Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3-1(092)-73/2025 22.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, N saylı hərbi hissənin nümayəndəsi: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 2006-cı ildə Babək rayon Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (SX № *******) subay, ümumi orta təhsilli, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olmaqla, N nömrəli hərbi hissədə xidmət edən, N nömrəli hərbi hissənin əsgər yataqxanasında yaşayan əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair N saylı hərbi hissədən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N saylı hərbi hissənin əsgəri Şəxs bölüyün tank əleyhinə şəxsi heyyəti ideoloji sinifdə dərs keçən zaman intizamsızlıq edərək MAHHXHQ-su Zərərçəkmiş şəxs onun yanına gedərək bölük komandirinin yanına aparmaq istəyərkən onunla məzələnərək onun sağ qolundan bir dəfə vuraraq cırmaqlamış və sinəsindən geriyə doğru itələyərək tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, əsgər Şəxs izahatında 01 iyul 2025-ci il tarixdə saat 11:00 radələrində bölüyün ideoloji sinifində dərs keçən zaman nəyəsə güldüyünü, buna görə manqa komandirinin ona irad tutduğunu, təkrar intizamsizlıq etdiyinə görə yenidən ona irad tutub ayaq üstə saxladığını, yenidən təkrar intizamsızlıq etdiyini, bu zaman bölüyün sanitarı MAHHXHQ-su Zərərçəkmiş şəxs ona yaxınlaşaraq iradını bildirdikdə özündən asılı olmayaraq ona əsəbləşdiyini, əlini əlinə çırparaq ona “get məni zibilə salma” dediyini, həmin vaxt MAHHXHQ-su Zərərçəkmiş şəxs onun qolundan tutmaq istədikdə onun qolundan kənara itələdiyini, MAHHXHQ-su Zərərçəkmiş şəxs onun qolundan təkrarən tutmaq istədikdə dırnağı ilə onun qolunu cızaraq onu kənara itələdiyini, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ-su Zərərçəkmiş şəxs da izahatında göstərilən xüsusatları təsdiq edərək, onu bağışladığını göstərdi. Məhkəmə iclasında iştirak etməyən, ifadələri tətbiq edilərək elan edilmiş şahidlər Şahid3, Şahid2 və Şahid1 da izahatlarında göstərilən xüsusatları təsdiq etmişdilər. Beləliklə, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs əsgər MAHHXHQ-su Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2, Şahid1 izahatları, məhkəmə tibb ekspert rəyləri və materiala əlavə edilən digər sənədlərlə təsdiq olunur. Materiala əlavə edilən arayışda N nömrəli hərbi hissənin əsgəri Şəxs ilə əsgər MAHHXHQ-su Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Materiala əlavə edilən xidməti vərəqədən görünür ki, N nömrəli hərbi hissənin əsgəri Şəxs dəfələrlə xidməti komandirləri tərəfindən “Töhmət” və “Şiddətli töhmət” almışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Şəxs N nömrəli hərbi hissənin 3-cü tank əleyhinə bölüyün əsgər vəzifəsində xidmət edir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə əsgər Şəxs mənfi xarakterizə edildiyi göstərilmişdir. Əsgər MAHHXHQ-su Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilmiş, alınmış ekspert müayinə aktında onun bədən səthində xx.xx.2025-ci il tarixdə törənməyə xarakterik hər hansı bir xəsarət və ya xəsarət izinin aşkar olunmadığı göstərilmişdir. Bununla da, əsgər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edilməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçatması və ya ona zor tətbiq etməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əsgər Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxsin onu bağışlamasını iş üzrə yüngülləşdirici hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda saxlanılır. Həmçinin həmin məcəllənin 156.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun inzibati həbs müddəti hərbi xidmət müddətinə daxil edilmir. Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2023-cü il tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən hərbi hissə komandiri (müəssisə rəisi) inzibati həbs olunmuş hərbi qulluqçunun dərhal hauptvaxta göndərilməsini təmin etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ərazi üzrə-İdarənin tabeliyində olan 10-cu Hərbi Polis bölməsində mövcud olan qarnizon hauptvaxtının bina və otaqlarının quruluşu, habelə təminat və təchizatı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin və Azərbaycan Respublikası müdafiə nazirinin 23 fevral 2023-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati qaydada həbs edilmiş hərbi qulluqçuların hauptvaxta göndərilməsi, qəbulu, saxlanılması, mühafizəsi və həbsdən azad edilməsi Qaydaları”nın tələblərinə uyğun olmadığından fəaliyyəti dayandırılmışdır. Tələblərə cavab verən yeni hauptvaxtın tikintisi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - Baş direktora müraciət edilmişdir. 10-cu Hərbi Polis bölməsində yeni hauptvaxt binası tikilib istifadəyə verilənə qədər, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiklərinə görə Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi tərəfindən barələrində inzibati həbs tətbiq edilmiş hərbi qulluqçuların, müvafiq məhkəmə qərarlarında saxlanılma yeri konkret olaraq göstərilməklə, Hərbi Polis İdarəsinin tabeliyində fəaliyyət göstərən 1-ci (Bakı şəhəri), 2-ci (Sumqayıt şəhəri, Hacı Zeynallabain qəsəbəsi) və 3-cü (Gəncə şəhəri) hərbi polis bölmələrinin hauptvaxtlarına göndərilməsi məqsədə uyğundur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, əsgər Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilməlidir. Həmçinin əsgər Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi isə onun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla əsgər Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
2. Qərarın icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin tabeliyində olan 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına həvalə edilsin. 3.İnzibati həbsin əvvəli əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına qəbul edildiyi andan hesablansın.
4. Əsgər Şəxs Hərbi Polis İdarəsinin 1-ci (Bakı şəhəri) hərbi polis bölməsinin hauptvaxtına təhvil verilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə həvalə edilsin.
5. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Səxavət Hüseynov