Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-68/2025 08.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızıının katibliyi, Prokuror: Naxçıvan Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X2, Vəkil: X1, Zərərçəkmiş şəxs: Leytenant Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Gizir Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Şərur rayonunun Qabıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Kəngərli rayonunun, Qabıllı kəndində daimi qeydiyyatda olan, il ərzində inzibati xəta törətməmiş, N nömrəli hərbi hissənin 4-cü mexanikləşdirilmiş taborunun minaatan batareyasının baş çavuşu, gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında işin materiallarından görünür ki, gizir Şəxs (SQ № 0020482) Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin 4-cü mexanikləşdirilmiş taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, 13 may 2025-ci il tarixdə yeməkxana növbətçisi naryadına təyin edilmişdir. Həmin gün, saat 21:00 radələrində işlərini bitirib taborun yataqxanasında istirahət etməyə gələrkən əsgərlərə axşam gəzintisinə getmək üçün taborun yataqxanasının önündə düzülməsi barədə göstərmiş vermiş, həmin vaxt onunla eyni taborda xidmət edən və ona rəis hesab olunan, tabor üzrə cavabdehin köməkçisi, leytenant Zərərçəkmiş şəxs gizir Şəxs əsgərlərə niyə belə komanda verdiyini soruşmuş, gizir Şəxs taborun yataqxana binasının qarşısında hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirən leytenant Zərərçəkmiş şəxs “sən hələ uşaqsan, mənim xidmətim sənin yaşından çoxdur, buraların qaydasını bilmirsən, get işinlə məşğul ol” deyərək sağ əli ilə onun sinəsindən geriyə itələyib nalayiq hərəkətlər etməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Beləliklə, gizir Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan gizir Şəxs, zərərçəkmiş şəxsin, şahidlərin izahatları və materiala əlavə edilmiş zəruri sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan gizir Şəxs izahatında 13 may 2025-ci il tarixdə yeməkxana növbətçisi olduğunu, saat 21:30 radələrində işlərini bitirib yeməkxananı bağlayıb istirahət etmək üçün yataqxanaya gedərkən, axşam gəzintisinin vaxtı olduğunu gördüyünü, leytenant Zərərçəkmiş şəxs əsgərlərin niyə aşağı düşüb gəzintini keçirmədiyini soruşduğunu, leytenant Zərərçəkmiş şəxs isə ona yağış yağdığına görə hərbi hissə üzrə cavabdehin icazəsindən sonra axşam gəzintisi keçirəcəyini dediyini, bundan sonra leytenant Zərərçəkmiş şəxs “sən bilmirsən get işinlə məşğul ol” deyərək sağ əli ilə onu sinəsindən geriyə doğru itələdiyini, etdiyi nalayiq hərəkəti hərbi hissə komandirinin müavini, mayor Şahid1 həmin hadisəni gördüyünü göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş leytenant Zərərçəkmiş şəxs izahatında 13 may 2025-ci il tarixdə tabor cavabdehinin köməkçisi təyin olunduğunu, həmin gün saat 21:00 radələrində yağış yağdığına görə şəxsi heyəti axşam gəzintisinə aparmaq üçün hərbi hissə növbətçisinə zəng etdiyini, hərbi hissə növbətçisi, mayor Şahid2 ona hərbi hissə üzrə cavabdehlə dəqiqləşdirib bildirəcəyini dediyini, bu zaman əsgərlərin ondan xəbərsiz yataqxananı tərk etdiklərini görüb müdaxilə edərək əsgərlərdən niyə xəbərsiz aşağı getmələrinin səbəbini soruşduğunu, əsgərlər də cavabında baş çavuş gizir Şəxs komandasını yerinə yetirdiklərini dediyini, sonra taborun yataqxana binasının qarşısına gedib gizir Şəxs yanına çağırıb ona demədən niyə komanda verdiyinin səbəbini soruşduğunu, gizir Şəxs isə ona cavabında “mən nə etdiyimi yaxşı bilirəm sən hələ dünən gəlibsən, mənim xidmətim sənin yaşından çoxdur, hələ sən uşaqsan” dediyini, yenidən ona niyə icazəsiz komanda verməsini soruşduqda gizir Şəxs sağ əli ilə onu sinəsindən geriyə itələyərək “səni vurmayım get işinlə məşğul ol” dediyini, gizir Şəxs hərəkəti nəticəsində ona hər hansı fiziki ağrı yetirilmədiyini, onun şəxsi heyətin önündə etdiyi hərəkətə görə özünü təhqir olunmuş hesab etdiyini, həmin vaxt hərbi hissə komandirinin müavini, mayor Şahid1 ona qarşı edilən nalayiq hərəkətləri görüb dərhal müdaxilə edərək qərargaha gedib hərbi hissə növbətçisinə məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor Şahid1 izahatında 13 may 2025-ci il tarixdə axşam saatlarında azyaşlı övladı ilə hərbi hissənin ərazisində gəzərkən əsgər yataqxanasının qarşısında qışqırıq səsləri eşitdiyini, səs-küy gələn yerə getdikdə gizir Şəxs qışqıraraq kiminləsə mübahisə etdiyini gördüyünü, gizir Şəxs hansısa əsgərlə mübahisə etdiyini zənn edib yaxınlaşaraq irad bildirmək istədikdə onun taqım komandiri leytenant Zərərçəkmiş şəxslə mübahisə etdiyini və onun sinəsindən itələdiyini gördüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mayor Şahid2 izahatında 13 may 2025-ci il tarixdə tabor üzrə cavabdeh, leytenant Zərərçəkmiş şəxs isə ona köməkçi təyin olunduğunu, həmin gün saat 21:30 radələrində leytenant Zərərçəkmiş şəxs ona zəng edərək havanın yağışlı olmasına görə axşam gəzintisinin olub-olmaması barədə soruşduğunu, ona hərbi hissə üzrə cavabdehlə dəqiqləşdirib deyəcəyini bildirdiyini, bir neçə dəqiqədən sonra hərbi hissə komandirinin müavini, mayor Şahid1 telefon vasitəsilə ona zəng edərək gizir Şəxs leytenant Zərərçəkmiş şəxslə mübahisə etdiyini göstərmişdir. N №-li hərbi hissədən təqdim edilmiş arayışlarda hərbi hissənin giziri Şəxs ilə leytenant Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunan xidməti xasiyyətnamələrdə gizir Şəxs və leytenant Zərərçəkmiş şəxs müsbət xarakterizə olunduğu qeyd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gizir Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə gizir Şəxs inzibati tənbeh təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hərbi hissə komandiri tərəfindən müsbət xarakterizə edilməsini, etdiyi əməldən peşman olmasını iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında on gündən iyirmi günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən isə inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 10-cu, haliyədə (7-ci) Hərbi Polis bölməsinin rəisinin 23 noyabr 2024-cü il tarixli 488 №-li məktubunda hauptvaxtın fəaliyyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə əsasən inzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, hauptvaxta qəbulu, saxlanması, mühafizəsi və həbsdən azad edilməsi tələblərinə uyğun olmadığından hauptvaxtın fəaliyyətinin dayandırıldığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, gizir Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, gizir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilərək, ona nəzərən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməməli, o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, gizir Şəxs törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması üçün iş üzrə toplanmış materiallar xidmət etdiyi N №-li hərbi hissənin komandirinə göndərilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Gizir Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh tətbiq edilməsin, onun intizam qaydasında cəzalandırılması xidmət etdiyi N №-li hərbi hissə komandirinə həvalə edilsin.
3. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar N №-li hərbi hissə komandirinə göndərilsin.
4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim İlham İbrahimov