaşaraq onun sifətindən sağ əli ilə bir şillə zərbəsi vurub yataqxanadan çıxdıqda sonuncu arxasınca gələrək besetkanın yanında onunla söhbət etmək istədiyini bildirdiyini, saat təqribən 17:45 radələrində zibilxanada olarkən Zərərçəkmiş şəxs də onun sağ göz nahiyəsindən yumruq zərbəsi vuraraq oranı tərk edib getdiyini, əl üzünü yuyub yuxarıya qalxdığını, həmin vaxtı gözündə heç bir xəsarət izi olmadığını, bundan sonra göz nahiyəsinə xəsarət izinin bilinməməsi üçün maz vurduğunu növbəti günlərdə sağ gözünün alt nahiyəsində göyərməyə olduğunu, 03 iyun 2025-ci il tarixdə saat 19:30 radələrində yeməkxanada yemək yeyərkən baş leytenant Şahid göz altı nahiyəsinin göyərdiyini görüb bu barədə yuxarı komandanlığa məruzə etdiyini, törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini, Zərərçəkmiş şəxs də onu bağışladığını göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs izahatında qeyd etmişdir ki, 01 iyun 2025-ci il tarixdə, saat 17:30 radələrində yataqxanada istirahət vaxtı oturub əsgər Şəxslə birgə televizora baxdıqları zaman kanalı dəyişib başqa kanala keçdiyini, əsgər Şəxs kanalı dəyişməməsini bildirdiyini, bir-iki dəfə kanalı dəyişməməsini bildirsə də, buna diqqət verməmiş, daha sonra isə həmin kanalı geri qaytarmaq istəyən zaman əsgər Şəxs nalayiq ifadə işlədib həmin kanala geri qayıt dediyini, cavabında ona nalayiq ifadə işlətdiyini, Şəxs ayağa qalxıb onun olduğu tərəfə gələrək sol sifət nahiyəsindən şillə zərbəsi vurduğunu, daha sonra Şəxs yataqxanadan çölə çıxdığını, onun arxasınca gedərək təpədən aşağı ərazidə söhbət etmək üçün çağırdığını, ikisidə bir yerdə təpədən aşağı zibilxananın yanına getdiklərini, zibilxananın yanında təxminən saat 17:45 radələrində onun nəyə görə vurmasını soruşub onun sağ sifət nahiyəsindən gözündən sol əli ilə bir yumruq zərbəsi vurduğunu, həmin vaxtı söhbətdən heç kimin xəbərinin olmadığını, 03 iyun 2025-ci il tarixdə əsgər Şəxs sağ göz altı nahiyəsi göyərməsi bilindiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əsgər Şəxs, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs, şahid baş leytenant Şahid izahatları, ekspert rəyi və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur Məhkəmə iclasında iştirak edən Şahid da izahatında göstərilən xüsusatları təsdiq etdi. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş arayışda Zərərçəkmiş şəxs ilə Şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamələrdə Zərərçəkmiş şəxs mənfi, Şəxs isə müsbət xarakterizə edilmişdir. Əsgər Zərərçəkmiş şəxs barəsində olan 344 nömrəli müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov